Kiçik hekayənin milli-mənəvi yükü

(Vaqif Osmanov Zemfira Məhərrəmlinin hekayəsi haqda yazır)

Kosmonavtlarin dediyinə görə, kosmosdan baxanda qartala bənzəyən Azərbaycan bir nöqtə boydadır. Burda əslində hamı can deyib can eşitməlidir. Yer kürəsinin bir evi böyüklükdə Vətənimizdə hamımızın bir evin mehriban, həmrəy sakinləri kimi yaşaması öz əlimizdə deyilmi?

Yazıçı, jurnalist, publisist Zemfira xanım Məhərrəmli insan beşiyi Yer kürəsini dar yer kimi təsvir edəndə onun bəşəri sevgisinə şübhə yeri qalmır. Yəni biz hamımız bir beşikdə böyümüşük, mərhəmətli olun, ey insanlar. Təsadüfi deyil ki, “dağ dağa rast gəlməsə də, insan insana rast gələr” atalar sözü bizim müdriklərin fikridir. Atalar sözlərimiz ulu Türkün milli-mənəvi dəyəri kimi bizi doğru yola səsləyən hikmət xəzinəsdi.
Zemfira xanım yığcam, məna yükü cahanşümul “Dünya gör necə dardır…” hekayəsində iki nakam insan taleyinə Moskvada yaşayan Azərbaycan ailəsinin həssas münasibətini qələmə alınıb. Yazıçının duyğulu ürəyi hekayəni daha da maraqlı edib, düşünüb-daşınmaq, mənəvi durulmaq üçün çox incə məqamlara toxunulub. Özümü hekayədəki hadisələrin, söhbətlərin şahidi, iştirakçısı hesab etdim. Bəri başdan deyim ki, bu yazıçı təxəyyülünün, təhkiyəsini əzəmətidi. Duyğulanmaq, duyğulandırmaq özünəqayıdış, özünüredaktənin bir mərhələsidi. Yazıçı bunu bacarıb. Inaniram ki, hekayəni yazmağa başlayandan son nöqtəni qoyana qədər Zemfira xanımın gözləri nəmli olub. Ana ürəyidir, məhz belə də olmalıdır.
Qürbətdə yaşayan (indi Moskva da qürbətdir), bir mehriban üz görəndə, ana dilimizdə şirin ləhcə ilə danşan həmsöhbət tapanda sevinən (özü də başqa xalqın nümayəndəsi) Sərvər və Ağgülün ailəsi soyuducu ustası Dimanın həyat hekayətini duyğusuz dinləyə bilməzdi. Armudu stəkanda limonlu, mürəbbəli çay süfrəsi, gülərüzlə qonaq qarşılamaq da xalqımızın mənəvi dəyərlərinin aliliyini göstərən bir mədəniyyət nümunəsidir.
Zemfira xanım Dimanın və azərbaycanlı balası, körpə vaxtından avtomobil qəzasında hər iki valideynini itirən Ruslanın Ufadakı uşaq evində keçirdiyi mənəvi sarsıntıları çox kövrək hisslərlə qələmə almışdır, düşünürsən ki, nə yaxşı dünya mərhəmətli insanlardan xali deyil.
Hekayədəki obrazlar – Ağgül, Sərvər, onların övladları Azər, Günel, Niyaz dayı, Məsumə xala, Dima, onun oğlu Iqor, Ruslan kimi insanlara bəlkə də hər gün rast gəlirik, ancaq onların daxili dünyasından xəbərdar deyilik. Yazıçı bu insanları bizə elə tanıdır və sevdirir ki, hamımızın doğmasına çevrilir.
Hafiz Xarəzmiyə görə, ancaq məhəbbətlə yaşanan günlər ömürdəndir. Ağgül xanım da belə ömür yaşayır. Vətəndən uzaqlarda yaşayan bu Türk xanımı Vətənini, torpağını, ailəsini, iki övladını sevgiyə, mərhəmətə bələmiş xeyirxahlıq və zəriflik mücəssəməsidir. Zemfira xanım Ağgülün timsalında elə bir ana, ömür-gün yoldaşı, həssas qadın obrazı yaratmışdır ki, hamı ona qibtə edər. Mənə elə gəldi ki, Ağgül Zemfira xanımın prototipidir, rəssamların dili ilə desək, avtoportretdir.
Ədəbiyyatın ən ümdə vəzifəsi milliliklə bəşəriliyin sintezini yaratmaq, insana diqqət, qayğı, sevgi hisslərini aşılamaqdır. Kimin sözünün qüdrəti buna çatırsa, onun yazdıqıarı uzunömürlü olur. Bu gün ən önəmli məsələ milli ruhdan uzaq düşməyən, əslinə, kökünə, kimliyinə sahib duran bəşəri insan yetişdirməkdir. Bu “Dünya gör necə dardır…” hekayəsinin müəllifinin əsas missiyasıdır. Ona görə də hekayədəki obrazların hamısı insanlığa nümunədir. Bu yazıçı təxəyyülünün əsas qayəsidir.
Share: