Milli Qurtuluşdan müasir zəfərlərə: Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan konfrans keçirildi

Milli Qurtuluşdan müasir zəfərlərə: Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan konfrans keçirildi

2026-cı ilin 12 iyun tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev Milli Qurtuluşumuzun müəllifidir” mövzusunda konfrans keçirilib.

Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunan konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin, YAP Mingəçevir şəhər təşkilatının rəhbərliyi, partiya üzvləri, Mingəçevir Dövlət Universitetinin akademik-inzibati heyəti, tələbə və magistrantlar, şəhid ailələrinin üzvləri, müharibə veteranları, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edilib. Daha sonra Heydər Əliyev Mərkəzinin foyesində Milli Qurtuluş Gününə həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər, rəsmlər, eksponatlar, həmçinin vətənpərvərlik ruhunda hazırlanmış əl işləri nümayiş olunub.
Konfrans Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ardınca Ulu Öndər Heydər Əliyevin ömür yoluna, siyasi fəaliyyətinə, Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konfransı giriş nitqi ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Milli Qurtuluş Gününün Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb. Bildirib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi parçalanma, xaos və vətəndaş qarşıdurması təhlükəsindən xilas edib, müstəqil Azərbaycan dövlətçiliyinin qorunması və gələcək inkişafı üçün möhkəm siyasi əsas yaradıb. İlham İsmayılov qeyd edib ki, 15 iyun 1993-cü il Azərbaycan xalqı və dövlətçiliyi üçün qurtuluş tarixinin başlanğıcı olmaqla yanaşı, həm də milli həmrəyliyin, dövlətə inamın və sabit inkişaf yolunun rəmzinə çevrilib.
Açılış nitqindən sonra İlham İsmayılov “15 iyun 1993-cü il Azərbaycan xalqı və dövlətçiliyi üçün qurtuluş tarixinin başlanğıcıdır” mövzusu ətrafında çıxışını davam etdirib. O, Ulu Öndərin rəhbərliyi ilə ölkədə siyasi sabitliyin təmin edildiyini, müstəqil dövlət institutlarının formalaşdırıldığını, Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıldığını diqqətə çatdırıb.
Daha sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “15 İyun – Milli Qurtuluş Günü müasir dövlətçilik tariximizin ən parlaq səhifəsidir” mövzusunda çıxış edərək Ulu Öndər Heydər Əliyevin siyasi irsinin müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil etdiyini bildirib. O, Yeni Azərbaycan Partiyasının dövlətçilik ideyalarına, milli həmrəyliyə və xalq-dövlət birliyinə söykənən fəaliyyətinin Heydər Əliyev siyasi kursunun davamı kimi mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov “Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir” mövzusunda çıxışında bildirib ki, 15 İyun Azərbaycan dövlətçiliyinin xilası, milli iradənin zəfəri və müstəqilliyimizin əbədiliyinin təmin olunduğu tarixi gündür. Rektor vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində elm və təhsil xüsusi yer tutub, “Təhsil millətin gələcəyidir” ideyası müstəqil Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilib. Anar Eminov qeyd edib ki, Mingəçevir Dövlət Universiteti də bu irsə sadiq qalaraq milli dəyərlərə bağlı, bilikli və vətənpərvər gənclərin yetişdirilməsini əsas hədəf kimi müəyyənləşdirir.
Qərbi Azərbaycan İcmasının Mingəçevir şəhər nümayəndəliyinin sədri Mayıl İsmayılov “Ulu Öndər Heydər Əliyev Milli İnkişaf Strategiyamızın yaradıcısıdır” mövzusunda çıxışında Heydər Əliyev irsinin yalnız siyasi sabitlik və dövlət quruculuğu ilə məhdudlaşmadığını, həm də milli kimlik, azərbaycançılıq ideologiyası, tarixi yaddaş və milli birlik baxımından mühüm dəyər daşıdığını bildirib. O, Ulu Öndərin azərbaycançılıq ideyasının xalqımızı vahid məfkurə ətrafında birləşdirən güclü ideoloji əsas olduğunu diqqətə çatdırıb.
Mingəçevir şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinin baş həkimi Şəmsinur Hüseynova “Müstəqil Azərbaycanın müasir zəfərləri əsası Ulu Öndər tərəfindən qoyulan siyasi kursun uğurlu davamıdır” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilməsinin məntiqi nəticəsidir.
Çıxışlarda 15 İyun – Milli Qurtuluş Gününün xalqımızın taleyində dönüş nöqtəsi olduğu, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycanın müstəqilliyinin möhkəmləndiyi, dövlətçiliyin qorunduğu və ölkənin davamlı inkişaf yoluna qədəm qoyduğu xüsusi vurğulanıb.
Konfrans bədii hissə ilə davam edib. Bədii hissədə Mingəçevir Dövlət Universitetinin tələbələri və məktəblilərin ifasında kompozisiya təqdim olunub, vətənpərvərlik ruhunda musiqilər səsləndirilib. Təqdim olunan ədəbi-bədii kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb və tədbirə xüsusi ruh yüksəkliyi qatıb.
Sonda bildirilib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının müasir tarixində müstəqilliyin, dövlətçiliyin və milli həmrəyliyin qorunması baxımından əbədiyaşar tarixdir. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsi müasir Azərbaycanın inkişafında, dövlətimizin güclənməsində və gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşmasında mühüm yol xəritəsi olaraq yaşayır.
 

Share: