Kənd quzusunun “ağ ətini” də yeyirsən, amma kəndi bəyənmirsən?

Talıb ƏHƏDLİ

Şəhərdə yaşayırsan, yeməyə ən çox nə istəyirsən?

Təbii olanları; kənd südü, kənd toyuğu, kənd yumurtası, kənd quzusu, kənd suyu , motal pendiri..

Kənd quzusunun ağ ətini də yeyirsən, amma kəndi bəyənmirsən?

Yayda sərinlik, qışda qar istəyəndə kənd yadına düşür. Sərin bulaq suyu kənddə.. Çayların şırıltısı, şəlalənin daşlarda yaratdığı əsrarəngiz səs akustikası da kənddə .. Hətta ailə quranda da kəndə üz tutursan. Şübhəsiz, bu, şəhərdə yaşayanlar üçündür,
Keçən ay kəndə getmişdim. Qayıdanda quzu səbəti yedik. Dadı damağımda qalıb. Yeməklərin dadı da,ləzzəti də orda.. Sahibsiz qalan kəndlərimizdədir.
Hər dəfə Bakıdan çıxarkən bir Şıxov basabasından canını qurtaranda nəfəs alırsan, bir də Bakıya girəndə sanki cəhənnəmə girirsən..
İlk dəfə Bakıya gələndə kənddə görmədiklərimi Bakıda gördüm; metroda ayağı ayaq üstə qoymaq, küçədə saqqız çeynəmək, hər keçənə baxmaq, ucadan danışmaq , ictimai yerdə tum çırtlamaq və s. mədəniyyətsizlik sayılırdı. Xalam oğlu,Yusif əlimə, ayağıma çox vurub. Yasamalda böyümüşdü.
Kəndin də kəndə görə öz mədəniyyəti var. Məsələn; indi də idman formasında kəndə çıxa bilməzsən. Qadınların şəhərdə geyindiyi bütün “modalar” kənddə keçərsizdir. İstənilən qapını döysən, qapısını açacaq və özü yemədiyi ən yaxşı qidanı sənə yedirəcək. Qonaqpərvər, saf insanlardır. Ola bilər ki, davranışları şəhər davranışı deyil..
Əvvələr daha yaxşı idi: kənddə kənd camaatından olan heç bir xanımın adını çəkə bilməzdin. Adamı yortardılar. Evə yeni gələn gəlin heç vaxt qayınata və qayın yanında yaşmaqsız gəzməzdi. Ailə başçısı süfrəyə gələndən sonra qazan açılardı. Hamı ağsaqqal, ağbircək sözü eşidərdi. Zaman keçdi, at izi iti izinə qarışdı; Şəhərin pis xüsusiyyətləri kəndə, kəndin pis xüsusiyyətləri şəhərə daşındı. Şəhərə üstəgəl bir milyon qaçqın, yanında da mal-qoyun.. Kəndə isə restoranlar, yanında da mini yupkalılar..
Bakı təkcə insanların davranışı cəhətdən bərbad deyil, memarlıq cəhətdən də bərbad gündədir. Bakını dəyişmək üçün onu söküb yenidən tikmək lazımdı; hər gün küçələr, yollar daralır. Yolların altı da hörümçək toruna bənzəyən komunikasiya xətləri ilə doludur. Bakı hər gün daha da yüklənir.
Artıq kənd deyilən məhfum yoxa çıxır. Rayonlarda dolanışıq yeri yoxdur, insanlar hamısı Bakıya axışır.. Birazdan hamı Bakılı olacaq. Maşın saxlamaq üstündə bir-birimizi qıracağıq.. Rusiya Ukrayna müharibəsindən canını götürüb qaçanlar da bura axışır. İrandakı məlum hadisələr, bir də məmurların bitməyən iştahasını təmin edən, həyəti olmayan hər gün artan göydələnlər. Döz, Bakı! Döz, görüm necə dözəcəksən!?
Vəziyyət də çox ağırdı; heç kimə söz demək olmur. İnsanları dil, mədəniyyət, tarix düşündürmür. Yalnız qarındolusu yeməyin pulunu qazanmaq. Ətrafınıza baxın; hər küçədə onlarla ərzaq dükanları;“Bravo”, “Araz”, “Oba” və s. Ərzaq dükanlarından başqa heç nə işləmir. Vətəndaşın gücü yalnız ərzaq almağa çatır, o da yarımçıq. Bu halda, kimə desən siqareti çəkib yerə atma ,sənə hücum çəkəcək. Kimə desən ,tum çırtlayıb parkı çirkləndirmə.. Deyəcək, sən kimsən? Bəhram bir kəlmə söz deyib; “İnsanlar bərk danışır”. Bir həftəyə yaxındır ki, onu çiliyirlər.. İqtisadi cinayətin qurbanlarıyıq!
Share: