Həyat bir kətandır oraya qaranlıq rənglər çəkmək də, parlaq və işıqlı dünyalar yaratmaq da sizin əlinizdədir,orada hər kəs öz ömür fırçası ilə bir iz qoyub gedir. Amma bəzi nadir və müstəsna insanlar var ki, onların fırçasından süzülən rənglər təkcə öz fərdi dünyalarını deyil, bütöv bir elin, obanın, doğma yurdun həyatını işıqlandırır, qəlblərə istilik, ruhlara zəriflik bəxş edir. Cənub bölgəsinin tanınmış ziyalısı, gözəl rəssam, xeyirxahlıq və mərhəmət mücəssəməsi olan Xəzər müəllim İbrahimov da belə fədakar şəxsiyyətlərdəndir. Onun ürəyinin genişliyi, kasıbların, imkansızların və ehtiyacı olanların hər zaman yanında olması, vətəninə, doğma elinə sarsılmaz bağlılığı bəlkə də mənim ömrüm boyu rastlaşdığım ən gözəl, ən ali insani keyfiyyətlərdəndir. İnanın ki, rəhmli, mərhəmətli, torpağını, vətənini sonsuz məhəbbətlə sevən, dövlətinə sadiq olan həqiqi bir vətəndaşdır Xəzər müəllim. O, təkcə böyük sənətkar deyil, həm də ətrafındakı hər kəsə mənəvi dayaq olan əsl insanlıq qalasıdır.
Xəzər müəllimin bugünkü böyük uğurlarının, el-oba arasında qazandığı sonsuz sevgisinin əsl sirri nə təkcə onun fitri rəssamlıq istedadındadır, nə də idarəçilik bacarığında… Onun uğurunun gerçək açarı doğulub boya-başa çatdığı Cənub diyarının o, füsunkar, səfalı təbiətindən aldığı saflıq, daxilində gəzdirdiyi yüksək mənəviyyat, tələbələrinə qarşı göstərdiyi səmimi diqqət və insanlara bəslədiyi təmiz qəlbdir. O, tələbələrinə yalnız rəngləri qarışdırmağı, kətan üzərində xətlər çəkməyi öyrətmir,öz nümunəvi davranışı, təmənnasız qayğısı və təmənasız mərhəməti ilə gənclərə həm də əsl insan olmağın yolunu göstərir. Təbiətin zərifliyi onun sənətində, qəlbinin təmizliyi isə yetirmələrinin taleyində parlaq bir işıq kimi bərq vurur.
Xəzər Fikrət oğlu İbrahimov 1980-ci il yanvarın 28-də Lənkəran rayonunun füsunkar təbiətə malik, səfalı Mamusta kəndində dünyaya göz açıb. Hələ kiçik yaşlarından qəlbində alovlanan sənət sevgisi, rənglərin sehrli dünyasına olan həvəsi onu 1991-ci ildə Lənkəran Uşaq Rəssamlıq Məktəbinə gətirib. 1994-cü ildə bu sənət ocağını, 1997-ci ildə isə Mamusta kənd orta məktəbini uğurla bitirib. Doğma torpağa və sənətə olan sevgisi onu ali təhsil yolunda da müşayiət edib. 1997-ci ildə Lənkəran Dövlət Universitetinin Təsviri İncəsənət və Rəsmxət fakültəsinə daxil olub. 2002-ci ildə universiteti uğurla bitirdikdən dərhal sonra doğma Mamusta kənd tam orta məktəbində müəllim kimi fəaliyyətə başlayaraq, ilk addımlarından gənc nəsildə gözəllik duyğusu və estetik zövq formalaşdırmağa özünü həsr edib.
Onun sənət yolu və fədakar pedaqoji fəaliyyəti illər keçdikcə daha da genişlənib və şaxələnib. 2003-cü ildən Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbində, 2013-cü ildən isə S.Kazımbəyov adına 6 nömrəli məktəb-liseydə təsviri incəsənət müəllimi kimi fəaliyyətini davam etdirib. Müxtəlif illərdə bir neçə məktəbdə və ictimai-mədəni layihələrdə yorulmadan çalışan Xəzər müəllim, mütəmadi olaraq hər il məktəblərdə uşaqların əl işlərindən ibarət zəngin sərgilər təşkil edib, onların daxilindəki istedad qığılcımını böyük məşələ çevirməyi bacarıb.
Xəzər müəllimin zəhməti və sənətkar qabiliyyəti tezliklə respublika və beynəlxalq səviyyədə öz layiqli qiymətini almağa başlayıb. 2004-cü ildə keçirilən “Narkomaniyaya yox deyək” adlı respublika sərgisində 1-ci yerə layiq görülərək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xüsusi diplomu ilə təltif olunub. 2008-ci ildə Şəki şəhərində keçirilən rəssamların Respublika simpoziumunda yenidən 1-ci yeri qazanaraq öz dəst-xəttini bir daha sübut edib və elə həmin il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Fəxri fərmanı”na layiq görülüb.
Onun fədakarlığının ən böyük göstəricisi isə yetirmələrinin qazandığı uğurlardır. Xəzər müəllimin tərbiyə etdiyi gənc rəssamlar sərhədləri aşaraq Azərbaycanın adını uca tutublar. 2011-ci ildə MDB respublikaları arasında keçirilən uşaq rəsm müsabiqəsində onun bir şagirdi 2-ci yerə layiq görülüb. 2014-cü ildə Çexiya Respublikasının Lidice şəhərində keçirilən beynəlxalq müsabiqədə 2 şagirdi 2-ci yerləri fəth edib, Xəzər müəllim özü isə pedaqoji ustalığına görə beynəlxalq miqyasda “Ən yaxşı müəllim” adına layiq görülmüşdür. Qazaxıstan Respublikasında keçirilən rəsm sərgisində beş şagirdi yüksək qiymətləndirilərək mükafatlandırılıb. 2015-ci ildə Bakı şəhərində “Bayraq günü” münasibətilə keçirilən rəsm yarışmasında şagirdi 1-ci yeri, elə həmin il keçirilən “İslam Həmrəyliyi” rəsm yarışmasında isə digər şagirdi 3-cü yeri tutub.
O, bu gün də dayanmadan yaradır və gənclərə yol göstərir. Hal-hazırda F.Hüseynov adına Mamusta kənd Mədəniyyət evində rəsm dərnəyinin rəhbəri kimi fəaliyyət göstərir, kənd mədəniyyət evində rəngarəng sərgilər təşkil edir. Onun bu zəngin yaradıcılıq və təşkilatçılıq yolu bir çox kitab və mətbuat səhifələrində də öz əksini tapıb. H.Rzayevin “Yaddaşlarda yaşayan Mamusta” kitabında Xəzər müəllimin fəaliyyəti haqqında geniş yazılar yer alıb, H.Məmmədovun “İn dınyo ku çuku babe” kitabında adı hörmətlə qeyd olunub. 2014-cü ildə “Azadlıq radiosu” onun rəssamlıq fəaliyyəti haqqında xüsusi material hazırlayıb, 2015-ci ildə CTV-nin “Ziqzaq” və ATV kanalının “Bizimləsən” verilişlərinə gənc və istedadlı rəssam kimi dəvət edilib. 2016-cı ildə “ARB” kanalı Mamusta kənd Folklor evində onun 20 Yanvar faciəsinə həsr etdiyi “Qanlı Yanvar” adlı şəxsi rəsm sərgisini lentə alaraq geniş tamaşaçı auditoriyasına təqdim edib.
Təşkilatçılıq bacarığı, sənətə və təhsilə olan dərin sevgisi nəzərə alınaraq, Xəzər müəllim 2019-cu ildən etibarən Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru vəzifəsində çalışır. İdarəçilik təcrübəsi və məsuliyyəti sayəsində o, digər mədəniyyət ocaqlarına da rəhbərlik edib, 2025-ci ildən Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbində, 2026-cı ildən etibarən isə H.Rzayeva adına 2 nömrəli Uşaq Musiqi Məktəbində direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edir.
Gözəl və ziyalı bir ailənin yetirməsi olan Xəzər müəllimin soy-kökü də dərin pedaqoji və mədəni ənənələrə dayanır. Atası Fikrət Əyyub oğlu İbrahimov (1946-cı təvəllüdlü) uzun illər məktəbdə fizika fənnini tədris edib, kəndin hörmətli ağsaqqallarındandır, hal-hazırda təqaüddədir. Anası Sevda Davud qızı İbrahimova (1956-cı təvəllüdlü) uzun illər Mamusta kənd Uşaq Bağçasında direktor vəzifəsində çalışıb, indi təqaüddədir. Bacısı Təranə xanım Mamusta kəndində uşaq tərbiyəçi-müəllim kimi, digər bacısı Pərvanə xanım ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətlərini davam etdirirlər. Qardaşı Emində ali təhsillidir.
Xəzər müəllimin öz qurduğu ocaq da tam mənası ilə nümunəvi və xoşbəxt bir ailə tablosudur. O, sevdiyi xanımla F.Hüseynov adına Mamusta kənd Mədəniyyət evinin (Folklor evinin) direktoru işləyən Nurlana Qabil qızı İbrahimova ilə ailə həyatı qurub. Bu xoşbəxt nikahdan dünyaya gələn övladları da valideynlərinin adını uca tuturlar, oğlu Ziyatay İbrahimzadə (2007) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsidir, qızı Gülçatay İbrahimzadə (2008) isə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsidir.
Xəzər müəllim təkcə boyalarla kətan üzərində deyil, insan qəlblərində də silinməz, parlaq izlər qoyan nadir sənətkardır. Mən tam səmimiyyətimlə deyirəm, hər bir kollektivdə, hər bir cəmiyyətdə Xəzər müəllim kimi mərhəmətli, təmənnasız, ürəyi insan sevgisi ilə döyünən insanlara böyük ehtiyac var. O, fırçasının rənglərini deyil, öz böyük qəlbinin işığını insanlarla bölüşür. Nümunə üçün xüsusi vurğulamaq istəyirəm ki, mənim qızım Jalənin rəssamlığa olan dərin həvəsini, sənət sevgisini görən kimi Xəzər müəllim heç bir təmənna güdmədən onu hazırlamağa başladı, onun gözəl rəsm əsərləri çəkməsinə, istedadının çiçəklənməsinə hər cür şərait yaratdı. Nəinki yalnız Jaləyə, yüzlərlə Jalə kimilərə dəstək olur, təmənnasız olaraq gənc istedadları yetişdirir, onları gələcəyə, böyük sənət yollarına hazırlayır.
Onun mərhəməti, vətənpərvərliyi və zəngin sənət dünyasının qarşısında insanlıq dayanır.
Fırçanda canlanır torpaq, el-oba,
Sənin mərhəmətin sığmaz hesaba.
Ürəyin bir umman, bir Tanrı payı,
Sənət aləmində yoxdur bir tayı.
Gözəl qəlb sahibi, mehriban insan,
Yüzlərlə gəncə,verdin yeni can.
Uca tutdun hər an şanlı adını,
Sənətə bəxş etdin öz həyatını.
Qoy sənin fırçandan süzülən rənglər,
Bəzəsin ömrünü işıqlı səhər.
El səni alqışlar, el səni sevər,
Ömrün bərəkətli olsun, ey Xəzər!
Bu gün Cənub bölgəsinin fəxri olan Xəzər müəllimə möhkəm cansağlığı, uzun və bərəkətli ömür, ailə xoşbəxtliyi və tükənməz yaradıcılıq uğurları arzulayıram. Yaxşı ki varsınız, gözəl insan, dəyərli ziyalı!
Lənkəran Dövlət Universitetinin müəllimi,
Tarix üzrə fəlsəfə doktoru, dosent,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru
















.jpg)





