Tanınmış politoloqdan son durumla bağlı maraqlı açıqlamalar…
“Referendumun oyatdığı meylləri aradan qaldırmaq üçün görülməli olan tədbirlər sisteminin hələ çox kiçik hissəsi həyata keçirilib”. Bu barədə politoloq Qabil Hüseynli Şimali İraq Kürd Muxtariyyətinin 25 sentyabrda müstəqillik referendumundan indiyə qədər ki, cərəyan edən prosesləri və hazırkı durumu şərh edərkən bildirib.
Q.Hüseynli “Yeni Müsavat” şərhində qeyd etdi ki, qarşıda həm İraqı, həm də onun qonşularını yeni addımlar atmağa vadar edə biləcək tələblərin qaldığını söyləmək mümkündür: “Yəni Yaxın Şərqin bu bölgəsində siyasi hərarət hələ aşağı düşməyib və ola bilsin artacağı meylləri də yavaş-yavaş görünməkdədir. Amma müstəqilliklə bağlı kürdlərin düşündükləri uzun müddətə təxirə salınıb. Şimali İraq Kürd Muxtariyyətindəki adı muxtariyyət olub özü daha çox müstəqil olan ictimai sistem hələ demontaj olunmayıb. İraq öz ərazi bütövlüyünün təmin edilməsi və separatizmə qarşı mübarizədə müəyyən irəliləyişlər əldə edib. Amma proses hazırda yerində saymaqdadır. Bütövlükdə İraqın suverenliyi Kürd Muxtariyyətinin müəyyən hissələrində bəzi yerlərdə cüzi, bəzi yerlərdə nisbətən uğurlu həyata keçirilə bilib. Məsələn, Kərkük peşmərgələrdən azad olunub. Neft qaynaqlarının ən azı, 60-70 faizi İraq mərkəzi hökumətinin nəzarəti altına keçib”.
Politoloq kürdlər üçün daha ciddi problemin neft məsələsi ilə bağlı yarandığını dedi: “Şimali İraq Kürd Muxtariyyətinin neft hasilatı və nəqli məsələsində ciddi problemlər yaranıb. Xüsusilə, muxtariyyətin Rusiyanın ən böyük neft şirkəti olan ”Rossneft”lə bağladığı 3 milyard dollar məbləğində müqavilə batmaq üzrədir. Rossneft onun 1 milyardının əvvəlcədən ödəyib və həmin pul muxtariyyətin müəyyən ehtiyaclarının ödənilməsinə sərf edilib. Yəni hələ ki, Şimali İraq Kürd Muxtariyyəti ilə rəsmi Bağdad arasında nəzərdə tutulan dialoq reallaşmır. Həmin dialoqun predmeti Şimali İraq Kürd Muxtariyyətinin əvvəlki ərazilərə qaytarılması, sonra isə muxtariyyətin tələb etdiyi səlahiyyətlərin onlarda saxlanılıb mərkəzə aid olan səlahiyyətlərin Bağdada ötürülməsi prosesi də hələ baş verməyib. Məsud Bərzaninin istefası ilə bağlı parlamentin qəbul etdiyi qərardan başqa hələ ki hakimiyyətdə mərkəzləşmənin və Bağdaddan asılılığın zəiflədilməsi prosesinin əksi olan proseslər başlamayıb. Bağdaddan ya baş nazirin və ya müxtəlif rəsmi şəxslərin verdiyi ultimativ tələblər havadan asılı olaraq qalır. Eyni zamanda Bağdad ordusu da həmin mövqelərdə qalır. Məsələn, Ərbil və Süleymaniyyə arasında İraq hökumətinin iri ordu birləşmələri qalmaqdadır. Amma hərbi əməliyyatlar getmir. Peşmərgələr də həmin bölgədə müdafiə mövqeyi tutublar. Yəni Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik atributlarından olan ordunun silahsızlaşdırılması və Bağdada tabe edilməsi prosesi də hələ başlamayıb. Nə vaxt başlayacağını da söyləmək çətindir. Bundan başqa, Ərbil hökumətinin neft satmaq və neftdən gələn gəlirləri Şimali Kürd Muxtariyyətinin büdcəsinə yönləndirmək arzularının qarşısı kəsilsə də onlar hələ bu arzudan vaz keçməyiblər. Neftdən imtinanın müqabilində Bağdaddan Şimali Kürd Muxtariyyətindəki məmurların maaşlarının, sosial proqramlar üçün lazım olan vəsaitlərin muxtariyyətin büdcəsinə ödənilməsini tələb edirlər. Bağdad yalnız məmurların bir hissəsinin maaşını verəcəyini vəd edir. O da hələlik baş tutmayıb. Bu durum isə muxtariyyətdə ciddi iqtisadi böhrana səbəb olub, maddi rifah halı xeyli aşağı düşüb”.
Politoloq vurğuladı ki, beləliklə, hələlik mərkəzlə əyalət arasında münasibətlər konstitusiya çərçivəsində cərəyan etmir: “Yalnız siyasi liderlərin yazışması, polemikası, bəyanatları şəklində özünü büruzə verir. Doğrudur, Ərbilin müstəqilliyə yönəlmiş hərəkətlərini dünya müdafiə etmədi. İlk növbədə elə ABŞ-ın özü bunu dəstəkləmədi. Amma ortaya ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillersonun Şimali Kürd Muxtariyyətinin müstəqilliyini dəstəkləyəcəkləri barədə yazdığı məktub çıxdı. Bu da Amerikanın bölgədə yeritdiyi siyasətin qeyri-səmimiliyini ortaya çıxardı. İranla Türkiyə separatizmə qarşı birgə əməliyyatlar keçirmək haqqında razılığa gəliblər. Bağdad isə Türkiyədən Şimali İraqla daha təsirli tədbirlər görməyi rica edir. Şimali İraq Kürd Muxtariyyəti isə Türkiyəyə tərif dolu bəyanatlar ünvanlayaraq ortamı sakitləşdirir. Amma PKK məsələsinin ciddiliyi Türkiyəni hərəkətə keçməyə məcbur edəcək. İranın da bu məsələyə qoşulması bölgədə vəziyyətin bir az da gərginləşəcəyinin işarələrini verməkdədir”.