İşıqlı insan haqqında işıqlı fikirlər

(Cəlilabadın ilk ali təhsilli müəllimlərindən biri şair Xeyrulla Kərimov haqqında)

Cəlilabadın dəyərli ziyalılarından olan Araz Gündüz – Malik Rzayev vətəndən uzaqlarda yaşasa da, doğma eli-obası ilə ardıcıl maraqlanır, bu bölgənin tanınmış şəxsləri, xüsusən istedadlı yetirmələri haqqında maraqlı kitablar çap etdirir.

Belə kitablardan biri görkəmli pedaqoq Xeyrulla Kərimova həsr olunmuş “İşıqlı insan” adlanır. Niyə söhbətimi bu məqamdan başladım? Ataların bir sözü var, dəyəri dəyərli insanlar verə bilir. Malik Rzayevin səyi, Dadaş Bayramovun və Elçin Kərimovun zəhməti bahasına araya-ərsəyə gələn bu kitabda Xeyrulla Kərimov haqqında onu tanıyanların xatirələri toplanmış, Cəlilabadın ilk ali təhsilli müəllimlərindən biri olan Xeyrulla Kərimovun şeirləri verilmişdir.

Araz Gündüz (Malik Rzayev) yazır: “Xeyrulla müəllim zaman etibarı ilə çox qısa sayıla biləcək 63 illik bir ömür yaşadı. Onun geniş və hərtərəfli istedadından, gördüyü çox dəyərli işlərdən çox danışmaq olar. Ancaq mən onun böyük intellektini, gördüyü çoxsaylı işləri xatırlayanda həmişə bir insanın bütün bu işləri öz ömrünə necə sığışdıra bildiyinə təəccüblənirəm”. Yeri gəlmişkən, deyək ki, Xeyrulla Kərimov haqqında xatirələrini oxucularla bölüşən Hüseynağa Kərimov, Elçin Kərimov, Əli Ağayev, Əhməd Aşurov, Fikrət Feyziyev, Qabil Quliyev, Zakir Kərimov, Famil Şükürov, Əlövsət Tahirli, Əliheydər Əliyev, Ağahüseyn Nəzərov, Əzizxan Abbasov, Mirdaməd Məmməd və başqaları da heyrətlə danışır və bir ömürə sığmayan əməlləri qürurla xatırlayırlar. Xatirələrdən bəlli olur ki, Xeyrulla Kərimov geniş, hərtərəfli biliyi, təşkilatçılığı və zəngin təcrübəsi ilə seçilən bir insan olmuş, Cəlilabadın müxtəlif kəndlərində 40 ildən çox pedaqoji fəaliyyət göstərmiş, sıravi müəllim və məktəb direktoru olduğu bu kəndlərdə təhsilin inkişafına çalışmış, hətta bəzi kəndlərdə ilk məktəb binaları onun təşəbbüsü və iştirakı ilə tikilmişdir. Xeyrulla Kərimov biliyi və aydın düşüncəsi ilə fərqlənirdi. Hətta onun xobbisi olan fotoqraflıq peşəsi də məktəb işinə, təhsilə xidmət edirdi. Xeyrulla Kərimovun sevdiyi işlərdən biri də bağçılıq təsərrüfatı ilə bağlı idi. O, həyətində cənnət misallı bir bağ salmışdı, calaq vurmağı bacarırdı, kənd camaatının da bağçılıqla bağlı problemlərinə kömək edirdi.

Xeyrulla Kərim oğlu Kərimov 1928-ci il yanvarın 31-də Cəlilabad rayonunun Çinar kəndində anadan olmuşdur. Onun valideynləri Cənubi Azərbaycanın Germi vilayətinin Kalansura kəndindən olmuş, ötən yüzilliyin iyirminci illərində Şimali Azərbaycana, Yuxarı Hasıllı kəndinə köçmüşlər. Atası Kərim Şərbət oğlu Ərdəbildə dini təhsil almışdı, anası Yemən də dindar qadın idi. Ailə köçdüyü məntəqədə dini təhsillə məşğul olurdu. Çinar, sonra Cəngan kəndində yaşayırlar. Xeyrulla Kərimov Lənkəranda pedaqoji texnikumda orta ixtisas təhsili alır, Cənganda məktəb direktoru kimi fəaliyyətə başlayır. O, müəllim işləyə-işləyə qiyabi olaraq Pedaqoji İnstitutu bitirir. Məlikqasımlıda, Andreyevkada (indiki Qarazəncirdə), Novoqolovkada (indiki Uzuntəpədə), Prişibdə (indiki Göytəpədə), Privolneyedə və başqa kəndlərdə müəllim, məktəb direktoru vəzifələrində çalışmışdır. Andreyevkada işləyərkən Vera Kudryaşova ilə ailə həyatı qurmuşdur.

Xeyrulla Kərimov Azərbaycan müstəqillik qazanan ildə, 1991-ci il avqustun 7-nə keçən gecə iş masasının arxasında, əlində qələm yazı yazaarkən, 63 yaşında əbədiyyətə qovuşmuşdur. Ancaq bu qısa kimlik hələ onun həyat yolunu tam əks etdirmir. Xeyrulla Kərimov şair idi və ürəyini ağrılarını sözə boşaldırdı. Bütün əli qələm tutan söz adamları kimi Xeyrulla Kərimov da gənclik illərində çoxlu sayda məhəbbət şeirləri yazıb. Altmışıncı illərin əvvəllərində yazdığı “Sənə neynəyim?”, “Gördüm”, “Gözlər danışdı”, “Əgər yaxın olsa ürəklərimiz” tipli şeirləri aşiqanə mövzudadır:

 

De nə işdir, cavan oğlan,

Dağ başında qar görünür.

Heç bu yaşda saç ağarmaz,

Yəqin vəchi var görünür.

 

Nədir səni dərdə salan?

Bağrım başı, oda qalan!

Yoxsa uçub tülək tərlan,

Oylağında sar görünür.

 

Cavanda xoşdur bu adət,

Sirr açmaz, çəkər xəcalət.

Sınıq çıxmış bu məhəbbət,

Pozulmuş ilqar görünür.

 

Bu bayatıları 1969-cu ildə Cəngan kəndində işləyərkən yazıb:

 

Bu yollar bizim yollar,

Daşları düzüm yollar.

Yarla seyrə çıxanda

Olaydı uzun yollar.

 

Gedirsən hara yollar?

Hansı diyara yollar?

Sağın, solun gül olsun,

Mən dərim yara, yollar.

 

Yollar, aralı yollar,

Gələr haralı, yollar?

Yar yolu gözləməkdən

Gözüm qaralı, yollar.

 

Bu yollar qədim yollar,

Söz gəldi dedim, yollar.

Dayanmaq dərd aparır,

Zin ver gedim, yollar.

 

Bayatılarda bir nisgil, intizar, həsrət var. Əlbəttə, başa düşüləndir. Çünki həmin illərdə Xeyrulla Kərimov müxtəlif kəndlərə müəllim kimi göndərilmiş, o da bu kəndlərdə yaşamalı olmuşdur. Haçansa bu yolların bitəcəyinə, yəni özünün evi-eşiyi olan bir yerdə “dalana” dirənəcəyinə ümid edirdi. Bu dalan onun şəxsi həyatını və həyətini qurmağa imkan verəcəkdi. Bir neçə il bir kənddə, yenə bir neçə il digər kənddə işləyən adam oturaqlaşa bilmir, övladları üçün isti bucaq yarada bilmir. Buna görə dərdini şeirə deməklə özünə təskinlik verirdi. Bu şeiri isə 1979-cu ildə Privolnoye kəndində işləyərkən yazıb:

 

Şeirsiz, nəğməsiz keçən günümü

Ömrümə, günümə saymamışam mən.

Ömür haqlasa da bu gün əllini,

Qələmi əlimdən qoymamışam mən.

 

Bu doğma torpağın gözəlliyinə

Necə bağlı idim, bağlıyam yenə.

Əzəldən uymuşam könlüm deyənə,

Başqa bir xəyala uymamışam mən.

 

Ömrümüz belədir çünki əzəldən,

Ürək ayrılmayır işdən, əməldən.

Bir həyat eşqidir qəlbi dikəldən,

Bu həyat eşqindən doymamışam mən.

 

Həyat eşqindən doymayan insanın ürəyi işdən, əməldən ayrılmır. Qeyd etmək yerinə düşər ki, Privolnoye kəndində məktəbdə dərslər rus dilində keçirilirdi. Xeyrulla Əliyev 1980-ci illərdə Prişibdə (indiki Göytəpədə) müəllim işləyib və orada yazdığı şeirlərindən birində öz iç dünyasını daha dolğun şəkildə ifadə edib:

 

Nə götürdün bu dünyadan,

Vaxtı hədər keçən ömrüm?

Xəyalların qanadında

Ülviyyətə uçan ömrüm.

 

Yaydan qışa, qıdan yaya

Günlərini saya-saya,

Dərk olunmaz bu sevdaya

Haçan düşdün, haçan, ömrüm?

 

Dağdan endin, keç dərədən,

Xəbərin yox bənd-bərədən.

Könül adlı pəncərədən

Baxıb-baxıb keçən ömrüm.

 

Əyilmədin sərt ruzgara,

Tufanları yara-yara,

Üz tutdun aydınlıqlara

Ey zülmətdən qaçan könlüm.

 

Güldün ömrü saxtalara,

Gördün dərdə yoxdur çara.

Əyrilərə, oğrulara

Gülüşdən don biçən könlüm.

 

Xeyrulla Kərimov ömrünü müəllim kimi şərəfli bir peşəyə həsr etdiyindən onun şeirlərində də tərbiyəvi, nəsihətamiz fikirlər üstünlük təşkil edir. Ötən yüzilliyin altmışıncı illərində Güney Azərbaycan həsrəti ədəbiyyatımıza da adlamışdı. Xeyrulla Kərimovun bu mövzuya müraciəti də özünəməxsus şəkildədir. O, 1960-cı ildə qələmə aldığı “Bolqarçay sahilində” adlı şeirində yazır:

 

Nə yaman olurmuş ayrılıq dərdi,

Kaş buna bir çarə bilə biləydim.

Ya elə bir qüdrət olaydı məndə,

Bu dərdi həyatdan silə biləydim.

 

Araz çayı Azərbaycanı ikiyə bölən çay kimi tanınır. Xeyrulla Kərimovun yaşadığı bölgədə isə ayrılıq simvolu Bolqarçaydır. Onun bu mövzuda ən yaxşı əsəri 1967-ci ildə qələmə aldığı “Qazan köşkü” poemasıdır. Bu poema Güney Azərbaycanın böyük şairi Şəhriyara nəzirə üslubunda yazılmışdır:

 

Qazan köşkü, Köhnəkəndin gölləri,

Yaz gələndə dağ-dərənin selləri,

Soltankəndin lalə bitən çölləri

Xatirimdə silinməyən iz salıb,

O lalələr ürəyimə köz salıb.

 

Soyuqbulaq bu dağların gözüdür,

Cavanların söhbətidir, sözüdür.

Kükürdbulaq lap loğmanın özüdür,

Mən də bir vaxtı bu sulardan içmişəm,

Havalanıb dolaylardan keçmişəm.

 

Qazan köşkü Atüçənin meşəsi,

Yemişanı, nil ağacı, vələsi,

Dalımızn zindan kimi şələsi,

Bu gün belə ağrı qoyub belimdə,

Danışmağa daha gəlmir dilim də.

 

Xeyrulla Kərimovun maraqlı əsərlərindən biri də şair Abbasağa Azərtürkün Nadir təpəsi” adlı poemasına cavab olaraq yazdığı “Nadir təpəsinin cavabı” adlı poemasıdır. Mirzəqulu Ləzranlı, Rəşid Əsgərov, Yaqub Abbasov, Sevdalı Həsən və digərlərinə yazdığı şeirlər də şəxsi münasibətlər zəminindən çox ictimai mövqelər üzərində qurulmuşdur. Bu tipli məktubvari şeirlərində bölgənin problemlərini qaldırır, hadisələri təkcə bu şeirlərin ünvanlandığı şəxslərə deyil, ümumiyyətlə, bütün oxucularına poetik şəkildə çatdırır. Onun satirik şeirlərində isə Sabir ovqatı hiss olunur.

Düşdüyü yeri nura qərq edənləri işıqlı insanlar adlandırırlar. Ucqar bir bölgədə müəllim ömrü yaşayan Xeyrulla Kərimov təkcə görkəmli pedaqoq kimi ad çıxarmamış, həm də istedadlı şəxs kimi tanınmış, gözəl şeirlər yazmışdır. Bu şeirlər isə öz növbəsində Xeyrulla Kərimovun adını əbədiyaşar etmişdir.

Bilal Alarlı HÜSEYNOV,

filologiya üzrə fəlsəfə doktoru

 

 

 

 

 

 

 

 

Share: