Kemerovo dəhşətində sirr: gözətçi siqnalı niyə söndürüb?

Rusiyanın Kemerovo şəhərindəki “Qış albalısı” ticarət-əyləncə mərkəzində baş verən yanğınla bağlı daha bir nəfər həbs edilib.

Müstəqil.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmisi Svetlana Petrenko məlumat verib.

“Hazırda daha bir nəfər saxlanılıb və saxlanılanların sayı 5 nəfərə çatıb. Şirkətin texniki direktoru, binanın icarədarı, şirkətin rəhbəri, yanğın siqnalizasiyası xidməti ilə məşğul olan şəxs və ticarət mərkəzində yanğın baş verən zaman xəbərdarlıq siqnalını söndürən şəxs saxlanılaraq hüquq-mühafizə orqanları tərəfindən dindirilir”, – Petrenko bildirib.

Qeyd edək ki, Kemerovo şəhərindəki ticarət mərkəzində baş verən yanğın zamanı 64 nəfər həlak olub. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, yanğın başlayarkən gözətçi xəbərdarlıq siqnalını söndürüb və beləliklə, təxliyənin gecikməsinə bais olub. İstintaq qrupu ötən gündən gözətçinin axtarışına başlamışdı.

Anar Ə.

Share: