Milyonlarla insanı özünə inandırmağı bacaran həyasız jurnalist

Kulis.az Orxan Adıgözəlin “Media manipulyasiyası” adlı yazısını təqdim edir.

“Ace in the Hole” (Biləyin yuxarısındakı tuz) filmi insanın ən əsas instinktinlərindən biri olan hökmranlıq instinkti barədədir. Bizi üç vacib instinkt idarə edir: seksuallıq, özünüqoruma və hökmranlıq. Bunlardan yararlanaraq, insanların iradəsini özümüzə tabe etdirib, onları manipulyasiya edə bilərik. Həmçinin bu instinktlərdən dürüst şəkildə faydalanıb, yüksək hədəflərə doğru gedən yolda stimul ilə hərəkət etmə şansımız da var.

“Tell The Truth” “Doğrunu söylə” sitatı Nyu-Meksiko ştatındakı Albuker şəhərində yerləşən sadə mətbu orqanın divarına yapışdırılıb. Chuck Tatum içki aludəçiliyinə görə qovulduğu Nyu-Yorkdakı mətbuat orqanından Nyu-Meksikoya gələndə səfil gündə idi. O, yeni işə düzəlməyə müraciət etdiyi həmin orqandakı divara vurulmuş bu sitata gələn gündən rişxəndlə yanaşır. Çak acıqlı, ambisiyalı jurnalistdir. Harizmatik kişidir, həmçinin eqosentrimizi aşkar şəkildə hiss edilən səviyyədədir. Albukerdəki işinə düzələnə kimi, o, 11 redaksiyada işləyib. Heç biri ilə də dostyana ayrılmayıb. Əlbəttə, bütün bunlar onun şəxsi davranışları ilə bağlı olub.

Burada bir müddət işlədikdən sonra Çak bir məkanda zəhərli ilanlar barədə reportaj hazırlamaqla bağlı tapşırıq alır. Yolda, o, başqa hadisədən xəbər tutur. Sən demə Tatumun keçdiyi yolun kənarındakı mağarada xoşagəlməz hadisə baş verib. Kiçik sahibkar Leo Minoşa hindilərin (qızıl dərililərin) mağarasında arxeoloji abidə axtararkən içəridə uçqun olur və bunun nəticəsində daşlar və taxtalar onun üzərinə aşır. Leonun əl-qolu salamat olsa da, ayaqları üzərindəki daş-qalaqdan müstəqil şəkildə xilas olma iqtidarında olmur. Ətraf daşlarla əhatəli olduğu üçün də onu həmin vəziyyətdən xilas eləmək peşəkarlara həvalə edilməlidir.

Bu olay həyasız Çak üçün əsl göydəndüşmə olur. O, diribaşlığı hesabına Leo ilə birbaşa kontakta girən ilk şəxs olur. Leonu da inandırır ki, onun tezliklə buradan xilas olmasını təmin edəcək. Çak təkcə Leonu yox, tez bir vaxtda milyonlarla insanı özünə inandırmağı bacarır. Dahi manipulyator Deyl Karnegi Çakın bu əməlini görsəydi, onu ibliscəsinə alqışlayar və bu təsiretmə mexanizmini təqdir edərdi.

1951-ci ildə kinorejissor Billy Wilder tərəfindən çəkilən “Ace in the Hole” bədii filmi dram və nuar janrındadır. (Film nuar(noir)), detektiv qəhrəmanları, toxum parametrləri, kölgəli işıqlandırma və ölümcül bir ton ilə xarakterizə olunan 1940-50-ci illərdən bəri Amerika film quruluşu üslubudur) Wilder, eyni zamanda, bu filmin ssenaristi və prodüseri də olmuşdur.

Billy Wilder, həqiqətən də, çox həssas və önəmli məsələni işıqlandırıb. O, Amerikadakı media sisteminin qaranlıq tərəflərinin üzərinə işıq salmaqla yanaşı, oradakı ləyaqətsiz adamları ifşa edir. Bu sistemin ifşasıdır. O, sistem ki, yeri gələndə peşəkarlığa və vicdana tüpürə, şəxsi ambisiyaları, maddi və ulduz olma maraqları naminə həqiqəti bizə tamamilə başqa cür göstərə bilər. Hökmranlıq, hakimiyyət qurmaq instinktlərinin güdazına gedən bu adamlar – jurnalistlər, siyasətçilər və marketoloqlar – bu gün də ən fəal şəkildə dünya əhalisinin instinktlərindən istifadə edib, milyonları özlərinə inandıra bilirlər. Bu total kontrol rəqəmsal şəkildə öz yalan dolu “həqiqətlərini” daha çox adama çatdıra bilir. Daxilən azad olanlar, təfəkkür sahibləri həmin yalanları yaxşı görür, sezir və həmin saxta məlumatları öz fikir qapısından içəri buraxmır.

Wilderə belə unikal, ifşaedici, istehza dolu film çəkdiyi üçün min rəhmət düşür. Dahi rejissor elə bil gələcəyi aydın görürdü. Bu gün internet əsrində nəinki bloggerlər və trollar, həmçinin dünyanın etalon sayılan, nəhəng media orqanları da bir çox hallarda elə ağ yalanlar istehsal edirlər ki, adam onların əvəzinə xəcalət çəkir.

Məşhur Nyu-York Tayms qəzeti o vaxt “Ace in the Hole” filmi barədə belə kiçik bir resezniya təqdim etmişdi:

“Emalatxana filmidir. Hekayə isə uydurulmuş və absurddur”.

Nə isə, qayıdaq filmə. Niyyət çox önəmli hissdir. O, adamı maqnit kimi istədiyi, arzuladığı yerlərə çəkə bilmə iqtidarındadır. Çak Tatum əvvəldən sensasiya axtarışında, parıltılı niyyətlər girdabında idi. Nəticədə istədiyinə çatdı da.

Elçin Əzimlinin “Dan ulduzu” romanında belə bir sitat var: “Niyyət əməlin başlanğıcıdır və onun keyfiyyətini müəyyən edər. Niyyətimiz nə olsa, gedəcəyimiz mənzil də o istiqamətdə olacaq.

Tatumun necə bir mənzilə doğru irəlilədiyini görmək üçün filmi izləmək lazımdır.

Onun filmboyu ara-sıra qabaran vicdan qığılcımlarının necə təsir oyatdığını gördükcə izləyicinin bu bədbəxt, nəfsinin köləsi olmuş jurnalistə yazığı da gələ bilər. Ümumiyyətlə hadisələr inkişaf elədikcə, Çarlinin daxilində aramsız mübarizə baş qaldırır. Bu hal zamanla əsrarəngiz bir qarşıdurma səviyyəsinə gəlir. Hər dəfə mağarada daşlar altında sızlayan Leo, ona “dostum” deyə müraciət edəndə, “sənə inanıram” deyəndə, Leonun zavallı atası oğlunun “xilaskarına” kədərli nəzərlərlə, ümidli sözlərlə xitab edəndə, Tatumun içindəki qarşıdurma daha mürəkkəb məcraya keçid edir. Vicdan onun içini deşir, amansız jurnalistə əzab verir, ancaq ambisiyanın və nəfsin sərhədsiz enerjisi Çakı öz ağuşuna alıb, məşhurluğun və gücün daha üstün olduğunu bildirir.

Bütün bu iblissayağı fikirlər bir anda formalaşbayıb. İllərin qalaq-qalaq yığdığı daşlardan ağır yük sayılan təsdiqlənə bilməmə, diqqət görməmə boşluğu Tatumu əsl canavara çevirir. İndi əlinə belə bir fürsət düşmüşkən, o, acığını çıxmağa qərar verir. Həm acıq çıxır, həm də məşhurluğun, hökmranlığın illuziyasının şirin nektarını sourduqca, daha da dirçəldiyini hiss edir. Mənəvi dəyərləri ona xatırladanları isə tələsik həmin kəsi rədd edir ki, yenidən içində növbəti qarşıdurma yaranmasın.

Belə, ümumiyyətlə, film mənəvi nələrisə soxuşdurma təsiri güdmür. Orada insan təbiətinin işıqlı və qaranlıq tərəfləri göstərilsə də, heç kimin üzünə bədii və mədəni pərdə altında mənəviyyat mesajları çilənmir. Biopolyarlıq və insan ruhunun ziddiyyətləri də realistik üslubda nümayiş olunur. Film düşünməyə vasitəçi olur. O, məsləhət, nəsihət vermir. Düşünüb nəticə çıxartmaqda müstəqilik.

“Pis xəbərlər daha yaxşı satılır” deyən baş rol ifaçısı Çak Tatumu isə əfsanəvi aktyor Kirk Douglas canlandırıb. Douglas öz rolunu möhtəşəm canlandırıb, desək, ümid edirəm məni mübaliğə etməkdə suçlamazlar.

Satirik, rişxənd pulemyotları atan bu filmə baxacaq hər kəsə xoş seyrlər diləyirəm!

Share: