“Kəlağayı EV Muzeyi”ndə Heydər Əliyevin anım günu ilə bağlı tədbir keçirildi

12 Dekabr 2022-ci ildə, Ümummilli lider Heydər Əliyevin anım günu ilə bağlı “Kəlağayı EV Muzeyi”ndə Mirvarid Dilbazi Poeziya Məclisi və Yazıçı Qadınlar İctimai Birliyinin birgə təşəbbüsü ilə tədbir keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, şair, publisist Güllü Eldar Tomarlı tədbiri açaraq bildirib ki, Ulu Öndər Birinci Qarabağ müharibəsində atəşkəsə nail olmaqla, ölkədəki vətəndaş müharibəsini dayandırmaqla və quruculuq işlərinə başlamaqla dövlətimizin gələcək tarixində əsaslı dönüşün təməlini qoyub. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, hərtərəfli inkişafına nail olub, müstəqilliyini əbədi və dönməz edib.
Tədbirin aparıcısı “Yazıçı Qadınlar” İctimai Birliyinin sədri Nüşabə Məmmədli, filologiya üzrə fəlsəfə doktoru, şair, publisist Fəridə Ləman, şairlərdən Firuzə Məmmədli, Şövkət Horoğlu, Mənzər Niyarlı, Səadət Buta, Xalidə İlyasqızı, Əzizə Ağahüseynqızı, Səringül Sadə, Hənifə Şəbnəm ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu haqqında danışıblar və Ulu Öndərə həsr etdikləri şeirlərini söyləyiblər.
Daha sonra filologiya üzrə fəlsəfə doktoru, şair, publisist Fəridə Ləmanın Ulu Öndərə həsr etdiyi “Onu zaman seçib” poeması əsasında hazırlanmış film izlənib.

Share: