Mən ki Allah deyiləm, uşaqları aldadım… – Yeni imza

Müstəqil.Az Kulis.az -ın “Yeni imza” layihəsində  gənc şair Məsim Rəfilinin

yayınladığ  şeirlərini təqdim edir.

1.

Çox uzaqdan duyulur ağlayan uşaq səsi,
Dərdi yaşından böyük, boyu qəmdən balaca.
Titrək səslə ağlayır, kəsilibdir nəfəsi,
Doğulanda bilmirdi, qurban gedir harasa.

Gözləri gül misalı, üst başı tıkanlıdı,
Sığınıbdır metroda anasının bağrına.
Deyir, kömək eləsin, kimlər ki, imkanlıdı
Mən ki, Allah deyiləm, mən nə edim ağrına?

Gözlərinin yaşını yanağından qoparım,
Alım səni əllərdən, boynunu əyməsinlər.
Ey balaca qızcığaz, səni hara aparım?
Bu balaca yaşında, xətrinə dəyməsinlər?

2.

Mən ki Allah deyiləm, xarüqələr yaradım,
Mən ki Allah deyiləm, yatmışları oyadım
Alım qara buludu səmaları görməsin
Müharibə olmasın, günahsızlar ölməsin

Mən ki Allah deyiləm, ərdən bezən qadının
Qarğışını qoparım günahsız dodağından
Mən ki Allah deyiləm, ərin sevən qadının
Ərinə insaf verim, səs sorağı gəlməsin
Başqa qadın evindən, özgə yar otağından…

Mən ki Allah deyiləm, gedənləri saymadım
“Atan uzaqlardadı, anan uzaqlardadı”
“Gözünü yum balaca, gözünü aç gələcək”
Mən yalançı deyiləm, yalançı cümlələrlə
Anasını itirən uşaqları aldadım.

Mən ki Allah deyiləm – mən bir Allah bəndəsi…
Mənim də göy üzümə Ay gecələr gülmədi
Yalançılar mənə də danışıblar yalanı:
“Anan uzaqlardadı, gözünü yum gələcək”
Yumuludu gözlərim, niyə anam gəlmədi?

3.

Məktub yazıram sənə, bəlkə də son məktubu…
Ey ömrümün günəşi, ey gecəmin ulduzu,
Mən səni unutmuşam, gəl sən də unut bunu.
Mən səndən savayı unutmuşam nələri
Unutmuşam özümü, unutmuşam deyəsən
Gözümdən oxuya bilmədiyin kədəri
Bəlkə bu məktubu oxuyanda biləsən
Sən gedəndən ayrılıq həsrətinə qarışıb
Bəlkə də bu məktubu buna görə yazmışam.
Gecələrə sığınıb, bəlkələrdən yapışıb
Məktubdakı adamı bəlkələrdən asmışam…
Mən gedirəm, əzizim, çıxmayacam yoluna
Sən məni unutmusan, mən səni unutmuşam
Yada salmaq istəsən bax məktubun sonuna
Məktubun ən sonuncu nöqtəsində qalmışam…

4.

Qapının önündə qonaq saxlama
O köhnə evinə qonaq gəlmişəm
Yanında xatirə, kiçik bağlama
İlk görüş yerindən çiçək dərmişəm

Qapının önündə qonaq saxlama
Mən səni uzaqdan görüb gedəcəm
Gəl sənə sirr açım, amma ağlama
Bir günlük qonağam, görüb gedəcəm

Məni yoxluğunla belə yoxlama
Demə evdə yoxsan çətin dözəcəm
Qapının önündə məni saxlama
Bir günlük qonağam ölüb gedəcəm.

5.

Qadının evi olmur, olur evin qadını,
Unudulan qadını xilas etmir mələklər.
Hiss eləmir çoxdandı həyatının dadını,
Yıxıb onun evini yalan dolan kələklər.
Mətbəxdən çıxmaq üçün, icazəni neynəsin?
Ərindənmi almalı?
Ya almalı fələkdən?
Yorğun olur gündəlik,
Bezdirir ev işləri, unudur öz adını,
Yuxu tutur mətbəxdə, ayılanda görür ki,
Yatmağa vaxtı yoxdu, olur evin qadını…
Yanağından axan yaş, yeməyinə süzülür,
Yanağından axan yaş, yeməyinə dad qatır,
Gözlərinin önünə xatirələr düzülür.
Günü gündən yaşlanır,
Çökür göz qapağına illərinin həsrəti,
Yaşadığı evində qəm-kədərdən savayı,
Nə bir xoş rəftar görür, nə də ər məhəbbəti.
Qadının evi olmur, olur evin qadını,
Yaş üstünə yaş alır,
Hər gün bir az qocalır, solur evin qadını…

Share: