İcra başçısı və deputat Yasamal sakinləri ilə görüşdü — Fotolar

Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Ülvi Quliyev vətəndaşların təklif, müraciət və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, Yasamal rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 167 saylı tam orta məktəbin akt zalına baş tutub.

Tədbiri giriş sözü ilə açan Yasamal RİH başçısı vurğulayıb ki, vətəndaşlarla görüş Azərbaycan Prezidenti İlham Əliyevin əhali ilə daima təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir. Burada əsas məqsəd insanların problemlərini bilavasitə dinləmək və çevik şəkildə həll etməkdir.

Qəbul zamanı sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən bir sıra digər məsələ isə aidiyyəti təşkilat rəhbərlərinə tapşırılaraq icrası nəzarətə götürülüb.

Səyyar qəbul zamanı sakinlər mənzil növbəsi, küçələrin asfaltlanması, Vətən müharibəsi qazilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qurumuş ağacların budanması, dam örtüklərinin təmiri, küçələrin işıqlandırılması, marşrut xəttlərinə yeni avtobusların buraxılması, mənzillərin su təchizatı, mənzillərdə istilik sistemlərinin fəaliyyəti və digər bu kimi məsələlər qaldırıblar.


Share: