“Lavrov iki rayonu qaytarır, ya Allah…”

Əminəm ki, Şuşa başda, zirvədə olmaqla geri götürdüyümüz torpaqlarımızın, bu yerlərin əkilməsinin, şumlanmasının sevinci hansısa Qaregin Njdeyə qoyulmuş heykəlin götürülməsinin sevincindən min dəfələrlə artıqdır.

Bir rayonu belə azad edə biləcəyimizə inanmırdıq… “Lavrov iki rayonu qaytarmağa söz verib, ya Allah!” deyirdik. “Araik Arutyunyanla Bakının nümayəndəsi görüşdü!” deyə, qeybətxana açmayaq. Tutalım belə bir görüş lap olub, gəlin düşünək, hansı Arutyunyandı bu? Sındırılmış, darmadağın edilmiş Araik deyilmi? Hansı tullantıdı və onun zavallı qiyafəsi daha çox danşıq aparmağa, yoxsa ifadə verməyə bənzəyir. Hanı Dağlıq Qarabağın o vahiməli separatçı quldur qarabaşları?

Dağlıq Qarabağa içimizlə köçək. Vətən sevgisini imana çevirməyi bacaraq. Unutmayaq ki, şəhidlərimizin ruhu bir yana, itkinlərimizin yolunu gözləyən 4, 6 yaşlı körpələrimiz var. Baxın. Bu itkinimiz İbrahim Səməd Vəlizadədir.

İtkinlərin valideynləri ilə danışmaq Kəbə evinin yanında dua etmək kimidir. Ağırdı, hüznlüdü … həm də qorxursan… İtkin düşmüş bu döyüşçümüz isə Əkbər Bəylər oğlu Pənahovdur. Məncə, bu saat onun balalarının gözlərinin içinə baxmaqdan ağır mənzərə yoxdur.

Bu şəkillər Şuşa qədər müqəddəsdir. İşğaldan azad edilmiş hər bir yaşayış məntəqəmiz kimi müqəddəs. Qələbəmiz haqqında artıq-əskik danışmaq bu baxışların qarşısında küfr etmək kimidir. İtkin düşmüş başqa döyüşçü müqəddəslərimiz kimi İbrahimi də, Əkbəri də hər gün, hər saat axtarırlar. Axtarış ərazisi çox böyükdür. Ağdərə səmtinə, Murov tərəfə də düşən yerlər var. Burada tez-tez yağan qarın qalın örtüyü, coğrafi mürəkkəbliklər problem yaradır. Ərazi böyükdür. İtkin düşmüş və girovlarla iş üzrə komissiyanın, Prokurorluğun nümayəndələrinin daxil olduğu xüsusi qrup gecə-gündüz işləyir. Bəzən isə reallıq o qədər dəhşətli ola bilir ki, heç DNK analizləri belə gözənilən nəticə vermir. Belə olan halda qazilərin, qazi ailələrinin, şəhid ailələrinin emosional vəziyyətlərindən istifadə etməyə çalışaraq vətəndaşı dövlət əleyhinə qaldırmağa cəhd göstərənlərin vicdanı barədə düşünürsən. Şəhid və itkin dərdini möhtəkircəsinə bazara çıxaran dəllalların əllərini kəsmək istəyirsən. Şəhidlərin, itkinlərin kədərinə şərik olmaq lazımdır, o kədəri küçələrə, yollara dağıtmaq yox. Sizin dərdinizi öpürük, əziz şəhid anaları, ataları, itkinlərin ata-anaları…

Unudulmamalıdır ki, 44 günlük savaş bir xalq müharibəsi idi. Ali Baş Komandanın başçılığı altında Azərbaycan döyüşçüsünün, xalqın qələbəsi ilə yekunlaşan şərəf, zəfər yürüşü idi. Bu gün qazilərimizin bərpası ərazi bütövlüyümüzün bərpasının davamı tək ali vəzifəyə çevrilib. Prezidentin iradəsilə yaradılmış, milli mentalitetimizin artıq ən uğurlu sosial layihə modeli kimi qəbul etdiyi YAŞAT Fondu həm də “iki dövlət bir millət” fəlsəfəsinin daha bir nümunəsini təqdim edir. Müharibədə Azərbaycana ilk gündən mənəvi dəstək verən Türkiyə qazilərimizin də yanındadır. Mübarizə bitməyib. Dünən torpaq uğrundaydısa, bu gün qazimizin həyatı uğrundadır!

Bu qələbəyə hamı öz töhfəsini verdi. Ana var idi, övladını verdi, nənə var idi kəfən pulunu… Ona görə də xalqı birlik, monolitlik yerindən vurmaq insanlıqdan deyil. Gəlin xalqın sevinmək haqqını kölgələməyək, şəhid doğmalarının, qazilərimizin qələbə haqqından kəsməyək. 30 ildir ki, işi ağlamaq olan bu xalqa sevinmək ayinəri aşılayaq. Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Füzulini, Qubadlını, Zəngilanı, Cəbrayılı, yüzlərlə yaşayış məntəqəmizi azad etməyimizin sevincinə, Qarabağı savaşla almağımızın sevincinə ayıq və layiq olaq. “Xarici düşmənlə vuruşduq, indi daxili düşmən üzərinə gedək” devizi sonadək səmimi deyil. Bu tezis birləşmək ehtiyacı yaşayan millətin içinə çat salır. Ağına-bozuna baxmadan məmura nifrət aşılamaq ideyasının arxasında zəhərli niyyət durur. Bu niyyətin arxasında duranlar qaragüruh təmsilçiləridir. Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, onlara tribuna verən Osmanqızılardır. Onların ölkədəki bir ovuc artıq-urtuğudur…

Mir ŞAHİN

Share: