Səhnə fədaisi: Allahverən Babayevin yaradıcılıq palitrası və Lənkəranın teatr mühiti

Səhnə fədaisi: Allahverən Babayevin yaradıcılıq palitrası və Lənkəranın teatr mühiti

 

Teatr insan ruhunun aynası, zamanın bədii-fəlsəfi mənzərəsini vizuallaşdıran canlı orqanizmdir. Azərbaycanın köklü teatr ənənələrinə malik olan bölgələrindən biri füsunkar təbiəti və unikal mədəniyyəti ilə seçilən Lənkəran torpağıdır. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının fəaliyyət kontekstində, səhnə sənətinə ömrünü şam kimi fəda edən aktyorların rolu əvəzsizdir. Bu sənətkarlar içərisində özünün fərdi oyun tərzi, fəlsəfi-psixoloji dərinliyi və plastikası ilə seçilən aktyor Allahverən Babayev bədii mühitin ən parlaq simalarındandır. Allahverən Hacı oğlu Babayev 20 yanvar 1961-ci ildə Lerik rayonunun Monidigah (Mondigah) kəndində anadan olmuşdur.
O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (keçmiş Azərbaycan Dövlət İncəsənət İnstitutu) bitirmişdir.
1983–1987-ci illərdə həmin ali təhsil ocağının “Dram və kino aktyorluğu” fakültəsində, Azərbaycan teatr sənətinin korifeyi, böyük rejissor və pedaqoq Mehdi Məmmədovun kursunda unudulmaz tələbəlik illəri keçirmiş və sənətin sirlərinə yiyələnmişdir.
Ali təhsilini tamamladıqdan dərhal sonra 1987-ci ildən etibarən taleyini Lənkəran Dövlət Dram Teatrına bağlamış və ömrünün 35 ildən çoxunu bu müqəddəs səhnəyə bəxş etmişdir.
Allahverən Babayevin aktyorluq ampuluası geniş spektrlidir. O, yalnız milli dramaturgiyanın deyil, həm də dünya klassiklərinin mürəkkəb personajlarını səhnədə canlandırmağı bacaran intellektual aktyor tipajıdır. Teatrşünaslıq elmi baxımından yanaşdıqda, onun oyun üslubunda Stanislavski sisteminin daxili psixologizmi ilə Mixail Çexov məktəbinin xarici ifadəliliyi sintez təşkil edir. M. Meterlinkin “Korlar” əsərindəki personajdan tutmuş, Əziz Nesinin, Şarl Perronun əsərlərinə, eləcə də milli komediya və dram janrlarına qədər sənətkar obrazın daxili “Mən”ini tapmağa müvəffəq olur. Uzun illərdir ümumrayon tədbirlərində canlandırdığı ulu “Dədə Qorqud” obrazı isə onun təkcə bir aktyor deyil, həm də milli-mənəvi dəyərlərin daşıyıcısı olduğunun elmi-kulturoloji sübutudur.
Səhnədə yaşayan sözə gəldikdə aktyor səhnədə sözü sadəcə tələffüz etmir, ona can verir, sanki damarından qan verir. Allahverən Babayevin sənət dünyasını poetik dillə ifadə etsək, onun hər bir rolu ssenari vərəqlərindən qopub gələn canlı bir şeir, bir fəryad və ya təbəssümdür.

Səhnə bir ömürlük sınaq meydanı
Hər sükut bir nəğmə, bir səs dastanı,
Aktyor ruhuyla bəzər zamanı,
Min bir ömür yaşar o, bircə candan…

Cənubun sənət məbədi və səhnəyə bağlanan ömürlər bir teatr binasının hüdudlarını aşaraq, Xəzərin dalğalarından Lənkəranın füsunkar təbiətinə qədər bütün cənub elinin mənəvi aynasına çevrilən bədii bir dünyadır. Bu elə bir dünyadır ki, orada sənətkarın saçı səhnədə ağarır, qəlbi səhnədə döyünür və o, bircə canda minlərlə insanın taleyini yaşayaraq əbədiyyət qazanır.
Allahverən Babayevin Lənkəran Dövlət Dram Teatrındakı fəaliyyəti gənc nəsil aktyorlar üçün əsl məktəbdir. Dövlət tərəfindən yüksək qiymətləndirilərək Prezident mükafatına layiq görülməsi, onun yaradıcılıq fədakarlığına verilən real dəyərdir. O, səhnəni bəzəyən, obrazları ilə könüllərdə taxt quran, bədii estetikası ilə teatr tariximizi zənginləşdirən əsl sənət fədaisidir. Zaman ötəcək, Lənkəran teatrının qocaman divarları onun səsini, addımlarını və səhnəyə bəxş etdiyi ruhu hər zaman sevgiylə yaşadacaqdır.Var olun doğma insan sənətiniz, obrazlarınız və doğma insana olan vəfanız hər zaman uca olsun!

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə dokturu dosent
Lənkəran Tarix Diyarşünaslıq Muzeyi nin direktoru Leyla Qadir qızı Məcidova

Share: