Məktəb adı ilə evdən çıxdı… Azərbaycan, hanı mənim övladlarım?..

Araşdırmalarımız və müşahidələrimiz isə tamam başqa bir məsələdən xəbər verir. “Məktəb” adı ilə evdən çıxan uşaqların bir qisminin “marşrutu” saunalardan, qapalı barlardan, şadlıq saraylarından, bağ evlərindən keçir.

 

Məsələn, saunalarda yaşı ötmüş (cavanlaşmaq eşqində olan), milli mənsubiyyətləri şübhəli olan varlıların və yaxud bəzi mənsəb və rütbə sahiblərinin, milyonçu iş adamlarının qartımış dabanlarını, topuqlarını övkələyib, onurğa sütunlarına sığal çəkib, kürəklərini, boyun damarlarını, ayaq və baldırlarını “döyəcləyən” 12-13 yaşlı qızların kimliyi, hardan gəlmələri bilinmir. Məktəb yaşlı qızlara boyun damarlarını “şaqqıldadıb sındıran” kəslərdən bir nəfər tapılmır ki, soruşsun: “Siz kimsiniz?” Məlumata görə, Bakının bağ evlərində (əsasən villalarda) bu gün yaşı 13-14 olan “bala” nökərlər var. Yeni yaranmış söz leksikonumuzda onların bir qisminə “xanım nökərlər” də deyilir. Bu uşaqların bir günlük qazancı isə üst-üstə10 min dollar edir. (?) Nökərçilikdən qayıdan bu uşaqların ( onlar “məktəb” adı ilə evdən çıxırlar) hər biri evə, ailəyə 50, 80, 100, 150 dollarla qayıdır. (?) Fikrimizcə, hər birimizin bu mənəvi cinayətdə payı var. Məlum faktları, insanı sarsıdan anları, taleləri unutmaq və qapayıb, etinasız keçmək mümkün olmur və bu problem getdikcə qloballaşır. Beynəlxalq Əmək Təşkilatının (2015-ci il 14 noyabr) Meksikada keçirilən regionlararası konfransda professor-psixoloq Riqoberto Astorqa dünyada yeni bir terminin – “ev nökərləri” termininin yarandığını diqqətə çatdırıb. Professor qeyd edir: “mən təəssüf edirəm. Yeni yaranmış dövlətlərin bir qismində (əsasən Orta Asiya və Qafqaz regionlarında) yaşı 8-dən 14-dək olan 175 min uşaq məktəbdən imtina edərək nökər olub. Onların hüquqları, yaşamaq və düşünmək hüquqları əllərindən alınır və yaxud itirilmiş uşaqların hamısı ev nökərləri kimi fiziki, mənəvi-psixoloji hücumlara məruz qalır. Belə hallar o yerlərdə baş verir ki, orada heç bir millət və övlad sevgisi, nəzarət yoxdur. Əməyi və mənəvi dünyası istismar olunmuş bu uşaqların heç bir məktəb və yaxud əxlaq “proqramları” yoxdur (“The News” qəzeti. Meksikada ingilis dilində nəşr olunur. Qəzetin 2004-cü il 16 noyabr tarixli sayında moskvalı jurnalist Nikolay Paska ilə professor R.Astorqanın kiçik müsahibəsinin tərcüməsi verilib. Müsahibə ilkin olaraq Moskvada nəşr olunan “Sovetskaya Rusiya” qəzetində çap olunub və oradan götürülüb). Professor bunu da açıqlayır ki, Orta Asiya və Qafqaz regionlarındakı belə mənzərələr Mərkəzi Amerika regionlarındakı vəziyyətlə, xüsusən Salvadorda, Qvatemalada, Panamada, Nikarauda, Kosta-Rikadakı vəziyyətlə eynilik təşkil edir. Araşdırmalarımıza görə bu gün Sumqayıtın bağ evlərində və varlı ailələrdə yaşı 12-14 olan 147 qız nökərçiliklə pul qazanır. Lənkəranda bu rəqəm 82, Gəncədə 145, Şəmkirdə 46 nəfər təşkil edir. Alimlərin fikrincə, tərbiyənin 7 aspekti var və hər aspekt özü-özlüyündə bir möcüzədir. Yəni insan psixoloji cəhətdən formalaşarkən yeddi aspektdən keçməlidir. Lakin tarix bu yeddi aspektin üç mərhələsi üzərində daha çox dayanır: 1. Əqlin və fikrin tərbiyəsi (zehni tərbiyə). 2. Fiziki tərbiyə. 3. Texniki təlim (XXI əsrdə buna kibertəlim də deyirlər). Araşdırmalarımıza görə, heç bir islahat və layihə Azərbaycanın XXI əsr ictimai-fikir mühitində atəşfəşanlıqla qarşılanmayıb. Azərbaycan mühiti üçün ölü doğulan bu islahatlara təntənə yoxdur. Əksinə, formalaşan, “ot kökü üstə bitər” ideyası ilə qərar tutan əqlin və fikrin təntənəsi pozuldu. Kökü yanmış və yaxud rişəsinə dağ basılmış “Azərbaycançılıq” gördüyümüz Qərbin yamaqlı islahatlarından qazanıb kök ata bilərmi? Qanunlarımızı formalaşdıran Milli Məclisdə çox zaman əqlin və fikrin itməsi məqamları var. Bu gün məlumata görə, millət vəkillərinin 75 faizi alimlik dərəcəsi almaq üçün namizədlik dissertasiyası yazır. Millət vəkillərinin 83 faizi ikinci təhsil alır (əksəriyyəti də hüquq fakültələrində). Son iki ildə MM-də təmsil olunan millət vəkillərinin üst-üstə 57 adda 14 min 622 səhifəlik əsəri çap olunub və bu əsərlərdən 96 faizi ulu öndərimiz, unudulmaz Heydər Əliyevlə bağlı olub. Olsun. O kişiyə halaldır. Lakin vaxtilə Heydər Əliyev bütün bunların əleyhinə çıxıb. Digər tərəfdən, bu əsərlərdəki qrammatika və üslub səhvlərindən, dolaşıq cümlələrdən, qaranlıq və dumanlı fikirlərdən xəbəriniz varmı? Ümumiyətlə, rəhbər haqqında deyilən sözə ehtiyatla yanaşmaq və bu istiqamətdə hansısa bir komissiyasının olması vacibdir… Xatırladaq ki, son 50 ildə ermənilər Azərbaycan əleyhinə 28 min adda 2 milyon 781 min 344 nüsxə kitab nəşr ediblər. Məsələn, bilavasitə mənəvi-əxlaqi dəyərlərimizə tuşlanmış, əsasən təhsil və maarif sisteminin iflicini qarşılarına məqsəd qoyan Ermənistan Milli Təhlükəsizlik Departamentinin 3 əsas proqramı var. Ermənilərin 2000-2005-ci illəri əhatə edən təxribatçı proqramı Azərbaycanın təhsil sistemində onlara yarınan qüvvələrin əlilə icra olunmaqdadır. Məlumata görə, 2003-cü il iyunun 2-də gədəbəylilər işğal olunmuş ərazilərimizdən yayımlanan “Artsax televiziyası”ndan (?) sosioloq, professor Cemmes Alatayeviç Şirakyanın Azərbaycanın təhsil sisteminə ünvanlanan təxribatçı çağırışının şahidi oldular. CA.Şirakyan bilavasitə Vaşinqtondakı “Kürd-erməni Strateji Araşdırmalar Mərkəzi”ndə hazırlanan (professor A. Astarcanyanın xəttilə) “KETLİN islahat proqramı”nın Azərbaycana istiqamətləndirilməsindən açıqca danışdı. O, bu proqramın icraçılarının Azərbaycan məktəblərində təhsil alan uşaqlara tərəf yönəldilməsini təkidlə dedi… Əldə etdiyimiz məlumatların təhlilində belə bir məntiqi nəticə var: demokratiya pərdəsinə bürünmüş islahatların böyük bir qisminin mayasında ölümdən, məhv olub sıradan çıxmaqdan başqa heç nə görünmür. Fakt budur ki, milli mentalitetimiz ölüm saçan islahatlarla üz-üzədir. Həmin anormal islahatların məntiqi davamıdır ki, torpaqlarımız işğal olundu. Həmin anormal islahatların məntiqi davamıdır ki, övladlarımızın böyük bir qismi anadan daha şikəst doğulmur, əksinə… elə ana bətnindən ölü çıxarılır (?). Məsələn, məlumata görə, 2002-ci ildə respublikada ölü ( doğulan uşaqların sayı 246, 2003-cü ildə isə 314 nəfər olub… Belə bir məlumat da var ki, ilk övladını dünyaya ölmüş gətirən analar birdəfəlik övlad üzünə həsrət qalır. Araşdırmalarımıza görə, səbəblərdən biri Ermənistanda istehsal olunan və məqsədli şəkildə Türkiyə, İran, Gürcüstan və Rusiya vasitəsilə Azərbaycana göndərilən tütün məhsulları, un və un məmulatlarıdır (?). Digər bir məlumata görə, hazırda təkcə Bakı və Bakıətrafı yaşayış mənətəqələrindəki saunalarda çörəkpulu qazanmaq üçün xadiməlik edən, yaşı 13-14 arası olan (təqribi rəqəm də olsa) 110 qız çalışır (səhər saat 8.30-dan axşam saat 19-dək). İngilis tədqiqatçısı Eduard Meycer yazır: “…Dünya içindəki mənəvi-əxlaqi boşluğu doldura bilmədi və nəticədə həmin boşluğa şeytanlar ayaq açdılar… İçimizdəki Allahı qovdular. İndi həm Şərqdə həm Qərbdə, həm Şimalda və həm də Cənubda baş verən hadisələrə, insani münasibətlərə Allahsız yanaşırıq. Bizdə heç olmasa, dünyaya münasibətdə insaf qaldımı?..” (Moskvada keçirilən “Ana südü” simpoziumunda uşaqların qorunması ilə bağlı çıxışından.) Bizim də içimizdə belə bir mənəvi boşluq var və bu mənəvi boşluğu ayrı-ayrı xarici fondların, təşkilatların, diplomatik korpusların… qrantlarına könüllü satdıq. İman və inamımızı qranta satıb, oturduq. Allahı oğurlanmış millətdə hər şey mümkündür. Hələ də saçını erməni “ustası”na düzəltdirən məmur və nazirlərimiz, rütbə sahiblərimiz var. Başqa bir məlumatda isə aydın olur ki, Bakıda 260, Gəncədə 75, Sumqayıtda 110 nəfər erməni dayəsi var (bəlkə də lap çoxdur. Amma bizim bildiyimiz hələlik bunlardır). Erməni dayələrinin “nazı” və “nəvazişi” ilə məktəblərə yola salınan uşaqları sabahımız hesab edə bilərikmi? Şübhəsiz, onların bir qismi artıq erməni ideologiyasının gələcək bazası olacaq. Çünki bu uşaqlar torpaq nədir, anlamır və yaxud heç anlamaq da istəmirlər. Araşdırmalarımıza görə, son beş ildə ABŞ-a, İngiltərəyə, İsrailə, Fransaya… oxumağa göndərilən uşaqların 85 faizi təmiz azərbaycanlı deyil və bu uşaqların da əksəriyyətinin anası milliyyətcə erməni olan “axçi”lərdi. Bəşəriyyəti bürüyən bütün bu anormal hadisələrə münasibətini açıqlayan Kolumbiyanın tanınmış sosioloqu Sesar Patino Parisdə keçirilən beynəlxalq forumda qeyd edir: “…Nədən bütün bunlar baş verir? O yerlərdə ki, bu eybəcərliklər sağlam düşüncələrə və həyat tərzinə, yaxşı yaşamağa mane olur… orada öncə mənəviyyatdan tutmuş əxlaqı formalaşdıran son elementlərə qədər korrupsiya və yarınmaq var. Belə hallara MDB məkanında daha çox rast gəlmək mümkündür. Tacikistanda, Özbəkistanda, Türkmənistanda… Cənubi Qafqaz regionlarında qurulan hakimiyyətlərdə yarınmaq, qulluq göstərmək prinsipləri… “şəxsi sədaqət” anlayışı kimi qəbul olunur. Orta Asiyada və Cənubi Qafqaz regionlarında transmilli cinayətkar qruplarda… məsələn… narkobiznesdə, silah alverində, terror şəbəkələrində dəsti-xətti olan bəzi adamların vəzifələrə təyin olunması ictimaiyyətdə ciddi suallar doğurur. Nə üçün? Sualın cavabı verilmir. Nəticəyə baxın: bizim strateji mərkəz Düşənbədə belə bir məsələ ilə üz-üzə qaldı. Adı beynəlxalq narkoticarətdə hallanan şəxslərdən biri maliyyə və bank sistemində vəzifəyə təyin olunan kimi ətrafına narkotika ilə məşğul olan “mafioz qrupu” cəlb etdi. Belələri üçün heç bir qanun işləmir. Mən… Düşənbədki sabahkı nəslə münasibət və qayğıdan həyəcanlıyam. Orada heç şey alınmır… nə fikirləşirsən, fikirləş… mümkün deyil… XXI əsr pis başladı…” Azərbaycanlı uşaqlar dünya bazarlarında nökərçilik edir Araşdırmalarımıza görə, Azərbaycanda belə bir pis sindromun rüşeymləri var (XXI əsr Azərbaycan üçün də pis başladı). Regionda ailə-məktəb münasibətlərinin bütün bağları kəsilib. Onları bir-birinə bağlayan yaxşı heç nə qalmır. Şəhər və rayonlarda “hər kəs özü üçün prinsipi” formalaşır və təəssüf ki, bu, getdikcə ideoloji bir məqamla çevrilir. Məlumata görə, Cənub bölgəsində (Lerik, Yardımlı, Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar) 832 ailə qurulub. 2004-cü ilin məlumatında isə qeyd olunur ki, bunun 547-si dağılıb. 2O04-cü ilin noyabr məlumatına görə, 547 ailənin də 463-də bir uşaq dünyaya gəlib. Məsələn, təkuşaqlı anaların sayına görə, Lənkəran, Zaqatala, Gəncə, Bakı, Sumqayıt… öndə gedir. Tək, kimsəsiz uşağını yedirtmək, evi dolandırmaq üçün Masallıda 105, Qazaxda 86, Şamaxıda 42, Bakıda 2330 tənha ana faktiki olaraq özgə qapılarında dilənməklə və yaxud nökərçiliklə məşğuldur. Dilimizə əvvəllər yatmayan “nökər analar” ifadəsi bu gün asanlıqla tələffüz olunur. Digər tərəfdən, bütün bunların sayı-hesabı mərkəzləşdirilmiş qaydalarda aparılmır. Məsələn, Rusiyada DİN-də səslənən hesabatların birində təkcə Moskva vilayətində Orta Asiya regionlarından məktəbdən uzaqlaşan, ailədən, evdən, qohum-əqrəbadan xəbərsiz 300 min tənha uşaq qeydə alınıb. Cənubi Qafqaz regionlarından bəhs edən bölmədə isə göstərilir ki, Moskva şəhərində 383 azərbaycanlı uşaq “nökərçilik həyatı” keçirməklə məşğuldurlar. Onlar məktəblərini, ailələrini ataraq “xoş gün” üçün Rusiyaya üz tutub… Görəsən, Azərbaycanın sabahına ünvanlanmış bu eybəcər proqramı kimlər və harada yazırlar? Rusiyah psixoloq Valentin Medvedyev “İzvestiya” qəzetinə açıqlamasında qeyd edir: “…MDB regionlarında uşaqların taleyi təhlükədədir. Bir çox regionda artıq bu təhlükəni qovmaq mümkün deyil. Biz hamımız gecikdik. Başımız sərvət toplamağa, ağılsız və vicdansız adamlarla, yaramaz əxlaq sahiblərilə yeyib-içməyə, məclislər qurmağa, pisliklərə və pis adətlərə, satqınlığa və yarınmağa, yaltaqlığa qarışdığından sabahkı nəsli unutduq. Vaxt-zaman keçəcək, (özü də çox az vaxt. Bunu hiss edib görəcəksiniz) yanımızdan ötüb keçən “nökər və dilənçi uşaqlar” bizə tərəf qayıdacaq. Onların əksəriyyəti hüquqları dağılmış, tapdalanmış, təhqir olunmuş… adamlar kimi qayıdacaq. Bizi ittiham edəcəklər. Biz bütün bunlara hazır deyilik…” Məşhur fars psixoloqu, professor Məhəmməd Sadiq Payeqani isə Tehranda keçir. “İslam və əxlaqi dəyərlər” beynəlxalq məclisində xatırladıb: “Şikəst gəncliyi olan millətlərin və xalqların XXI əsrin ortalarınadək yaşamaq hüququ itəcək. Uşaqlarını, övladlarını axtarmayan dövlətlərin məhv olub sıradan çıxması sürətlə artacaq. Biz artıq beynəlxalq miqyasda bunun sindromlarını görürük… Övladlarımızın milli təhlükəsizliyini təmin edin”… Azərbaycanda nökərçilik psixologiyasının formalaşmasını çoxumuz adi hal kimi qəbul edirik. Amma nökərə çevirdiyimiz bu uşaqların arasında sabahın dahilərini də itiririk. İsveç Strateji Araşdırmalar Mərkəzinin bu istiqamətdə maraqlı açıqlaması var. Məsələn, “Şiman qrupu”nun (pr. V. Şiman və pr. E.Qudrin) məlumatına görə, XX əsrdə yaşayan dahilərin 96 faizi aşağı təbəqədən, yoxsul və kasıb daxmalardan çıxıb. Onların 53 faizinə qəyyumluq edilib, küçələrdən yığılıb… (yəni nökərçilikdən əl çəkib). V. Şiman iddia edir ki, XXI əsrdə o millətin və o xalqın yaşamaq hüququ olacaq ki, o, başını qaldırıb ağıllı adamlara nəzər salsın… Taleyi məhv olan uşaqlara yaşamaq və oxumaq üçün əl uzatsın. Belə millətlər və xalqlar isə azdır… Azərbaycandan kənara çıxarılan uşaqların bir qismindən canlı laboratoriya kimi istifadə olunur Azərbaycanda diplomatik korpuslarda, şirkət və humanitar təşkilatlarda çalışan və körpə uşaqları olan 57 əcnəbi qadın var. Bu qadınlar hər gün doğum evlərindən öz övladlarını “yedirtmək” üçün 11 litr ana südü alırlar. Hər ana südünün qiyməti də 6 min manatdan artıq olmur. Alman genetiki Fray Tessel (milliyyətcə ingilisdir) 2010-cü ildə Gürcüstanda keçirilən “XXI əsr üçün sağlam mühit” adlı beynəlxalq konfransda çıxış edərkən maraqlı bir məsələyə toxunur: “…Ana südü sağlam genlərin əsl bazasıdır. Bu baza güclü olanda uşaqlar da gözəl və sağlam gen üstündə qərar tutur… Cənubi Qafqazdakı ana südü ilə Almaniyanın hər hansı bir regionundakı ana südünün fərqi var… Məsələn, iqlim cəhətdən zəngin və ecazkar olan Azərbaycan ana südünün gücü və digər regionlardakı ana südünün gücündən 3,5 dəfə etibarlı və artıqdır. Orada doğulan və böyüyən uşaqların gen kodlarının sayı da artıqdır… və ola bilsin, bu gen kodları beynəlxalq miqyasda bir sıra xəstəliklərin sağalmasında ən böyük yardımçı olsun…” Araşdırmalarımıza görə, bu gün beynəlxalq miqyasda 53 dövləti əhatə edən və bilavasitə uşaq biznesilə məşğul olan 12 “qara bazar” var. Səkkiz ölkə tranzit ərazi kimi qeyd olunur (Halbuki 2005-2015-ci illər ərzində 31 dövləti əhatə edən 6 “qara bazar” və üç tranzit ərazi qeydə alınmışdı). Məlumata görə, Vaşinqtondakı uşaq alqı-satqısı məsələlərini araşdıran “Kəşfiyyat komissiyası”nın polkovniki, ekspert Edvard Bryus mətbuatda açıqlamasında qeyd edir: “…Bu biznes hər gün saat əqrəbi kimi işləyir. Uşaq alverilə məşğul olan “qara bazarlar”dan bir ildə 26 milyard dollar çirkli gəlir əldə edilir. “Qara bazarlar”dakı quldurlar sadə adamlar deyil. Onların bir qismi həris, bir qismi tamahkar, bir qismi isə hiyləgərdir. Belə hiss edirəm ki, yaxın gələcəkdə dünya yeni bir problemlə üz-üzə dayanmalı olacaq: uşaq alveri problemilə…” Qərb dünyasında “himayə”, “himayəçi” sözü yoxdur. Hər şeyin alınıb-satıldığı bir cəmiyyətdə belə sözə ehtiyac olmur. Məsələn, bu problemlə məşğul olan ABŞ-ın, İsrailin, Yaponiyanın, Fransanın, Almaniyanın, İngiltərənin ekspertləri tərəfindən hazırlanmış rəsmi hesabatlarında və sənədlərində “himayə” sözü heç vaxt xatırlanmır. Azərbaycanda uşaq alverilə məşğul olan kiçik “qara bazarlar” formalaşmaqda davam edir. Buna beynəlxalq aləmdəki uşaq biznesində “Karvansaray görüşü” deyirlər. Məsələn, regionun həm cənub, həm də şimal bölgələrində “Karvansaray görüşü” əraziləri var. Fransa, Yaponiya, İsrail, ABŞ, İtaliya, Misir, Səudiyyə Ərəbistanı diplomatik korpusları uşaq alqı-satqısında cənub bölgəsində daha çox meyil edirlər. Şimal bölgəsi isə İngiltərənin, İsveçin, Norveçin, Pakistanın, Hindistanın, Polşanın maraq dairəsindən çıxmır. Uşaqların əcnəbilərə verilməsini (əslində satılmasını – R.N.) qanuniləşdirən Beynəlxalq Konvensiya Azərbaycan mentalitetinə yamaqdır. Məlumata görə, bütün konvensiya və sazişlər Xarici İşlər Nazirliyindən ötürülür: Nazirlikdə rəy verilib ki, bu konvensiyanı təsdiq etmək olar və yaxud ona qoşulmaq mümkündür. Araşdırmalarımıza görə, XİN-də belə bir konvensiyanın əsl mahiyyətini, nədən bəhs olunduğunu bilən yoxdur. Konvensiya haqqında XİN-də araşdırma aparılmayıb və heç bir ekspert rəyi verilməyib. Hər şey gözübağlı görülüb və Milli Məclisə göndərilib. Nəticədə bütöv bir millət imzalı, möhürlü bir fəlakətlə üz-üzə qalıb… MDB ərazilərində bu işlə məşğul olan qeyri-qanuni 18 “Biznes bürosu” fəaliyyət göstərir. Məsələn, RF-nin kəşfiyyat hesabatlarında uşaq alveri şəbəkəsi quran və beynəlxalq “qara bazarlar”a çıxışı olan “Yerevan bürosu”, “Qazaxıstan bürosu”, “Ukrayna bürosu”, “Tacikistan bürosu”… qeyd olunur. Bu da göstərilir ki, MDB məkanında adları qeyd olunan bürolar vasitəsilə xaricdə satış üçün çıxarılan 1756 uşağın 29 faizi beynəlxalq terror təşkilatına “verilib”. Satılan uşaqların 36 faizi narkobiznesdə, 14 faizi dilənçi qruplarında, 21 faizi isə daxili orqanların satılmasında iştirak edir.24 Şübhə etməyək ki, bunların içərisində azərbaycanlı uşaqlar da var. Təkcə ötən il Azərbaycandan 183 uşaq qeyri-qanuni yolla çıxarılıb. Onların bugünkü taleyi haqqında hələ ki, heç bir kəs dəqiq məlumat verə bilmir. Təhlil etdiyimiz çoxsaylı materiallara görə, 185 uşaqdan 146 nəfərinin bir və yaxud iki yaşı olub. Qalan uşaqların isə 3, 6, 8… yaş həddində olduqları bildirilir və 185 uşaqdan cəmi 54 nəfəri qız uşağı kimi qeyd edilir. Uşaqlara bir qayda olaraq səhiyyə və təhsil ocaqlarında, şadlıq saraylarında, mənzil-istismar idarələrində, şirkət və dini icma qurumlarında, qiymət qoyulur. Məsələn, təkcə 2010-2015-ci illərdə respublikanın 3 doğum evindən 121 uşaq yoxa çıxıb, oğurlanıb və yaxud satılıb. Uşaq biznesində iştirak edənlər bu alqı-satqıdan 1 milyon 500 min dollardan artıq çirkli və haram mənfəət götürüblər. Kəşfiyyat eksperti Sergey Respko (RF) iddia edir ki, uşaqların qeyri-qanuni satışı narkotik maddələrin satışı kimidir. O yazır: “…Məsələn, Cənubi Qafqaz regionlarından Şərqi Avropadakı (tutalım, Yerevan bürosundan – Buxarest bürosuna) “qara bazarlar”a çıxarılan uşaqların satış qiymətlərinə nəzər salın: Yerevanda (6 yaşlı bir qız uşağı) – 19 min, Türkiyə ərazisində 25 min, Rumıniyada – 30 min dollar… XXI əsrdə uşaqlar heroin kimi satılır…” Azərbaycanda, qeyri-dəqiq məlumata görə, uşaqların (əsasən altı yaşadək olan uşaqlar) 12,5 faizində şikəstlik əlaməti var. Hər doğulan 10 uşaqdan altısı şikəst olur (Ermənistanda və Gürcüstanda isə bu məsələnin indeksi daha böyükdür. Məsələn,Yerevanda doğulan erməni uşaqlarının hər on nəfərindən 5-də beyin çəkisinin normadan az olduğu qeydə alınıb. Belə uşaqlar adi uşaqlar kimi böyüyür, inkişaf edirlər… Lakin sərbəst düşünmək qabiliyyətindən, baş verən hadisələrdən nəticə çıxarmaqdan məhrum olurlar. Qeyd edək ki, Bakı şəhərində də belə bir xəstəliyin sindromlarından – defektologiya azarından 98 uşaq əziyyət çəkir… Gürcüstanda isə başqa bir faciənin təməli qoyulub). Araşdırmalarımıza görə, dünyanın gözəllik salonlarında – (insanın sifətini, əzalarını dəyişən, onu müvəqqəti cavanlaşdıran “zavodlar”da) hər il “qara bazarlar”da satılan və yaş həddi 1-dən 3 yaşa qədər olan 2976 uşağın daxili orqanlarından istifadə olunur. * * * Azərbaycanda hər 10 uşaqdan 4-ü qeyri-qanuni doğulur: “Çoxsaylı sorğularımıza görə, təkcə Bakı Təhsillərini yarımçıq saxlamış, oxumaqdan, savad almaqdan imtina etmiş 1200 uşaq var. (?). Araşdırmalarımıza görə, 2014-cü ildə Bakıda məktəb yaşlı (yaş həddi 13-15) 27 nəfər öz atasını və yaxud anasını, nənəsini, babasını qətlə yetirməklə ittiham olunur. (Azyaşlı olduqları üçün həbs olunmadılar).

Rövşən Novruzoğlu,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

Share: