Çinin çin çıxmayan siyasəti

Qan Turalı yazır…

Üç il bundan əvvəl “koronavirus”, “COVID-19” sözlərinin lüğətimizə girdiyi günlər idi. Hər kəs nə olduğunu anlamağa çalışırdı, bu sahədə tədqiqatlar aparılır, virusun gücü, yayılma şərtləri və arealı eləcə də pandemiyanın gələcəyi ilə bağlı biliklər əldə edilməyə cəhd edilirdi. 

Konspiralogiya tərəfdarları üçün bu tədqiqatların elə də bir əhəmiyyəti yox idi. Bir hissəsi virusun “Amerikanın işi” olduğunu deyir, digər hissəsi isə “dünya əhalisinin azalması” məqsədi ilə virusun ortaya atıldığından dəm vururdu. Çip taxılacağını deyənlər də az deyildilər. 

Ancaq bu günlərdə rəsmi mənbələrdən yayılan bir xəbər deyəsən, virusun dünya əhalisinin azaltmaq üçün yayıldığını iddia edənlərin gözündən yayınıb. Belə ki, Çin əhalisi keçən ilə görə 850 min nəfər azalaraq 1 milyard 411 milyon 80 min nəfər olub. Ötən 60 il ərzində Çində ilk dəfə əhalinin sayının azalması qeydə alınır. 

İqtisadi baxımdan demoqrafik azalma Çin üçün əcəl zəngləri çalmaqdadır. Ancaq bir çox iqtisadçılar bu məqamı istisna edərək Çinin iqtisadi böyüməsində demoqrafik faktorun çox da həlledici olmayacağını düşünürlər. 

Məsələ həm də bundadır ki, doğumların azalması heç də keçən ilə xas olan bir görsəniş deyil. 10 ildir ki, Çində doğumlar azalırdı. Əhalinin sayının azalması isə ancaq keçən ilə müqayisədə bu il qeydə alındı. 

Çində pensiya yaşı kişilər üçün 60, dövlət məmuru qadınlar üçün 55, göyyaxalıqlı (fiziki işdə çalışanlar) qadınlar üçün isə 50-dir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində bu rəqəm 64-dür. Hökumətin pensiya kapitalını qorumaq və hamıya çatdırmaq üçün pensiya yaşının artıra biləcəyini də düşünmək olar. 

Əlbəttə ki, məlum konspiraloqların dediyinin əksinə olaraq əhali azalması pandemiyanın nəticəsi deyil. Əsas səbəb heç şübhəsiz ki, Çin hökumətinin 1980-ci ildən tətbiq etdiyi “Bir ailə, bir uşaq” siyasətidir. Doğrudur, hökumət 2015-ci ildə bu siyasətdən vaz keçərək iki uşaq siyasətini dəstəkləməyə başladı. Ancaq 30 ildən artıq davam edən demoqrafik siyasətin yekunları bugünkü əhali azalması ilə müşahidə edilir. 

Ancaq Çində hələ də pandemiyanın davam etdiyi də bir gerçəkdir. Son iki ayda dünya mediasında bu barədə çoxlu xəbər, analiz, təhlillər çap edilir. Dekabrın son günlərində pandemiyadan hər gün 5000 adamın öldüyü barədə məlumatlar verilirdi. Çində COVID-19 izolyasiyaları hələ də aradan qaldırılmayıb. Bu təcrid siyasətinin ölkə iqtisadiyyatına mənfi təsiri günü-gündən çətinləşir. Hökumət artıq xalqı bu vəziyyətdə saxlaya bilmir. Keçən ay Çində pandemiya əleyhinə aksiyalar qeydə alındı. Məlum səbəblərdən “sakit” ölkə olan Çində bu cür aksiyalar 30 ildən çoxdur ki, keçirilmirdi.

Problemin səbəbi isə hökumətinin vaksin millətçiliyində israr etməsidir.  Belə ki, pandemiyanın ilk zamanlarında Çin 7 növ vaksin kəşf etməyə nail olmuşdu. Sürətli istehsal nəticəsində bu vaksinlər bir çox ölkəyə ixrac da edilmişdi. Ancaq virusun “Delta” və “Omikron” variantları qarşısında bu vaksinlər olduqca zəif görünür. Belə ki, Çin əhalisinin 90 faizindən çoxu vaksinasiya olunsa də yoluxma rəqəmləri olduqca yüksəkdir. Bu fakt da Çinin istehsal etdiyi vaksinlərin virusun yeni variantlarının öhdəsindən gələ bilmədiyini göstərir. 

Çin vaksinlərinin mRNA vaksinlərinə (Pfizer Biontek, Moderna) görə daha az təsirə malik olduğu ortaya çıxdıqdan sonra Çinin vaksin ixracı da əhəmiyyətli dərəcədə (97 faiz) azalmışdı. 

Bütün bu elmi nəticələrə baxmayaraq Çin hökuməti mRNA vaksinlərinin Çində tətbiq edilməsinə icazə vermir. Məntiqsiz görünən bu hərəkətin kommunist partiya liderləri tərəfindən bir məntiqi var. Belə ki, onlar bu vaksinlərdən  istifadənin Çinin texnoloji və elmi inkişafına zərbə vuracağını güman edirlər. Daha sadə desək, “öz vaksinimizə nə gəlib ki?” mövqeyində dayanırlar. 

Almaniya baş nazirinin Çin səfərində onu müşayiət edənərdən biri Biontekin rəhbəri Uğur Şahin idi. Ancaq  səfər effektli olmadı. Çin hökuməti ancaq ölkəsindəki alman vətəndaşlarının “Pfizer-Biontek” vaksinindən istifadəsinə icazə verdi. Sərt vaksin siyasətinin ölkəyə vurduğu ziyan isə ildə 270 milyard dollardır. 

Dünya pandemiya mərhələsini geridə qoysa belə Çin hələ də mübarizəsini davam etdirir. Hazırda 2 milyondan çox COVID xəstəsi olan Çində xəstəxanalarda dözülməz dərəcədə sıxlıq qeydə alınır. Ekspertlər Çində 2 milyondan çox insanın xəstəlikdən ölə biləcəyini güman edirlər.

Çində hər il təxminən 9-10 milyon insan vəfat edir. Pandemik ölümlər bu statistika daxilində mühüm bir yer tutmasalar belə Çinin pandemiya ilə mübarizədə zəif düşdüyü və bu mübarizənin hələ bir müddət davam edəcəyi göz qarşısındadır. 

Share: