İran-İsrail, müharibənin ssenarisi…

“Şərəfini satmaq istəyən həmişə alıcı tapar…”

Ərəb atalar sözü

Yaxın Şərq –Avropa alimləri tərəfindən ortaya gətirilmiş bir termin. Vaxt var idi bu söz birləşməsini eşidəndə hamının ağlına ilk olaraq Şərqin gözəl adət-ənənələri – qonaqpərvərlik, gözəl musiqi, bardaş quraraq qəlyan çəkən kişi silueti, şərq rəqqasələri və ən əsası “şərq sevgisi” gəlirdi.Indi isə təəssüflər olsun ki, ancaq müharibə, partlayış, işğal, ölüm və s. gözümüzun qarşısında canlanır.

Siyasi cəhətdən Yaxın Şərqin necə qeyri–stabil bir region olduğunu hamımız bilirik. Bunun çoxlu səbəbləri var. Misal üçün, əlverişli coğrafi və strateji mövqe. Və yaxud digər bir səbəb – dünya neft ehtiyatının 70%-i və təbii qaz ehtiyatının 40%-inin bu regionda yerləşməsi. Bunlar hamı tərəfindən qəbul olunan standart tezislərdir. Lakin şəxsən mənim üçün maraqlı başqa bir tezis də var. Qofri Kemp (Geoffrey Kemp) və Robert Harkavinin (Robert Harkavy) “Strateji coğrafiya və dəyişən Yaxın Şərq” (Strategic geography and the changing Middle East) kitabında irəli sürdükləri “Böyük dördbucaqlı” (Vast quadrilateral) anlayışına əsasən bu region Avropa, Rusiya, Asiya və Afrikanın toqquşduğu və yaxud birləşdiyi bir ərazidir. Amma fikir versək, Osmanlı imperiyası dağılandan sonra bu regionu vahid şəkildə bir ərazidə birləşdirən bir dövlət olmadı. Heç NATO timsalında hər hansı bir hərbi bloka da rast gəlmək olmur burada.

Əksər əhalisini ərəblər təşkil edən bu regionda 22 ərəb ölkəsi var. Fikrimcə, bu fakt özü-özlüyündə qeyri-adidir. Atalarımız demişkən “Birlik dirilikdir”. Elə bu birliyin olmamasına görə də region konfliktlərlə, ideoloji, dini və sosioloji problemlərlə zəngindir. Boşu-boşuna qərb alimləri bu ərazini “barıt çəlləyi” adlandırmırlar. Yel universitetinin professoru Berkenin fikrincə, Koreya yarımadasından sonra nüvə müharibəsini baş verə biləcəyi ən real ərazi məhz Yaxın Şərqdir.

Sülh əldə etmək üçün silahdan istifadə edəcəksənsə, daha çox müharibə və dağıntı görəcəksən…

Koretta Skot Kinq

2017-ci ilin sonunda Rusiyanın İŞİD üzərində qələbəsini elan edib, Suriyada olan kontingentin bir hissəsini Rusiyaya qaytardı. Amma bundan sonra regionun stabilliyi üçün olan ümidlər elə 2018-ci il başlayar-başlamaz puça çıxdı. Afrin əməliyyatları başladı. Lakin fevral ayında İran və İsrail arasında baş vermiş insident daha çox maraq cəlb edir.

Bu ilin fevral ayının 10-da İsrail səmasında İran istehsalı olan Shahed 171 pilotsuz uçuş aparatı vuruldu. Bu da öz növbəsində İsrailin Suriyada İran bazaları kimi ehtimal olunan ərazilərə  hava zərbələri ilə nəticələndi. Birinci həmlədən sonra geri qayıdan İsrailin F-16 qırıcı təyyarəsi Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vuruldu. Buna da cavab olaraq ikinci həmləni edən İsrail tərəfi, öz dediklərinə görə Suriyanın hava hücumundan müdafiə sistemlərinın demək olar ki yarısını məhv etdilər.

Ümümiyyətlə 2018-ci ilin ilk rübü “ilklər”lə yadda qaldı. Yuxarıda qeyd edilən Amerika Birləşmiş Ştatları istehsalı olan, çoxməqsədli, dördüncü nəsil hərbi F-16 təyyarəsi Ərəb – İsrail münaqişəsi tarixi ərzində vurulan ilk İsrail təyyarəsi oldu. Üstəlik İsrailin buna cavab olaraq reallaşdırdığı əməliyyat 1976-cı ildən sonra ən dəhşətli və kütləvi dağıntılara səbəb olan bir əməliyyat oldu. “National İnterest”in dediyinə görə də, ilk dəfə idi ki, İran İsrailə kiminsə vasitəsi ilə deyil, birbaşa müdaxilə edirdi.

Bu hadisələrin ardından Münhendə keçirikən təhlükəsizlik konfransında İsrailin baş naziri Benyamin Netanyahunun çıxışında işlətdiyi ifadələr maraq doğurur: “Lazım gəlsə, nəinki İranla əlbir olanlara qarşı, hətta birbaşa İranın özünə qarşı zəruri tədbirləri görəcəyik”. Sual yaranır, necə?

Düşmənə qarşı ən yaxşı silah başqa bir düşməndir…

(Fridrix Nitsşe)Soyuq müharibə dövründən başlayaraq müharibələrtaktiki cəhətdən dəyişməyə başladı. Artıq döyüş meydanlarında ox-kaman, qılınc oynatma və digər bu kimi döyüş bacarıqların görə bilmərik. XXI əsrdə isə quru qoşunlar daha çoxartilleriya və aviasiyanın hər hansı bir ərazini yerlə yeksan etdikdən sonra daxil olub nəzarət tədbirlərini təşkil etmək üçün istifadə olunmağa başladı. Məsafədən idarə olunan müasir silahların kəşfi ilə “distant müharibə”lərin də sayı artdı. Buna coğrafi cəhətdən biri-birindən uzaq ölkələri aid etmək olar. Misal üçün elə İran və İsraili. Düzdür, bu iki ölkə arasında hələ heç bir birbaşa hərbi münaqişə baş verməyib. Lakin “Jerusalem Post”un yazdığına görə, illərdir ölkələr arasında gedən “Kölgə müharibəsi” yavaş-yavaş reallığa doğru gedir.

Maralıdır, birbaşa müharibə olsa, gedişatı necə olar? Nəzərinizə çatdırıram ki, bu müqayisə yalnız coğrafi prizmadan aparılır.

Hərbi əməliyyatların başlayacağı təqdirdə coğrafiyanın İranın tərəfində olacağı aydın görsənir. Çünki İsrailin İranın quru sərhəddinə 2000 kilometrdən yaxın yaxınlaşmağa fiziki cəhətdən imkanı yoxdu. İranla münasibətləri o qədər ürəyaçan olmasa da Səudiyyə Ərəbistanının və İordaniyanın İsrailə öz ərazilərindən İran ərazisini vurmaq üçün istifadə etməyə icazə vermələri real görünmür.

Yuxarıda da qeyd olunduğu kimi müasir müharibələr əsasən distant xarakter daşıyır və həm də yaddan çıxarmamalıyıq ki, İsrail regionda hərbi texnologiya cəhətdən ən qabaqcıl ölkələrdəndir. “Traiding Economics”ə əsasən 2016-cı ildə İsrailin hərbi büdcəsi 18 milyard dollara yaxın idi. Hərbi arsenalının, əsasən də aviasıyasının çox hissəsini ABŞ istehsalı olan avadanlıqlar tutmasına baxmayaraq İsrailin öz istehsalı olan texnologiyalar da az deyil. Öz ərazisindən birbaşa İran ərazisini vurmaq üşün israilin arsenalında Jericho 3 və Jericho 2 ballistik raketlərini vardır.

“Missilethreat.csis.org”-un məlumatlarına əsasən Jericho 2 orta mənzilli ballistik raketi 1500-3500 kilometr məsafəyə nüvə başlıqları çatdırmağa qadirdir. Jericho 2-ni əvəz etmək üçün ilk testi 2008-ci ildə baş tutan, 2011-ci ildə rəsmi istifadəyə qəbul olunan Jericho 3 ballistik raket sistemləri sələfindən fərqli olaraq artıq orta mənzilli deyil, uzaq mənzilli idilər. Bu sistemlər 150 – 400 kT qüvvəli 750 kq-a qədər nüvə başlığını 4800 – 6500 km məsafəyə çatdırmaq iqtidarındadırlar.

Bəs İranın ballistik raketləri necə olsun? Onlardan qorunmaq lazım deyil?  Misal üşün, keçən il Tehranda keçirilən paradda nümayiş etdirilmiş “Khorramshahr” orta mənzilli ballistik raketi. Şimali Koreyanın Musudan (BM-25) raketinin texnoloji bazası əsasında yaradılmış bu sistem 2000 km radiusda olan strateji hədəfləri məhv etmək üçündür. Və yaxud sırf İran istehsalı olan və 2012-ci ildən arsenalda yer alan “Sejjil” orta mənzilli ballistik raket sistemi. “Khorramshahr” kimi onun da hədəf radiusu 2000 kilometrdir. Digər biri “Soumar” qanadlı raketidir. Bu da öz növbəsində orta mənzilli raket hesab olunur və 2000 – 3000 kilometr radiusda effektiv olduğu ehtimal olunur.

Lakin başqa bir məsələdə da var. Israildən fərqli olaraq İranın İsrail sərhəddinə dolayı olaraq çıxışı var. İsrail hökumətinin “körpü” (bridge) adlandırdığı İran – İraq – Suriya – Livan körpüsü, İrana nəinki distant, hətta birbaşa müdaxiləyə imkan verə bilər. Bu təqdirdə İrana orta mənzilli raket sistemlərindən əlavə yaxın mənzilli raketlər də əlavə avantaj verər. Bunlara” Qiam-1”,  “Zolfaghar”,       “Fateh-110”,         “Tondar  69”,“Shahab 2 “və “Shahab-1”-i aid etmək olar.

İsrailin də bu raketlərə layiqlı cavabı var. Bunlar,  ABŞ-la birgə istehsal edilən “David’s Sling” yaxın mənzilli ballistik və qanadlı raketlərə qarşı müdafiə sistemi, “Iron Dome” adlı yaxın mənzilli ballistik raket və artileriyaya qarşı olan müdafiə sistemi.

Yuxarıda sadalananlar Suriya və Livan tərəfdən gələ biləcək raket hücümlarının qarşısını almaq üçündür. Bəs digər ballistik raketlərdən necə qorunacaqlar?  Cavab,” Arrow 2” və onun bazasında daha da təkmilləşdirilmiş “Arrow 3 “orta məznzilli ballistik raketlərə qarşı olan müdafiə sistemi. “Arrow 3 “ bu ilin fevral ayında son sınaqdan uğurla çıxdı. Onun ən böyük üstünlüyü atmosferdən kənarda hərəkət edə bilən raketlərin aşkar edib məhv edə bilməsidir.

Bu müaqayisələrdən müəyyən etmək olar ki, hər iki dövlətin arsenalında bir-birlərinə zərbələr endirmək üçün kifayət qədər silah – sursatları mövcuddur. Lakin ümüd edək ki, onların  arsenalları istifadə edilməmiş qalacaq.

Amma digər bir prizmadan baxdıqda Marqaret Tetçerin gözəl bir ifadəsi yada düşür-“ Nüvə silahsız dünya daha hamımız üçün qeyri-stabil və daha təhlükəli olardı”.

Orxan Zülfüqarov

 

Share: