Mir Şahin Fədayə Laçının bağışlanmasını istədi -Elşad BARAT yazdı

“Siyasi məhbuslara xəyanəti bağışladıq, Fədaəyə Laçına da bəlkə sədaqətini bağışlayaq”,-bu sözləri Mir Şahin Ağayev deyib. O, Real TV-nin efirindən F. Laçının həbsdən azad olunmasını təklif edib.

 
Düşünürəm ki, Mir Şahinin bu təklifi onun Azərbaycan qadınına, Azərbaycan musiqisinə olan hörmətindən irəli gəlir. Eyni zamanda, Mir Şahin bu dəfə də eşqin yanında yer aldı. O, özünü sevgisinə qurban verməyə hazır olan bir adamın, F. Laçının bağışlanmasını istədi.
Keçən dəfə Mir Şahin haqqında yazdığım yazıya, həm də haqlı yazıya görə bəzi adamlar burun əyib göz büzdülər. Söyüşün biri yarım qəpiyə idi. Hətta, bir yekəbaşı görüşə çağırdım, məni blok elədi.
 
O yazını oxumayanlar üçün deyim, bilsinlər ki, Mir Şahinin ailəsini, nəslini söyənləri tənqid etmişdim. İzah etməyə çalışmışdım ki, ay adamlar, ailəsi və nəsli olan adam bilmədiyi, əmin olmadığı məsələyə görə, özünə birbaşa bağlı olmayan hadisəyə görə hansısa adamın ailəsinə, nəslinə dil uzatmaz.
 
O adamlar, yəni Mir Şahini söyən, haqsız yerə deyinən adamlar indi açıb qulaqlarını baxsınlar ki, ətrafda nə baş verir? Heç birimizin gücümüz, cəsarətimiz, ağlımız çatmayan bir təklifi kim verib?
 
Burada Mir Şahini müdafiə etmək fikrim yoxdur. Amma həqiqəti demək borcumuzdur. Əgər Mir Şahini müdafiə kimi görünürsə, deməli haqq onun tərəfindədir.
 
Qeyd edim ki, deputat Çingiz Qənizadə də F. Laçının bağışlanmasının tərəfdarıdır.
Elşad Barat
Share: