İnsanlıq nümunəsi: Azər Əliyev – Leyla Məcidova yazır

İnsanlıq nümunəsi: Azər Əliyev – Leyla Məcidova yazır

 

İnsan xarakteri onun mənsub olduğu torpağın, aldığı tərbiyənin və yaşadığı ömrün mənəvi ucalığının göstəricisidir. Dünyada nə qədər nəcib xislət, nə qədər saf və ali insani keyfiyyət varsa, hamısını öz varlığında cəmləşdirən bütöv şəxsiyyətlər bəşəriyyətin mənəvi zənginliyidir. Belə insanlar öz varlıqları ilə ətraflarına nur saçır, xeyirxahlıqları və xüsusi kübarlıqları ilə hər bir qəlbdə əbədi sevgi qazanırlar. İşlədiyi, rəhbərlik etdiyi kollektivin əsl sevimlisi olmaq isə hər kəsə nəsib olmayan böyük bir tale töhfəsidir. Bu ucalığı öz halal zəhməti, səmimiyyəti və yüksək humanizmi ilə fəth edən dəyərli ziyalılarımızdan biri də Azər müəllim Əliyevdir.
Azər Aydın oğlu Əliyev 1963-cü ildə cənubun füsunkar və mətin guşələrindən biri olan Astara rayonunun Pensər kəndində anadan olmuşdur. İlk təhsilini 1980-ci ildə elə doğma Pensər kənd orta məktəbində başa vuran Azər müəllim, gələcək həyatını quruculuq sənətinə həsr etmək amalı ilə bünövrə fəaliyyətinə başlamışdır. O, 1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu İnşaatçı-mühəndis ixtisası üzrə müvəffəqiyyətlə bitirmişdir.
Ali təhsilini tamamladıqdan sonra uzun illər paytaxt Bakı şəhərində müxtəlif tikinti idarələrində məsul vəzifələrdə çalışmış, böyük tikinti meydanlarında silinməz izlər qoymuşdur. Bakının memarlıq və quruculuq salnaməsində mühəndis kimi qazandığı zəngin təcrübə, onun təşkilatçılıq və rəhbərlik qabiliyyətini daha da cilalamışdır.
2016-cı ilin iyun ayından etibarən Azər Əliyevin ömür yolu və peşə fəaliyyəti cənub bölgəsinin elm məbədi olan Lənkəran Dövlət Universiteti ilə bağlanır. O, həmin tarixdən universitetin maliyyə-təsərrüfat işləri üzrə prorektoru vəzifəsində şərəflə çalışır. Mühəndislik illərindən gələn dəqiqlik və peşəkarlıq bu gün universitetin hər bir daşında, aparılan hər bir abadlıq və quruculuq işində özünü qabarıq şəkildə büruzə verir.
Lakin Azər müəllim təkcə binaları, təsərrüfatı idarə edən rəhbər deyil, o, həm də insan qəlblərini quran, abadlaşdıran mənəviyyat mühəndisidir. Onun dərin elmi-publisist təfəkkürü, hadisələrə lirik və həssas yanaşması rəhbərlik fəaliyyətindəki ciddi nizam-intizamla elə bir harmoniya təşkil edir ki, bu ustadlığa heyran qalmamaq mümkün deyil. İşində son dərəcə tələbkar və peşəkar olan bu insan, kollektivdə hər bir əməkdaşın, müəllim və tələbənin çətin anında arxalana biləcəyi etibarlı dost, səmimi bir sirdaşdır.
Müdriklər deyir ki, dünyada nə yaxşı xarakter varsa, hamısı birmənalı olaraq ali insanlığın xislətində cəmləşir. Azər müəllim məhz bu ali xislətin daşıyıcısı kimi kollektivin qəlbində özünə xüsusi bir rəğbət taxtı qurmuşdur.
Bu müqəddəs doğum günündə fədakar rəhbər, dəyərli ziyalı və əsl insan olan Azər müəllimə Tanrıdan ən gözəl nemət olan möhkəm cansağlığı, tükənməz gənclik enerjisi, ailə səadəti və doğma Lənkəran Dövlət Universitetinin tərəqqisi, işıqlı gələcəyi naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Nə yaxşı ki varsınız, nə yaxşı ki,elm və təhsil ailəmizin ayrılmaz bir parçası, qəlblərimizin sevimlisiniz.Yeni yaşınız mübarək doğma insan!

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru,dosent
Lənkəran Tarix Diyarşünaslıq Muzeyi nin direktoru
Leyla Məcidova Leyla Qadir qızı

Share: