Kəmalə Ağazadə barədə araşdırma başladı – Korrupsiya…

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ilə bağlı mediada növbəti şikayət yayılıb. Azərbaycan Uşaqlar Birliyində bu günə qədər birliyin sədri K.Ağazadə ilə birgə işləyən şəxslər ondan şikayət edərək, yanından ayrılırlar. Yayılan son məlumata görə, K.Ağazadə barəsində keçmiş işçisinin şikayəti əsasında cinayət işi başlanıb.

Müstəqil.Az xəbər verir ki, cinayət işini birlik sədrinin qohumu, həmçinin sığınacaqda çalışan Həcər Kəngərlinin şikayəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı mübarizə İdarəsi qaldırıb. Şikayətçi H.Kəngərli Criminal.az saytına açıqlamasında bildirib ki, bir müddət əvvəl K.Ağazadənin təşkilatında işlədiyi Mahir Bayramovla birikdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı mübarizə İdarəsinə ərizə yazıblar. Şikayət etməsinə səbəb K.Ağazadənin onun və iş yoldaşlarının 8 aylıq əməkhaqqını məcburən almasıdır.

H.Kəngərli iddia edir ki, birlik sədri K.Ağazadə onları aldadıb:

”Mən Azərbaycan Uşaqlar Birliyində Qlobal Fondun ”Zərərin azaldılması proqramı” layihəsində əvvəl sosial işçi, sonra isə koordinator işləmişəm. İşlədiyim müddətdə aylıq məvacibim əvvvl 350, sonra isə 450 manat olub. Layihənin müddəti bitdiyi üçün Kəmalə Ağazadə bizə dedi ki, 8 ayın əməkhaqqını ona verək və o, Səhiyyə Nazirliyi, Qlobal Fondla müqavilə bağlayacaq və bir də 2 il işləyəcəyik. Pulun verilməyəcəyi halda bizi işdən çıxaracağı ilə hədələdi. Biz də işdən çıxamayaq deyə, 8 ayın pulunu ona verdik ki, müqavilə bağlasın, 2 il işləyə bilək. 2016-cı ilin yanvar ayında müqavilə bağlanmalı idi. Biz işçilər Kəmalə Ağazadəyə çox etibar edirdik. Lakin 2016-cı ilin yanvarından indiyə kimi heç bir müqavilə bağlanmadı. Aldadıldığımızı anlayıb pulumuzu geri istəyəndə isə bildirdi ki, yazılı surətdə mənə pul verməmisiniz, sübut edə bilməzsiniz”.

H.Kəngərli əlavə edib ki, şikayətlərinə prokurorluqdan cavab gəlib. Rəsmi bildirişdə göstərilib ki, şikayət əsasında Cinayət Məcəlləsinin 308.1-ci, 178.2.3 və 178.2.4-ci maddələri ilə cinayət işi başlanıb.

Məsələyə münasibət bildirən birlik sədrinin sözlərinə görə, hazırda bu işlə hüquq-mühafizə orqanları məşğul olur.

Xatırladaq ki, bir müddət öncə tanınmış hüquq müdafiəçisi, Uşaq Reinteqrasiya Mərkəzinin Direktoru, Azərbaycan Uşaqlar Birliyinin sədr müavini olmuş Vasif Akifli də sığınacaqdakı vəzifəsindən ayrılmışdı. V.Akifli sığınacaqdan hansı səbədən ayrılmasına aydınlıq gətirməmişdi.

Müstəqil.Az

Share: