HEYDƏR ƏLİYEVİN “ÜÇ DƏNİZ ƏFSANƏSİ” NECƏ GERÇƏKLƏŞİB?

 

Sentyabrın 29-da YAP Yasamal Rayon Təşkilatında “Üç dəniz əfsanəsi” filminin təqdimatı keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanan film müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Filmdə “Əsrin müqavilə”sinin imzalanması, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi ilə bağlı Heydər Əliyevin verdiyi qərar və həmin illərdəki mürəkkəb tarixi şərait diqqətə çatdırılır. Ümummilli lider xaricdən göstərilən təzyiqlərə rəğmən bu prosesdə Azərbaycanın milli maraqlarını necə qoruyub və əcnəbi konsorsiumların gözləntilərini necə puça çıxarıb? BTC marşrutunun seysmik və ekoloji “təhlükələri”, iqtisadi cəhətdən qeyri-rentabelliyi barədə ssenarilər hansı ölkələrdə yazılırdı və Heydər Əliyev müdrikliyi bu cəfəngiyatları necə alt-üst edib? BTC-nin maliyyələşməsi müşkülünün pərdəarxası və onun həllini tapmasında Heydər Əliyev fenomeni filmdə tarixi faktlarla açıqlanır. Önəmli məqamlardan biri də Ümummilli liderin unikal neft strategiyası xəttinin Qarabağ düyününün çözülməsindəki açar roludur.

Filmin müsahibləri olan Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun rəhbəri Valeh Ələsgərov, Azərbaycanın 1993-1998-ci illərdə xarici işlər naziri çalışan Həsən Həsənov və Türkiyənin ADCO neft qatqıları şirkətinin rəhbəri Selçuk Akatının fikrincə, Heydər Əliyev olmasaydı, BTC sadəcə kağız üzərində qalardı. “Üç dəniz əfsanəsi”nin gerçəkləşməsi bir insanın vətəninin, xalqının gələcəyi naminə sonsuz əzmkarlığının bariz sübutudur.

“İnkişafa Doğru İnteqrasiya” İctimai Birliyi tərəfindən hazırlanan “Üç dəniz əfsanəsi” sənədli filminin ideyası Ülviyyə Abdullayevaya məxsusdur. Ssenari müəllifi İlhamə Novruzova, aparıcı Xanım Daşdəmirova, quruluşçu rejissor Əlihüseyn Məlikov, prodüser Firuzə Cəlilova, məsləhətçi Mehriban Alışanovadır. Təqdimat mərasimində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı Direktoru Aygün Əliyeva, Yasamal rayon İcra başçısı Elşad Həsənov, millət vəkilləri Sadiq Qurbanov, Vüqar İskəndərov, Məzahir Əfəndiyev, Jalə Əhmədova, İlham Məmmədov, Ülvi Quliyev və bir sıra ictimai xadimlər, media mənsubları iştirak ediblər.

Share: