Kağız pulun hekayəti

Cəbrail Həşimov

(hekayə)

Cır-cındırından cin ürkən arıq, balacaboy bir kişi yorğun halda qollu-budaqlı çinar ağacının altındakı oturacağa əyləşdi. Üzünün qırışları onu çox qoca göstərsə də, gözlərinə baxanda onun elə də qoca olmadığı, ehtiyac və çətinliklərin məngənəsində sıxıldığından bu hala düşdüyü hiss olunurdu.

Yəqin ki, qırxdan artıq yaşı olmazdı. Kişinin bir ayağı dizdən aşağı yox idi. Əlindəki kobud yonulmuş ağaca söykənərək güclə yeriyir, əslində, heç yerimir, atıla-atıla hərəkət edirdi. Gözlərində dərin bir kədər var idi. Bu kədər yalnız əlacsızlıqdan, sabaha heç bir ümidin və inamın olmamasından yarana bilərdi. Beli də azca bükülmüşdü.
Bu gün səhər tezdən ağzına bir tikə də qoymamışdı. Yəni evində yemək üçün heç nə yox idi. Əslində, heç evi də yox idi. Dəmir yolunun qonşu uşaqların “tupik” dediyi ərazisində relslərdən çıxaraq böyrü üstə yıxılıb qalmış bir köhnə vaqonda yaşayırdı. Uşaqların gətirdiyi bir dəst köhnə yorğan-döşək, bir hisli çaydan və bir stəkandan başqa bu “ev”də heç nə yox idi. Hə, bir də balaca bir qaz balonu var idi. Onu zibillikdən tapmışdı, xoşbəxtlikdən saz idi. Bir neçə gün yeməyindən kəsib bir qədər pul yığdı, yaxınlıqdakı qazdoldurma məntəqəsinə gedib doldurdu. Amma, nədənsə, oranın işçisi kişinin üst-başına baxıb ondan pul almadı. Sağ olsun. Dünyada hərdən adama yaxşı insanlar da rast gəlir. Hamı qəddar olmur ki. Bir neçə gün əvvəl çörək dükanının qarşısında dayanıb təzə gətirilmiş isti çörəklərin ətrini ciyərlərinə çəkirdi ki, heç olmasa, aclığını bir az öldürə bilsin. Dükançı çıxıb onu qovladı, dedi, öz üst-başının çirki ilə get başqa yerdə veyillən. Hə, indi bu qaz balonundan çox ehtiyatla istifadə edirdi ki, qazı qurtarmasın. Üstündə çay qaynadır, payızın-qışın qarlı-yağışlı havasında islanmış paltarlarını istisində qurudurdu.
Kişinin günü dilənməklə keçirdi. Amma heç əməlli-başlı dilənməyi də bacarmırdı. Utanırdı əl açıb kimdənsə nəsə istəməyə. Eləcə bir divarın dibində oturur, tək ayağını irəli uzadırdı. Papağını çıxarıb yanına qoyurdu. Yanından keçənlərin bəziləri baxıb keçir, bəziləri, sadəcə, təəssüflə başını bulayır, çox nadir hallarda bəziləri isə ciblərini qurdalayaraq güclə tapdıqları xırda pulu onun papağına atırdılar. Çox maraqlıdır ki, ona ən çox pul verən uşaqlar olurdu. Hətta bir dəfə yanından keçən yaraşıqlı bir qadının on-on iki yaşlarında olan oğlu anasını məcburən saxlamış, çantasından bütöv bir çörəyi, bir qədər pendiri, bir-iki qutu peçenye və konfeti ayrıca bir torbaya yığaraq onun yanına qoymuşdu. Qadın nə qədər etiraz eləsə də, oğlan öz dediyindən dönməmiş, ana da məcbur olub razılaşmışdı. Görünür, oğlunu çox sevirdi. Onda kişinin gözləri yaşarmış, uzun müddət çörəyi yeyə bilməmişdi.
İndi oturacaqda outran kişi çox əzgin görünürdü. Həm ac idi, həm də, deyəsən, xəstələnmişdi. Dünəndən sol tərəfində küt bir ağrı hiss edirdi. Yəqin ki, mədəsi idi. Əvvəl buna fikir vermədi, ancaq ağrı heç cür dayanmırdı. Sonra çaydandakı suyu isidib bir stəkan içdi. Ağrı bir qədər öləzidi. Fikirləşdi ki, çıxıb bir az dolanım, həm ağrım yadımdan çıxar, həm də, bəlkə, bir qədər pul verən oldu, gedib bir az çörəkdən-zaddan alıb yeyərəm. Amma nə ağrı yadından çıxırdı, nə də pul verən var idi. Eləcə ac-susuz, tək ayağının üstündə atıla-atıla parkın dolanbac yollarında dolanırdı.
Kişi papağını çıxarıb yanına, oturacağın üstünə qoyanda gözü tək ayağının yanıdakı kağız pula sataşdı. Əvvəl bir az duruxdu. Sonra əyilib pulu qaldırdı, gözlərinin qarşısına gətirib diqqətlə baxdı. Son vaxtlar gözlərinin də nuru gedirdi, ona görə uzağı yaxşı görə bimirdi. Pulun iyirmi manatlıq olduğunu görüb sevindi, əvvəl istədi ki, tez cibinə qoysun, gedib özünə yeməyə bir iki şey alsın. Sonra fikirləşdi ki, axı bu pul mənim deyil, kimsə bunu salıb itirib. Bəlkə, o adamın da bu pula ehtiyacı var imiş, bəlkə, kiminsə son pulu imiş, bəlkə, bunu xəstə anasına dərman almağa gedən hansısa uşaq itrib. Ona görə pulu cibinə qoymadı, o tərəf-bu tərəfə boylandı, heç kimi görmədi. Park bomboş idi, heç bir adam gözə dəymirdi. Hiss etdi ki, pulun üstü şehlidir, deməli, axşamdan, ya da dünəndən buraya düşüb qalmışdır. Yəqin ki, onu salıb itirəni burda tapmaq mümkün olmayacaq. Bəs necə eləsin, hardan bilsin ki, bu pul kimindir? Onun yiyəsini necə tapıb qaytarsın? Bir tərəfdən də ac mədəsi sanki onun əlindəki pulu hiss edərək daha bərk ağrımağa, hətta sancmağa başladı. Kişi tək ayağı üstə qalxıb bir az da uzaqlara boylandı. Heç kim görünmürdü ki, görünmürdü.
Kişi pulu əlində tutub bir xeyli baxdı, baxdı. Sonra xəyalən onunla danışmağa başladı. Danışdıqca pulun əvəzində də özü özünə cavab verirdi.
Azərbaycan manatı – əskinaslar və onların mənası – kriptoinvest.az
“Eh, ay iyirmi manat, sən hardan biləsən ki, indi mənim sənə nə qədər ehtiyacım var”.
“Bilirəm, qoca, bilirəm. Niyə bilmirəm. Hamının mənə ehtiyacı var”.
“Yox e, mənim ehtiyacım başqa cürdü axı”.
“Necə yəni başqa cürdü? Ehtiyac ehtiyacdı də, bunun nə başqa cürü olur ki?”
“Olur, ay iyirmi manat, olur, ehtiyacın da müxtəlif cürləri olur”.
“Necə olur? De, qoy mən də bilim”.
“Bax, məsələn, kimsə səni qazanıb banka qoyur, kimsə də dolabda gizləyir, düzdür?”
“Düzdür”.
“Kimsə səni ələ keçirən kimi aparıb yaxşıca bazarlıq edir, düzdür?”
“Hə, o da düzdür”.
“Kimsə arvadına bahalı paltar, qızıl-brilyant alır, o da düzdür də?”
“Əlbəttə, o qədər görmüşəm ki, belələrini”.
“Kimsə gedib bahalı maşın alır”.
“Hə, sonra da o maşında kəlləmayallaq aşıb qanına qəltan olur”.
“Olur, elələri də olur”.
“Bəs elə mən də bunu deyirəm də”.
“Amma elələri də var ki, səni birdən-birə xərcləmir, qəpik-qəpik xərcləyir”.
“Eləsi, nəsə yadıma gəlmir, məni, adətən, bir dəfəyə xərcləyirlər. Amma yadıma düşdü, deyəsən, bir dəfə bir nəfər məni verib bir az çörək, bir az da meyvə aldı, sonra satıcı ona iki ədəd beş manat, üç ədəd də bir manat qaytardı. Hə, onda mən bir az əsəbiləşdim də, fikirləşdim ki, məni xıradlamaq nəyə lazım idi ki?”
“Görürsən, ay iyirmi manat, indi gördün ki, ehtiyaclar necə də müxtəlif olurmuş?”
“Hə, düz deyirmişsən, qoca. Doğrudan da, hamının ehtiyacı bir olmurmuş”.
“Bax, indi mənim də sənə çox böyük ehtiyacım var, amma səni aparıb xərcləyə bilmərəm”.
“Niyə xərcləmirsən ki? Mən artıq səninəm də. Apar, ürəyin istədiyi kimi xərclə”.
“Bacarmıram axı”.
“Niyə, qoca? Niyə bacarmırsan?”
“Axı sən mənim deyilsən, mən səni burdan tapmışam. Yəqin, kiminsə cibindən düşüb qalmısan”.
“Eh, ay rəhmətliyin oğlu, nə qoyub, nə axtarırsan. Hal-hazırda mən sənin əlindəyəm. Apar nə istəyirsən, al ye də. Bax, görürəm, acından qarnın quruldayır. Özünün də arıqlıqdan qabırğaların sananır. Gör bir məni verib nə qədər yemək ala bilərsən”.
“Ay iyirmi manat, necə ürəyin gəlir bunları mənə deməyə? Bəlkə, sənin əvvəlki sahibinin məndən də çox ehtiyacı varmış sənə”.
“Ay bədbəxt qoca, səndən də çox ehtiyacı olan ola bilərmi? Əşi, apar xərclə. Bir bax, yaxındakı dükanda necə dadlı yeməli şeylər satılır. Bəzisini sən heç ömründə yeməmisən. Dur, dur, yeri get xərclə məni”.
Kişi susub bir qədər fikrə getdi. Axı bu iyirmi manat düz deyirdi. Dünyada bu iyirmi manata, iyirmi manat nədir, bir manata belə onun qədər ehtiyacı olan ikinci bir adam tapmaq mümkün deyildi. Axı neyləsin? Gözlərinin qarşısına əyilib itirdiyi pulu gəzən qoca bir qadının surəti gəldi. Sonra əlində resept ağlaya-ağlaya oturacaqların altını gəzən bir uşaq canlandı nəzərində. Kişinin gözləri yaşla dolmuşdu.
Dərindən köks ötürüb ayağa qalxdı. Gözlərinin yaşını sildi. Əlindəki kobud yonulmuş ağaca söykənərək bir ayağının üstündə atıla-atıla buradan uzaqlaşdı.
İyirmi manat isə oturacağın üstündə onun ardınca baxa-baxa qaldı.
O da ağlayırdı.
Share: