“Mənim ömür qatarım siyah telindən keçir…”- Zəhra Əkrəm…

 

 

Zəhra Əkrəm
 
 
QADIN
 
 
Kim sənə “zəif “dedi?
Bu dünya ayaq üstə sənin gücünlə durur.
Kim sənə “aciz”dedi?
Can verməsən cahana,millətin kökü qurur.
“Bacarmaz”mı dedilər?
“Ağlın az”mı dedilər?
Hansı işə can atsan,
“Yox, olmaz”mı dedilər?
“Dedilər ki,sadəcə işləri dedi-qodu,”
Bəs sıcacıq yuvanın kimdir ocağı-odu?
Kim səni pillə -pillə alçaq saydı kişidən?
Zirvələrdən səs etdin,olmadı bir eşidən.
Səndən üstün sayılan,
Kişiyə kim verdi can?
Adı tarixlər yazan,
Saysız igidi,əri,
İmamı,Peyğəmbəri
Söylə, sən doğurmadın?
Zəif deyilsən ,QADIN!
Dünyaya ayaq basan hər kəsi sən doğurdun.
Bətnini kərpic-kərpic söküb incə canınla,
Sən inşa etmədinmi bu bəşəri,milləti?
Bəs Rəbbim niyə sərib ayağına cənnəti?
Demək,səni cənnətdən uca tutub Yaradan.
Sənin gücün olmadan,
Dura bilməz yerində,
Çökər göyün qübbəsi.
Nəvazişin deyilmi yer üzünün cübbəsi?
…Sənin başında dönür fələyin hər hiyləsi,
Boğuldu haqqın səsi,
Sənə növbə çatanda.
Bəs sənin səsin hanı?
Sən ki ağ südün ilə böyütmüsən dünyanı.
Bəşəri diz çökdürən “Ana”dır sənin adın.
Aciz deyilsən,QADIN!
O incə əllərinlə nə çilələr yoğurdun,
Əlindən bal yedilər.
Göz yaşınla sulayıb,
Sən nə əzablar biçdin,
“Dözməlidir” dedilər.
Nə əzablar çəkmədin?!
Axı əzab əkmədin!
Niyə dəyişdi fələk əkdiyin toxumları?
Günəş də əritmədi ömür yolundan qarı.
Amma sən Günəş oldun kainata,cahana,
Sən qaldın yana-yana,
İsindi çöhrəndəki.
Demək buymuş analıq!
Qorxsun zülmət,qaranlıq,
Deyə yanmaq bir ömür…
Amma hamı düşünür,
Günəşin ki borcudur işıq ilə istilik.
Görmədilər üstəlik,
Səndən çıxan tüstünü.
Bəlkə də görsəydilər,
Elə Günəşin üstə qurardılar büstünü.
Sən ki bu dünya üçün,
Öz -özünü qaladın.
Borclu deyilsən,QADIN!
“Bacarmaz” dedikləri,
Nələri bacarmadın?!
Sən “Günəş” de, “cənnət” de,
“Ən dəyərli zinət” de…
“Zəif”demə özünə!
Olmasan kim güc verər,
Əzmiylə Yer üzünə?!
Sən Güclüsən!
Sən Gücsən!
Anadır sənin adın!
Aciz deyilsən, QADIN!
Gücsüz deyilsən, QADIN!
 
 
 
Bəyaz arzularımın siyah telli şəhzadəsi
 
 
Bəyaz arzularımın siyah telli şəhzadəsi,
Mənim ömür qatarım siyah telindən keçir.
Ara bir dəli rüzgar oxşayanda onları,
Tellərin ən dəcəli düşüb dodağın üstə,
Təbəssüm bulağından doyunca içir… içir.
Necə fərasətsizəm,küləkcən də olmadım.
O qara tellərindən necə alım bir biçim?
Yağış da deyil adım.
Nə göydən yağammadım siyah tellərin üstə.
Axı nəyə and içim?
Görəndə tellərinin küləklərlə rəqsini,
İçimə sığmır içim…
Nə də bir kəpənəyəm,uçam qonam telinə.
Ara bir diqqət yetir sən onların felinə.
O tellərin hər feli bir parça oğurladı
– mənim ürək evimdən.
Məhkum u olacaqlar bir ömür ürəyimin.
Baxma,dilim lal olur tellərinin önündə,
Onların bir rəqsinə gözlərimin rəyi min.
Bəyaz arzularımın siyah telli şəhzadəsi,
Tellərinin siyahından həyatım işıq alır.
Bir günəş biç telindən saxlayım soyuqlara,
Hələ ilin qabaqda şaxtalı qışı qalır.
 
 
 
BİLİRSƏNMİ SEVGİLİM?
 
 
Bilirsənmi,sevgilim?
Sən baxanda hərif – hərif cümlə yağır gözlərimə.
O cümlələr sən güləndə qucaqlaşıb şeir olur,
İnan mənim sözlərimə!
Oxuyanlar zənn edir ki,mən yazmışam aşiqanə misraları.
Bilmirlər ki,o misralar mən yazdığım şeir deyil!
Baxışının qələmimə yansıması,qələmimim baxışına sevdasıdır.
Sən baxanda təbəssümlə gözlərimə,
Mən Günəşi cüt görürəm.
Toplayıram səpələnən şölələri,
Eşqindən qala hörürəm.
Sən baxanda boran dönüb bahar olur,
Baxışların kədərimə,hicranıma divar olur.
Gülüş üzümdə var olur,sevinc ömrümə yar olur.
Sən baxanda mavi səma əlvan olur.
Bilirsənmi,sevgilim?
Bilirsənmi…
Heç özüm də bilmirəm,
Axı necə izah edim ,
baxışının hər rəngində bir uçurum olduğunu?
Sürgün edir baxışların uçurumun ən dibinə.
Hüzur sarır orda məni,
Sevgi alır ağuşuna.
Bu dünyanın zülmətinə,enişinə,yoxuşuna
baxışların olur fənər.
Bir baxışa bunca hünər,
Necə sığır,Günəşgözlüm?
Sənə necə izah edim,
Baxışının hər notunda,
Çığlıq-çığlıq sədalanan nəğmələr var.
O nəğmənin sədasıyla ürəyimdə məhəbbətin,
Düşüncəmdə xəyalların rəqs eləyir.
Nur çiləyir…
Bilirsənmi,sevgilim?!
Səndəki o baxışlar mənim suyum,havamdır.
Sən çəkəndə gözünü gündüz quruda balıq,
Gecə yerim məzarlıq.
Səndəki o baxışlar mənim evim, yuvamdır,
Sən çəkəndə gözünü,
Gecələri tüfeyli,gündüzlərsə səfiləm.
Səndəki o baxışlar Günəşimdir,Ayımdır…
Sən çəkəndə gözünü
Gecə ruhumda tufan,gündüz içimdə zülmət.
Çəkmə gözünü məndən!
Sən çəkəndə gözünü harayımdır,vayımdır.
Sən həmişə bax mənə!
Bax ki mənə ,sevgilim,
Baxışınla hər dəfə yeni şeir doğulsun!
Baxışından könlümə bir ömürlük yol olsun!
Müstəqil.Az
Share: