Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu — Nəticələr

Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, A, B və C Liqalarında keçirilən 9 oyunla final və pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub.

A Liqasının 2-ci qrupunda Portuqaliya və İspaniya 1-ci yer, İsveçrə ilə Çexiya isə aşağı diviziona düşməmək uğrunda mübarizə aparıb. Bu duellərdə Portuqaliya və İsveçrəni heç-heçə də qane edirdi. İspaniya və Çexiya isə mütləq qələbə qazanmalıydı. Maraqlıdır ki, yekunda məhz bu iki komanda qalib gəlməklə istəyinə nail olub.

B Liqasının 1-ci qrupunda Ukrayna millisi Polşada Şotlandiyanı qəbul edib. Nominal meydan sahibləri A Liqasına və pley-offa adlamaq üçün rəqibini məğlub etməliydi. Lakin bu görüşdə qapılara qol vurulmayıb. Qrupun digər matçında İrlandiya yığması Ermənistanı məğlub yola salıb. Nəticədə qrup sonuncusu olan ermənilər C Liqasına düşüblər.

İsrailin liderliyi təmin etdiyi 2-ci qrupda bir görüş baş tutub. İslandiya səfərdə Albaniyanın qonağı olub. Bu oyunda albanlar minimal hesabla qalib gəliblər.

4-cü qrupda Norveç yığması evdə Serbiya ilə qarşılaşıb. Hər iki kollektiv 10 xala malik olsa da, Skandinaviya təmsilçisi şəxsi oyunlarda üstünlüyü malik olduğundan ilk pillədə qərarlaşmışdı. Odur ki, serbiyalılara səfərdə mütləq qələbə lazım idi. Yekunda sevinən tərəf məhz Serbiya yığması olub. Qrupun digər matçında Sloveniya səfərdə İsveçlə qarşılşıb. B Liqasında qalmaq üçün qonaqlara heç-heçə də kifayət edirdi. Sonda məhz bu nəticə qeydə alınıb və İsveç yığması da B Liqası ilə vidalaşıb.

Nəhayət, C Liqasının 2-ci qrupunda B Divizionuna və pley-offa vəsiqəni ötən tur təmin edən Yunanıstan seçməsi Şimali İrlandiyanı, Kosovo isə Kipri sınağa çəkib. Burada əsas mübarizə 3 komanda arasında C Liqasında qalmaq uğrunda gedirdi. Hər iki oyunda meydan sahibləri qalib gəlib. Yekunda Şimali İrlandiya yığması D Liqasına düşüb.

UEFA Millətlər Liqası

Qrup mərhələsi, 6-cı tur

27 sentyabr

A Liqası, 2-ci qrup

Portuqaliya – İspaniya 0:1

Qol: Morata, 88.

İsveçrə – Çexiya 2:1

Qol: Freuler, 29. Embolo, 30 – Şik, 45.

Xal: İspaniya – 11. Portuqaliya – 10. İsveçrə – 9. Çexiya – 4.

B Liqası, 1-ci qrup

Ukrayna – Şotlandiya 0:0

İrlandiya – Ermənistan 3:2

Qol: Eqan, 18. Obafemi, 52. Breydi, 90+1-pen – Daşyan, 71. Spertsyan, 73.

Xal: Şotlandiya – 13. Ukrayna – 11. İrlandiya – 7. Ermənistan – 3.

B Liqası, 2-ci qrup

Albaniya – İslandiya 1:0

Qol: Lenyani, 35.

Xal: İsrail – 8. Albaniya – 4. İslandiya – 3. Rusiya – 0.

B Liqası, 4-cü qrup

İsveç – Sloveniya 1:1

Qol: Forsberq, 42 – Sesko, 28.

Norveç – Serbiya 0:2

Qol: Vlahoviç, 42. Mitroviç, 54.

Xal: Serbiya – 13. Norveç – 10. Sloveniya – 6. İsveç – 4.

C Liqası, 2-ci qrup

Yunanıstan – Şimali İrlandiya 3:1

Qol: Pelkas, 14. Masuras, 55. Mantalos, 80 – Laveri, 18.

Kosovo – Kipr 5:1

Qol: Musliya, 22. Rudani, 45+1. Raşani, 47. Muriqi, 52; 84 – Roberqe, 81.

Xal: Yunanıstan – 15. Kosovo – 9. Kipr – 5. Şimali İrlandiya – 5.


Share: