Məhərrəmlik ənənələri və uşaqların mənafeyi

Məhərrəmlik ənənələri və uşaqların mənafeyi

Məhərrəmlik. Kərbəla hadisəsi, Aşura günü və mərasimləri. Dünyadakı bütün şiələrin matəm saxladığı ay…

Məhərrəm ayı və Kərbəla hadisəsi İslam tarixinin ən mühüm və təsirli hadisələrindən biridir. Əsrlər boyu müsəlman xalqları, o cümlədən Azərbaycanın əksər yerlərində xüsusilə də Bakı və ətraf kəndlərində İmam Hüseynin şəhadətini ehtiramla yad etmiş, onun haqq, ədalət və zülmə qarşı mübarizə ideallarını yaşatmağa çalışmışdır.  Hətta Sovet dövründə, antidin kompaniyaları böyüdüyü və ateiszmin dövlət siyasəti səviyyəsində təbliğ olunduğu bir dönəmdə belə, bu ənənəni qoruyub saxlamış və ümumiyyətlə kifayət qədər mürəkkəb bir yol keçmişdir.  Əsas da odur ki, Azərbaycan xalqı bu ənənəni kənardan yarıxoş, yarızor sırıdılan bir ideologiya kimi deyil, öz milli və dini ənənələrini tarixi sintezi olaraq qoruyub saxlayır və nəsillərdən nəsillərə ötürürdü.

Mən Bakıda məşhur “Sovetski” deyilən məhəllədə böyümüşəm və ömürümün böyük bir hissəsini Yasamalda keçirmişəm. Yuxarıda qeyd etdiyim kimi, yaşadığım mühitdə Kərbəla hadisələri daim ehtiramla xatırlanıb, ona xüsusi önəm verilib, kədərli ay sayılaraq, xüsusi təziyə mərasimləri keçirilib. Məktəbimiz də Təzə Pir Məscidinə yaxın ərazidə olduğu üçün Aşura günü məktəblərdə qadağalara, məscid ətrafında qurulmuş “milis” postlarına rəğmən əksər məktəblilər həmin tədbirlərdə iştirak etməyi özünə mənəvi borc bilir və bütün maneələri dəf edərək, əzəmətli insan axınına qoşularaq müəyyən ayinləri yerinə yetirməyə çalışırdı.

Mənim üçün bu proses ikiqat çətin və qorxulu idi, sinif və məktəb yoldaşlarımızın əkəsriyyəti bu hərəkəti sonradan evdə qürurla danışa bilirdisə,  mən, atam “sovet partiya orqanlarında” rəhbər vəzifədə olduğu üçün bu barədə susmağa, etdiyim hərəkəti gzilətməyə çalışırdım. Əslində rəhmətlik atam da, anam da kifayət qədər inanclı insanlar idilər, evdə bütün ayinlərə əməl edirdilər. lakin atam tutduğu vəzifədən yana müəyyən təzyiqlərə və s. məruz qalmamaq üçün hamımıza, bütün övladlarına bərk-bərk tapşırmışdı ki, həmin gün ayinlərdə iştirak etsəniz və “milisin” qeydiyyatına düşsəniz mənə problem yaratmış olarsınız və cəzlandırıla bilərəm.

Demək olar ki, hər il təkrarlanan bu hadisələr, orada gördüyüm və bəzən də yöndəmsiz təkrar etməyə çalışdığım hərəkərlər, mərsiyyələr, zəncirlə sinədöymələr və s.  mənim xatirəmdə dərin iz buraxıb.

Sonralar böyüdükcə, kifayət qədər bilik və təcrübə əldə etdim, ölkəmizdə və bütövlükdə dünyada ciddi ictimai-siyasi dəyişkilər baş verdi.  Daim uşaqlıqda keçirdiyim hissləri, həmin hadisələri, onun mənim düşüncəmə, şüuruma, mənəviyyatıma təsirini, buraxdığı izləri və s.  yadıma salır və bu günkü reallıqlarlarla, günümüzdə Kərbəla hadisəsi, Aşura mərasuimləri bağlı keçirilən tədbirlərlə və bunun ətrafında baş verən hadisələrlə müqayisə etməyə çalışıram. Eyni zamanda Məhərrəm ayının başlaması ilə bu mərasimlərlə, onu ətrafında baş verən proseslər cəmiyyətimizdə hər il təkrarlanan söhbətlər, xüsusilə müasir dövrdə azyaşlı uşaqların Aşura mərasimlərində iştirakı ilə bağlı eşidilən suallar və narahatlıqlar bu müzakirələri yenidən aktuallaşır. Həqiqətəndə azyaşlı uşaqların Aşura mərasimlərində iştirakı nə dərəcədə məqsədəuyğundur?

Şübhəsiz ki, Kərbəla hadisəsi bəşər tarixinin ən təsirli mənəvi müqavimət nümunələrindən biridir. İmam Hüseyn və onun silahdaşları zülmə boyun əyməməyin, haqq və ədalət uğrunda mübarizənin simvoluna çevriliblər. Bu hadisə təkcə dini deyil, həm də böyük mənəvi və insani dəyərlər məktəbidir.

Bununla yanaşı, Kərbəla həm də faciədir. Aşura mərasimləri faciə, şəhidlik, zorakılıq və kədər motivləri üzərində qurulduğundan, azyaşlı uşaqların bu hadisələri necə qəbul etməsi həssas məsələdir. Bu faciənin bəzi mərasimlərdə təqdimat forması, təsvirində ölüm və zorakılığın detallı izahı, ağır emosional, qanlı və ya sərt təsvirlər, özünə xəsarət yetirmə görüntüləri, kədərli səhnələr, mərsiyələr, göz yaşları, xüsusilə qanlı səhnələrin, sinəvurma, həddindən artıq emosional təsvirlərin nümayişi azyaşlı uşaqların psixologiyasına mənfi təsir göstərə bilər. Uşaq şüuru, xüsusilə məktəbəqədər və kiçik yaşlı uşaqlar hadisələri böyüklər kimi təhlil etmir, onları daha çox hiss edir və yaşayır. Onlar gördüklərini və eşitdiklərini daha çox emosional səviyyədə qəbul edir, bəzən qorxu və narahatlıq hissləri keçirə bilirlər.  Digər tərəfdən bu hadisələrin uşağın dinə, bağlılığı inancı şüurlu, dərk edərək, anlayaraq deyil, fanatikcəsinə, kor-koranə və s. şəkildə formalaşmasına təsir edə bilər. Gələcəkdə cəmiyyətdə mövhumat təhlükəsi və dini fanatizmi riski yarada bilər.

Bu məsələlərin həlli, mümkün risklərin qabaqcadan qarşısının alınması dini inanclara münasibətdən deyil, uşaqların mənafeyindən və onların psixoloji inkişaf xüsusiyyətlərindən çıxış etməklə axtarılmalıdır.

İlk növbədə məsələyə uşağın maraqları prizmasından yanaşmaq lazımdır. Psixoloqlar və mütəxəssislər hadisələri uşağın yaşına uyğun izahat vermək, zorakılıq və qanlı səhnələrdən uzaq tutmağı, Kərbəlanın faciəvi tərəflərindən daha çox onun mənəvi, əxlaqı dərslərini vurğulamağı, uşağı maraqlandıran suallara sakit və sadə dillə cavablandırmağı, mərasimlərdə iştirak zamanı uşağın emosional vəziyyətini nəzərə almağı və s. tövsiyə edirlər

Yeri gəlmişkən, klassik Azərbaycan ədəbiyyatında Kərbəla daha çox əxlaqi seçim və ədalət məsələsi kimi təqdim olunub. Əhli-beyt aşiqi olan, böyük şairimiz Məhəmməd Füzuli, Əhli-beytə məhəbbət insanın mənəvi kamilliyinin ifadəsi hesab etməklə yanaşı, öz yaradıcılığında mərhəmət, insanpərvərlik və s. ideyalarını ön plana çəkmişdir. Füzulinin əsərlərində insan qəlbinin incəliklərinə həssas münasibət müşahidə olunur. Bu yanaşma bizə xatırladır ki, uşaqların mənəvi dünyasına təsir edən hər bir hadisə onların yaş və psixoloji xüsusiyyətləri nəzərə alınmaqla təqdim edilməlidir. Onun yaradıcılığı bütövlükdə insan sevgisini, mərhəməti və mənəvi saflığı tərənnüm edir. Kərbəlanın mahiyyəti də məhz bu dəyərlərdədir.  Maarifçilərimiz (H. Zərdabi, M.F. Axundzadə, S.S. Axundov, Abbas Səhhət və s.) isə dini hisslərin elm və təhsillə tamamlanmasını vacib sayırdılar.

Əlbəttə ki, mütərrəqi milli və dini ənənələrin yaşadılması vacibdir. Lakin ənənələrin gələcək nəsillərə ötürülməsi uşaqların psixoloji rifahı, emosional təhlükəsizliyi və yaş xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kərbəla məktəbinin əsas dərsi də məhz insana, onun ləyaqətinə və mənəvi kamilliyinə verilən yüksək dəyər, ədalət, haqq uğrunda mübarizə, fədakarlıq və s. keyfiyyətlərdir. Tarixi və dini dəyərlərin aşılanması ilə uşağın psixoloji rifahının qorunması arasında balansın tapılması ən düzgün, sağlam və gələcəyə hesablanmış yanaşma hesab olunur.

 

Əhməd N. Abbasbəyli

Siyasi şərhçi

 

 

Share: