“… istedadlı insanların bir platformada olmasında pis heç nə yoxdur”

Müstəqil.Az Ağa Cəfərlinin müsahibəsin təqdim edir:

 

Sevdiyiniz yazıçılar…

Niyə bu sualdan?

Maraqlı gəldi…

Dostoyevski, Tolstoy, Qoqol, Çexov, Balzak, Kafka, Sellincer, Folkner, Per Lagerkvist, Bekket, Saramaqonun yazdıqları məni çox təsirləndirib, ola bilsin ki, həyatımı dəyişib. Amma məsələn təxminən 10 ildir ki, Dostoyevskini oxumuram. Bilmirəm indi, oxusam, yenə də darmadağın olar, sarsılaram ya yox.

Azərbaycan ədəbiyyatına gəlsək. Ən sevdiyim yazıçı Əkrəm Əylislidir. Elə məqamlar var: izah etmək olmur, amma mənə gəlir ki, Əkrəm «Ağaclar və adamlar»da heç bir yazıçının çata bilmədiyi zirvəyə qalxa, həm də həddindən artıq dərinliyə enə bilib.

İsa Hüseynov da çox sevdiyim yazıçılardandır. Onun Sovet dövründə çap olunmuş bütün ciddi əsərlərini oxumuşam və çox təsirlənmişəm.

Kamal Abdullanın «Unutmağa kimsə yox» əsərini çox sürətlə, sevərək mütaliə etmişəm, hər kəsə də oxumağı məsləhət görürəm. Ancaq favoritim «Yarmçıq əlyazma»dır. Dəyərlərə, ənənələrə alternativ yanaşma, elə bil ki alternativ tarix yazma cəhdi məni valeh etmişdi. Məncə, biz hamımız məhz bu cür olmalıyıq, bizə təqdim olunan tarixə inanmamalı, fərqli yanaşmalıyıq. Öz baxışımız, yanaşmamız olmalıdır. «Gizli Dədə Qorqud» da bu baxımdan məsləhət gördüyüm kitablar sırasındadır. Təəssüf ki, Kamal Abdulla özü hadisələrə fərqli yanaşmağı sevsə də, fərqli düşünən insanları sevmir. Daha doğrusu, belə adamların ətrafında olmağını istəmir. Yanında daha çox müti şəxslərin olmasının tərəfdarıdır.

Fəxri Uğurlu da çox sevdiyim yazıçılardandır. Fəxri müəllimin bütün yazıları əyani vəsaitdir. Azərbaycan dilini öyrənmək istəyənlər mütləq bu yazıları oxumalıdırlar. Xüsusilə də gənc yazıçılar.

Səfər Alışarlının «Maestro»su mütləq oxuyacağınız kitablar içərisində olmalıdır. Səfər müəllim Azərbaycanın ən qaranlıq dövrlərindən birini, şahidi olduğu hadisələri çox ustalıqla qələmə alıb.

Məmməd Orucun «Köçürülmə»sini də mütləq oxumalısınız. Belə gözəl əsər əsasında əla film çəkmək olardı ki, təəssüf, ortada heç nə yoxdur.

Mövlud Süleymanlının «Köç» romanı, «Dəyirman», «Şeytan», «Yel Əhmədin bəyliyi» povestləri Azərbaycan ədəbiyyatının incilərindəndir.

Azər Abdullanın «Qəmərlidən keçən qatar» əsəri, hekayələri sevdiklərim siyahısındadır.

Şərif Ağayarın bütün əsərlərini oxumuşam və hesab edirəm ki, o, Azərbaycan ədəbiyyatının növbəti, yeni mərhələsidir.

Gənclərdən kimləri oxuyursunuz və bəyənirsiniz?

İstedadlı gənclər çoxdur. Nadir Yalçın, Nihat Pir, Orxan Saffari, Orxan Həsəni, Rəvan Cavid oxuduğum, tanıdığım gənclərdir. Onların böyük potensialı var. İnanıram ki, əla mətnlər yazacaqlar. İndi yazdıqları yaxşıdır, hətta bəlkə çox yaxşıdır. Əla mətn yaratmaq isə istedadla yanaşı böyük zəhmət tələb edir. Ümidvaram ki, onlar bu əziyyətə qatlaşacaqlar. Adını sadaladıqlarım içərisində ən tənbəli Saffaridir. Qorxuruam tənbəlliyi mətn yaratmaq baxımından onun başına bəla ola. Qalanları isə tənbəl təsiri bağışlamır və bunun nəticəsi yaxşı olmalıdır. Yeri gəlmişkən, bəzi redaktə, korrektə səhvləri olsa da, Orxan Saffarinin «Hüznsov depressiya» kitabı çox maraqlıdır, məncə oxumağa dəyər.

Kulis.az-ın ilk dövlərində sən də orda çalışmısan bir neçə il. Necə düşünürsən, Kulis.Az kruq ədəbiyyatını inkişafına yönəlmişdi?

Kulis ciddi qələm sahiblərini, nüfuzlu, ictimai rəyə təsir gücü olan müəllifləri bir yerə yığmaq məqsədilə yaradılmışdı. Doğrudur, hamını bir yerə yığmaq mümkün olmadı. Amma çox ciddi müəlliflərin böyük əksəriyyəti Kulislə əməkdaşlıq edirdi. Bu cür mədəniyyət, ədəbiyyat, sənət layihəsinin yaranmasına, ayaqda durmasına böyük ehtiyac vardı və bu baxımdan Kulisin ideya müəlliflərinə təşəkkür düşür. Kulisdən sonra çox eyni istiqamətli çox saytlar yarandı. Amma heç biri Kulis qədər oxucu toplaya bilmədi, uzun ömürlü olmadı. Kulis də dəfələrlə bağlanmaq təhlükəsi ilə üzləşdi, hətta iki dəfə bağlandı da. Buna baxmayaraq yenidən səhnəyə qayıtdı və bu gün artıq 11 yaşını qeyd edir. Daha uzun ömürlü olar, inşallah. Kulisin bu günə gəlib çıxması onun yaradıcısı, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızının adı ilə birbaşa bağlıdır. Kulis bu illər ərzində heç bir gəlir gətirməsə də, Vüsalə xanım hər zaman bu mədəniyyət ocağının yaşaması üçün əlindən gələni edib. Onda qəribə bir ədəbiyyat, şeir sevgisi var. Filologiya fakültəsini bitirən hər adamda belə sevgi olmur. O ki qaldı kruq ədəbiyyatı söhbətinə. Mən bilən Kulisdə bütün istedadlı adamların mətni verilib. İstedadlı adamları bir yerə cəmləşdirən kruq varsa, nə gözəl. Belə kruqlar çox olsun. Yeri gəlmişkən, səni bilmirəm, amma atan, dostumuz Faiq Balabəylinin də yazıları Kulisdə dərc olunurdu. Dəqiq yadımdadır, çünki o yazıları mən redaktə etmişəm vaxtilə. Kruq varsa, demək, Faiq bəy o kruqun içində olub və yaxud içindədir. Yenə də deyirəm, istedadlı insanların bir platformada olmasında pis heç nə yoxdur, əksinə, bu, bizi sevindirməlidir.

Bəyəndiyiniz tərəfiniz nədir?

İnsan özünü bəyənirsə, demək, oxuduğu kitablardan, baxdığı filmlərdən, dinlədiyi mahnılardan heç nə anlamayıb. Uzun illər müxtəlif yerlərdə çalışsa, çox sayda insanla ünsiyyətdə olsa da mahiyyəti başa düşməyib. Mən həmişə özümdən narazı olmuşam və bəyəndiyim tərəfim də yoxdur.

İstifadə etdiyiniz nəqliyyat növü?

Daha çox metro və avtobusdan istifadə edirəm. Uzaq məsafələri yaxın etmək üçün isə taksidən. 5-6 il qabaq 15 manata getdiyim yolu indi 5 manata gedirəm. Deyirlər, taksi şirkətlərini də monopoliyaya alacaqlar. Bax, bu, məni ciddi narahat edir.

Sevdiyiniz maşın markası?

Avtomobillərə xüsusi marağım yoxdur. Mersedeclə BMV-ni fərqləndirə bilirəm amma.

Ən çox bəyəndiyiniz ölkə və şəhər?

Dünyada çoxlu gözəl ölkələr və şəhərlər var. Allah imkan və ömür versin, gedək-gəzək. Hələ ki ölkələri və şəhərləri ürəyimiz istəyən kimi gəzmək imkanı olmayıb.

Sevdiyiniz yemək?

Xəngəl, xaş, dolma, lülə, tikə, basdırma, buğlama. Azərbaycan mətbəxti zəngindir, yeməkləri dadlıdır. Mən də yeməkdən zövq alan adamam.

Mənfi xüsusiyyətiniz?

Bir dəfə redaksiyalardan birində mənə dedilər ki, çox mədənisiniz. İşçilərlə belə mədəni davranmaq olmaz. Üstlərinə qışqırmaq, başdan-ayağa problemli mətni başlarına vurmaq lazımdır. Mən belə kobud davranışları bacarmıram, ona görə həmin redaksiya ilə yollarımız ayrıldı. Mənə həm də onu deyirlər ki, özünü gözə soxmağı bacarmırsan. Sakit durma, hay-küylə o işini hamının gözünə sox. Təəssüf ki, mən belə şeyləri bacarmıram. Gördüyümüz işlər ortadır, bəyənən bəyənsin, kimsə də bəyənmirsə, cəhənnəmə ki.

Dinlərə münasibətiniz?

Dini kitabları oxumuşam. «İncil»i bədii mətn kimi çox sevirəm. “İncil” motivləri əsasında yazılmış əsərləri, çəkilmiş filmləri də. Amma dinlərə inanmıram. Allaha da inamım yoxdu. Buna baxmayaraq, sağlamlıq üçün faydalı olduğuna inanaraq oruc tuturam. İndi də bildiyin kimi orucam.

Kimdən və nədən xilas olmaq istərdiniz?

Problemlərdən və borclardan. Xilas olmaq istədiyim kimsə yoxdur. Yaltaq, bir tikə çörək naminə hər şeyini satmağa hazır olan, yeri gəldi-gəlmədi hamıya tərif deyən adamlardan onsuz da uzaq durmağa çalışıram, xilas oluram.

Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?

Sağ olmaq daha yaxşıdır.

Mənə sualınız varmı?

Mövlud Mövlud həmişə deyirdi: niyə bu qədər xoşbəxstən? Mən də eyni sualı sənə verirəm.

Xoşbəxtlik anidir…

 

Söhbətləşdi: Tural Balabəyli

 

Share: