Meksikalı general 43 tələbənin itkin düşməsinə görə həbs edildi

Meksikada təqaüddə olan ordu generalı Xose Rodriqes Peres həbs edilib.  

O,  təxminən 8 il əvvəl, 2014-cü ildə Meksikanın İquala şəhərində 43 tələbənin yoxa çıxması ilə bağlı istintaq işi üzrə saxlanılıb.

Bu barədə təhlükəsizlik nazirinin müavini Rikardo Mexiya açıqlama verib.

Nazir müavini İquala hadisələri baş verən zaman Rodriqesin 27-ci Piyada Batalyonunun komandiri olduğunu bildirib. O, Rodriqesə qarşı məhz hansı ittihamların irəli sürüldüyü barədə məlumat verməyib.

Hökumət katibliyinin nümayəndəsi Rodriqes Peresin general rütbəsi ilə təqaüdə çıxdığını təsdiqləyib.

Mexiya əlavə edib ki, Meksika ordusunun hərbi qulluqçularının həbsi üçün ümumilikdə dörd order verilib. Onun sözlərinə görə, dörd nəfərdən üçü həbs edilib.

İtkin düşən tələbələr 2014-cü il sentyabrın 26-da yerli polis və federal hərbi qüvvələr tərəfindən ələ keçiriliblər. Tələbələr Ayotzinapa şəhəri yaxınlığındakı müəllimlər kollecindən Mexikoya gedirdilər. Onlar Tlatelolko qətliamının (1968-ci ildə baş verən Tlatelolko qətliamı zamanı hökumət qüvvələri Mexikoda 300-ə yaxın tələbə nümayişçini öldürüb) ildönümünü qeyd etmək niyyətində idilər. Lakin təyin olunan yerə gedib çıxa bilməyiblər.

Daha sonra güllələrdən deşik-deşik olan avtobuslar İqualanın küçələrində tapılıb. Sağ qalan və geri qayıdan tələbələrdən bəziləri onlara hərbçilərin atəş açdığını iddia ediblər. Lakin onların digər qırx üç tələbə yoldaşı tapılmayıb.

Meksika prezidenti Andres Manuel Lopez Obrador tərəfindən həqiqətlərin araşdırılması komissiyası yaradılıb. Komissiya itkin düşən tələbələrin “dövlət tərəfindən maliyyələşdirilən cinayətin” qurbanı olduğu barədə sensasiyalı hesabat yayımlayıb. Məlumata görə, bu qurbanlardan ən azı altısı əvvəlcə oğurlanıb, sonra isə Rodriqesin nəzarəti altında öldürülüb.

Meksikanın yüksək rütbəli insan haqları rəsmisi Alexandro Ensinas bununla bağlı mətbuat konfransı keçirib. “Baş verən hadisələrdən sonra altı tələbənin dörd gün ərzində sağ qaldığı və sonra o vaxtkı polkovnik Xose Rodriqes Peresin əmri ilə öldürüldüyü güman edilir”, – deyə o qeyd edib.

Digərlərinin başına nə gəldiyi barədə isə hələki açıqlama verilmir.

Mənbə: Gazeta.ru

Share: