83 rəqəmi Allahın qoruyucu enerjisi ilə əlaqələndirilir…

83 rəqəmi Allahın qoruyucu enerjisi ilə əlaqələndirilir…

Xalqımızın belə bir alqışı var- “Gözü dolusu görəsən!” Kim nə deyir desin, uzunömürlü olmaq elə gözü dolusu görmək, ömür sürmək deməkdir. Bəli, bu Allahın bəndəsinə cəzası deyil, lütfüdür.

Bu gün onun 83 yaşı tamam olur. 100-ə çatmağa cəmi 17 ili qalıb. Necə deyərlər, papağını bir dəfə də fırlatsa gedib 100-ə çatacaq. Görək hələ mələklərin numerologiya sistemi 83 rəqəmini necə xarakterizə edir? Numerologiyada bu rəqəm yaradıcılıq, müstəqillik və güclü daxili intuisiyanı simvolizə edir, eyni zamanda, səbir, nizam-intizam və diqqəti doğru məqsədlərə yönəltmək barədə mesajlar daşıyır. Gələcəyi görməkdən daha çox, şüuraltını və daxili səsi anlamağa, psixoloji dəstək almağa və ya şəxsi inkişaf üçün istifadə edilən 78 xüsusi kartdan ibarət Tarotda isə 83 rəqəmi özünü ifadə etmə, sənət və azad düşüncəni təmsil edir. İnsanlara potensiallarını kəşf etməyi və hər hansı bir addımı atmaqdan öncə zehni tarazlıq yaratmağı xatırladır. Bəzi mistik mənbələrdə də bu rəqəm haqqında məlumat var. “83” Allahın qoruyucu və ilhamlandırıcı enerjisi ilə əlaqələndirilir…
Rejissor, senarist, yazıçı, naşir, reportyor və media təşkilatçısı, ANS Şirkətlər Qrupunun prezidenti, VMF Natural Frequencies şirkətinin təsisçisi Vahid Mustafayev onun haqqında söyləyir: “Yaradıcılığının ən mühüm irsi onun fiziki, təbii mühiti hekayədəki dramatik səhnələri ruhlandırmaq gücü ilə bəxş etmək bacarığındadır. Bu yanaşmanın kökü bir tərəfdən islamın seyid cədlərinin ayinlərinə arxalanırsa, digər tərəfdən isə ən müasir elm, texnologiya və inkişaf daşıyan irsindən qidalanır. Onun Azərbaycan kinoindustriyasında yaratdığı və inkişaf etdirdiyi üsullar bir çox rejissorlar üçün ən güclü stilistik qərar olduğunu sübut etdi.”
Sovet İttifaqının Leninqrad şəhəri Hitler Almaniysının faşistlərinin blokadasında olanda, 1943-cü ilin iyun ayının 12-də dünyaya gəlib. Həmin gün şənbə günü olub. Elə buna görə də məsuliyyətli, çətinliklərə dözümlü və zəhmətkeş adamdır. Problemlər qarşısında təşvişə düşmür, addımlarını ölçüb-biçərək hərəkət edir. İş həyatında nizam-intizama xüsusi önəm verir. Bu xüsusiyyət onun xarakterinə elə hopub ki, bəzən evdə belə işdəki kimi ciddi və tələbkar davranır. Gənclik illərində müəyyən maneələrlə çox üzləşib, lakin orta yaşlarında və yetkinlik dövründə daha çox xoşbəxtlik və uğur qazanıb…
Vahid Mustafayev daha sonra söyləyir: “Onun 1987-ci ildə çəkdiyi “ Göz qabağında şeytan” filmi sevdiyim əsərlərdən biridir. O, bu filmi ilə rejissor kimi Asim Cəlilovun ssenarisini canlandırmaqla yanaşı, sənədlər və faktlar üzərində böyük Sovet imperiyasının bir neçə ildən sonra dağılmasının düsturunu artıq şirin yuxu metaforaları ilə yox, əksinə, oyanmağa məcbur edən şillə formasında ekrana çırparaq onu cırdı və tamaşaçı bu ağ kəfəni addımlayaraq real həyata gözlərini açdı. Elə həmin il Azərbaycanda xalq hərakatı dirçəldi və bir neçə ildən sonra İstiqlaliyyət mücadiləsi başlandı. Azərbaycan yenə də müstəqilliyini bərpa etdi! Onun “Göz qabağında şeytan” kinolenti bu gün Federiko Fellininin 1960-cı ildə Fransa kinematoqrafçıları ilə birlikdə çəkdiyi “Şirin həyat”, Sovet kinosundan Sergey Gerasimovun 1967-ci ildə çəkdiyi “Jurnalist” və Eldar Quliyevin 1971-ci ildə çəkdiyi “Ən vacib müsahibə”, İtaliya kinosunun böyük simalarından biri Mikelancelo Antonioninin 1975-ci ildə çəkdiyi “Peşəsi: reportyor” jurnalistlərə həsr olunmuş filmləri kimi dünya mədəniyyətinin fenomenidir. Lakin fərq ondan ibarətdir ki, Fellininin, Gerasimovun, Antanioninin və Quliyevin filmlərinə baxanda mən onların baş qəhrəmanlarına inanıram və düşünürəm ki, onlar hər şeyə qadirdilər, amma onun filmlərinə baxanda mən özümə inanmağa başlayıram və inanıram ki, mən hər şeyə qadirəm…”
Bəli, söhbət kinorejissor, ssenarist, xalq artisti, “Şərəf” və “İstiqlal” ordenli Oqtay Mirqasımovdan gedir. Bu gün onun 83 yaşı tamam olur. Yeni yaşı mübarək olsun!..
Hörmətlə, Elman Eldaroğlu
Share: