“İlk dəfə Şuşada şahmat turnirinin keçirilməsi özəl bir duyğudur”

“20-31 avqustda Çexiyanın Praqa şəhərində keçirilmiş qadın şahmatçıların şəxsi Avropa çempionatında iştirak etdik. Əlbəttə, medal qazanacağımı gözləyirdim. Hətta birincilik uğrunda mübarizə aparırdım”.

Bu sözləri Çexiyanın paytaxtı Praqada ıeçirilən şahmat üzrə Avropa çempionatında iştirak edən Günay Məmmədzadə “Qafqazinfo”ya açıqlamasında deyib.

“44-cü Şahmat Olimpiadasından sonra digər komanda yoldaşlarımdan da nəticə gözlənilirdi. Məndən başqa, Ülviyyə Fətəliyeva da 3-cü yerə çıxdı. Yarış çox yaxşı keçdi. Qalibdən 0,5 xal geri qaldım. Ümid edirəm və inanıram ki, gələcək yarışlarda birinciliyi qazanacağam. Mənim üçün qalib olan Monika Soçko ilə partiya çətin oldu. Həmin görüşdə uduzdum. Bundan sonra özümə gəlməli idim. Çünki ardıcıl iki erməni şahmatçısı Mariya Qevorqyan və Elina Danielyanla qarşılaşırdım. Mariya üzərində qazandığım qələbə gümüş medalı qazanmağımda rol oynadı”.

Şahmatçı növbəti yarışının bu ay Şuşada keçiriləcək beynəlxalq şahmat turniri olacağını qeyd edib:

“Bu yarışda iştirak etmək çox həyəcanverici, inanılmaz hissdir. İlk dəfə Şuşada şahmat turnirinin keçirilməsi özəl bir duyğudur. 2-10 oktyabrda isə Avstriyanın Mayrhofen şəhərində klublararası Avropa çempionatı keçiriləcək. İnanıram ki, oradan da qələbə ilə Vətənə geri dönəcəyik”.

“Hər bir uğur özü ilə böyük motivasiya gətirir. Avropa çempionatındakı nəticəm həm də Dünya Kubokuna lisenziya qazandırıb. Əsas məqsədim orada da yer tutub İddiaçılar Turnirinə, daha sonra dünya çempionluğu uğrunda mübarizəyə vəsiqə əldə etməkdir”, – deyə Günay Məmmədzadə əlavə edib.

Müstəqil.Az

Share: