Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən din xadimlərinin BƏYANATI

Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən din xadimləri və dini icma sədrlərinin İran İslam Respublikasının ölkəmizlə bağlı həyata keçirdiyi siyasətə qarşı

                                       BƏYANATI

Azərbaycan Respublikası yaxın qonşu və müsəlman dövləti hesab etdiyi İran İslam Respublikası ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişafına çalışıb, onun daxili işlərinə müdaxilə kimi dəyərləndiriləcək hər hansı addımlara yol verməmişdir. Rəsmi Bakı Qərb ölkələrinin İrana qarşı sanksiya və embarqolarına qarşı çıxmış, siyasi gərginliyin danışıqlar yolu ilə aradan qaldırılmasının vacibliyini hər zaman bəyan etmişdir. Daima mövcud anlaşılmazlıqların qarşıdurma müstəvisinə keçməsinə qarşı olmuş, Azərbaycan ərazisindən və hava məkanından İrana qarşı hərbi platsdarm kimi istifadə cəhdlərinə heç zaman yol verməyəcəyini qətiyyətlə bəyan etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev İranın Azərbaycanla tarixi kökləri olan qonşuluq və dostluq münasibətlərinin inkişafına xüsusi önəm vermişdir. Prezident İlham Əliyev Cəbrayıl rayonuna ilk səfəri zamanı sərhədçilərlə görüşündə Azərbaycan-İran sərhədini “Dostluq sərhədi” adlandırması da qonşu ölkə ilə qarşılıqlı faydalı əməkdaşlığa olan səmimi niyyəti, yanaşmanı özündə təcəssüm etdirmişdir.

Lakin təəssüflə vurğulamaq lazımdır ki, İran Azərbaycana münasibətində qonşuluq və dostluq münasibətlərinin xarakteri ilə uzlaşmayan qeyri-səmimi, destruktiv yanaşmalara yol verir.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda sıx əməkdaşlıq etdiyi İranın təcavüzkar Ermənistana açıq-aşkar iqtisadi-siyasi dəstək verməsinə baxmayaraq bunu qonşu ölkənin daxili işi kimi dəyərləndirmişdir. Halbuki, İslam həmrəyliyi, dini-mənəvi dəyərlər və ən əsası beynəlxalq hüquq normaları baxımından İranın təcavüzkar Ermənistana bu dəstəyi rəsmi Tehranın dünyada sülh və ədalət çağırışları ilə ziddiyyət təşkil edir.

İran Azərbaycanın ərazi bütövlüyünü İslam Əməkdaşlıq Təşkilatında dəstəkləsə də amma heç vaxt Ermənistanı işğalçı dövlət adlandırmadı. Azərbaycan ərazilərini işğal etdiyinə görə İran Ermənistana heç zaman sanksiya tətbiq etmədi. Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı, məscidlərimizi tövləyə çevirərək haram buyurulan heyvanlarla təhqir etdiyi, qadın, qoca və uşaqlarını qətliam etdiyi, Xocalıda soyqırım törətdiyi, yüz minləri dədə-baba yurdundan məcburi çıxardığı, şəhərlərimizi viran qoyduğu günlərdə İran dövləti bu vandalizm hallarına qarşı öz etirazını bildirmədi, erməni işğalını pisləyən hər hansı qəti bəyanat belə səsləndirmədi.

Əksinə Ermənistanın üç eks-prezidenti, həm Levon Terpetrosyan, həm Robert Koçaryan, həm də Serj Sarkisyan İranı Ermənistanın xilaskarı hesab edib, bununla bağlı hətta rəsmi bəyanatlar da vermişlər. Ermənistanın keçmiş prezidenti Levon Terpetrosyan bildirmişdi ki: “İranın dəstəyi olmasaydı, Ermənistan Azərbaycan torpaqlarını işğal edə bilməzdi”.

Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan etmiş İran İslam Respublikası 44 günlük Vətən Müharibəsinin ilk günlərində də beynəlxalq hüququ, İslam dəyərlərini əsas tutmadı, ölkəmizin haqlı mövqeyinə hər hansı dəstək ifadə etmədi. Sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini iddia edən cənub qonşumuz əməldə təcavüzkarı şirnikləndirən, onun təcriddən çıxmasına kömək edən “təşəbbüslərə” yol verməkdədir.

Vətən Müharibəsi zamanı İran ərazisi vasitəsilə böyük həcmdə hərbi texnikanın və silah-sursatın Ermənistana daşınması da, əslində, İranın təcavüzkara açıq dəstəyini nümayiş etdirdi. Rəsmi Tehran yalnız Vətən Müharibəsinin son günlərində ölkəmizin ərazi bütövlüyü ilə bağlı müəyyən gecikmiş bəyanatlar vermək, mövqeyini qətiləşdirmək məcburiyyətində qaldı. İran rəsmiləri nədənsə anlamaq istəmir ki, Azərbaycan hansısa ölkənin ərazisinə iddia etmir və yalnız beynəlxalq hüquqla tanınmış sərhədlərinin bərpasına çalışır. Hətta İran ərazisində keçirilən bəzi rəsmi görüşlərdə qısqanclığını büruzə verərək Azərbaycan bayrağının tərsinə asılması kimi təsadüfi olmayan həssas məqamları görməzlikdən gəlir.

Din duyğusu insanın fitrətindən gəlir. Tarixin heç bir anında dinsiz toplum olmayıb və yəqin ki, olmayacaq da. Təsadüfi deyil ki, 70 illik sovet hakimiyyəti ateist toplum yaratmağa çalışsa da buna nail ola bilmədi.

Azərbaycanda din dövlətdən ayrıdır, biz məscidlərimizdə heç bir dövlətə qarşı hər hansı təbliğat aparmır, heç kəsin daxili işlərinə qarışmırıq. Lakin mənəvi həyatımıza qarşı, dövlətçiliyimizə qarşı hər hansı təhdid və qarayaxmaya göz yuma bilmərik. Müqəddəs dinimiz İslam bizə haqqın, ədalətin yanında yer almağı təlqin edir.

Tarix göstərir ki, dinin qadağan olunduğu cəmiyyətdən qurtulan Azərbaycanda dindarlıq duyğumuz xaricdən təlqin olunan zərərli “ilahi” ideologiyalara açıq hala gətirildi. Ölkəmizə təsir göstərən İran kökənli siyasi dindarlıq da getdikcə dövlət quruluşumuzun ciddi şəkildə təhdid mənbəyinə çevrildi. Azərbaycanın konstitusion quruluşunun dəyişdirilməsini, dövlətçilik prinsiplərinin ortadan qaldırılmasını, xalqımızın milli-mənəvi dəyərlərininin yox edilməsini hədəfləyən İranın dindən siyasi alət kimi istifadə etməsi aşkar görünür. Azərbaycana təlqin olunan dini libasla bürünmüş siyasi ideologiyanın yayılma mexanizmi onillərdir dəyişilməyən eyni metodlarla aparılır. Dindarlardan istifadə etməklə ölkədə iğtişaşların törədilməsinə, ictimai təhlükəsizliyin pozulmasına və insanların itaətsizliyə təhrik edilməsinə təşəbbüslər göstərilir.

İranın himayəsinə sığınan və beynəlxalq axtarışa verilmiş üzdəniraq azərbaycanlılar açıq şəkildə Azərbaycanda şəriət qanunuları ilə idarə olunan dövlətin yaradılmasına çağırışlar edirlər. Bizi təəccübləndirən bu cür şəxslərin yaxın qonşumuz olan İranda gizlənərək bu təxribatları həyata keçirmələridir. Bəs görəsən Azərbaycan dövlətçiliyi əleyhinə apardıqları təbliğatda  İran rəsmilərinin  üzərinə hansı öhdəlik düşür?!

İranın Azərbaycanda öz yumşaq gücünü formalaşdırmaq üçün təbliğatçılarını yetişdirməsi, müxtəlif təxribatlar törətmək üçün qara qüvvələr hazırlaması və bütün bu fəaliyyətləri maliyyələşdirməsi artıq heç kimə sirr deyildir.

İslam dini bizi birləşdirən müqəddəs dəyərdir. Vətənimiz Azərbaycan dövləti və xalqı bizim üçün qırmızı xətdir. Azərbaycanın dindarları dövlətçiliyimizə sadiqdirlər və dövlət mənafeyini, ölkəmizin suverenliyini qorumaq yolunda bir yumruq kimi öz Ali Baş Komandanı İlham Əliyevin ətrafında birləşmişlər.

Bununla əlaqədar Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri olaraq İran dövlətinin və İranın rəsmi şəxslərinin reallığı əks etdirməyən, qərəzli, məsuliyyətsiz bəyanat və açıqlamalarını haqlı olaraq ölkəmizin milli maraq və mənafeləri prizmasından dəyərləndirir və istənilən təhdid çalarlarına qarşı qətiyyətli mövqeyimizi bildiririk. Biz İran rəsmilərinin və dini libasda İranda gizlənən ünsürlərin ölkəmizin daxili işlərinə qarışmasını yolverilməz hesab edirik.

 

 

Share: