HEÇNƏDƏN NƏSƏ YARADA BİLƏN ADAM…

Elşad Eyvazlı- 50

 

Planeti Merkuridir, dəyişkən xüsusiyyətlidir, əsasən sarı və narıncı rəngləri xoşlayır. Uğurlu rəqəmləri 5-lə 9-dur. Metalı civə, şanslı günü isə çərşənbədir. İntellektual, məntiqli, məzmunlu, söhbəcil, yeniliklərə açıq adamdır. Cəlddir, eyni vaxtda bir neçə iş görməyi bacarır. Xoş təəssürat yaradan görünüşü var…

“Uşaqlıqda dərslərimi çox yaxşı oxuyurdum, eyni zamanda çox dəcəl idim. Təsəvvür edin ki, mənim həm şərəf lövhəsində şəklim vardı, həm də divar qəzetində karikaturam. Atam müəllimdir. Mənə kimsənin ağlına gələ bilməyəcək cəzaları tətbiq edirdi. Doğulub boya-başa çatdığım Kəlbəcərdə qar çox yağırdı, qarın hündürlüyü bəzən bir metri keçirdi. Bir dəfə atam mənə necə əsəbiləşmişdisə, üst paltarımı soyundurub qarın içinə atdı. O vaxt atamın bu hərəkətini düzgün qiymətləndirmirdim. Düşünürdüm ki, mənə qarşı çox əzazildir. Qəribəsi o idi ki, dörd qardaş-bacıdan ancaq mən cəzalandırılırdım. Bunu bəzən ayrı-seçkilik kimi də qəbul edirdim. Sonralar isə başa düşürdüm ki, bütün təqsirlər özümdə olub. Standart olmamışam.”- söyləyir…

Ağıllı və praktikdir, üzləşdiyi problemləri asanlıqla həll edə bilir. Sərbəstliyi sevən adamdır, özünü məhdudlaşdırmağı xoşlamır. Hərdən onu başa düşmək çətin olur. Bəzən səxavətli görünsə də, bəzən də xəsislik edir. Amma pul məsələsində israfçıdır…

Deyir ki,- “İndiyədək nə əldə etmişəmsə, atamın verdiyi tərbiyənin hesabına etmişəm. Atam övladlarını kişi kimi böyüdüb. Vicdansızlıqdan, tərbiyəsizlikdən, yalandan həmişə uzaq qaçmışam. Öz gücümə ayaqda durmağı öyrənmişəm. Bu gün övladlarıma da bu tərbiyəni aşılayıram.”

Haqqında söhbət açdığım Elşad Səməndər oğlu Eyvazlı 1973-cü ildə Kəlbəcər rayonunda dünyaya gəlib. 1990-cı ildə Kəlbəcər rayonu Sarıdaş kənd orta məktəbini bitirib. Ali təhsilini “Təfəkkür” Universitetinin jurnalistika fakültəsində bakalavr və magistatura mərhələləri üzrə başa vurub. Bakı Dövlət Universitetinin doktorantıdır. Jurnalist fəaliyyətinə 1998-ci ildə “Azərbaycan gəncləri” qəzetində başlayıb. “Hər gün”, “Bizim əsr”, “Fədai”, “525-ci qəzet”, “Üç nöqtə”, “Xəzər” və başqa qəzetlərdə çalışıb. 2006-cı ildən Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədridir. 2009-cu ildən “Modern” Media Qrupun direktoru, 2018-ci ildən isə “Azedu.az” Təhsil Saytının rəhbəridir. 2020-ci ildə əməkdar jurnalist fəxri adına layiq görülüb…

Öz işini yüksək səviyyədə icra etməkdən ləzzət alır. Emosionallıq ruhuna ziddir, mümkün qədər işin məntiqi tərəfinə baxmağı sevir. Heç kimə pislik etməyə çalışmır, yaxşılığı başa düşməyənləri isə asanlıqla başa sala bilir. Onun ən böyük bacarığı heç nədən nəsə yaratmaqdır…

“Sözüsüz ki, iş varsa, çətinliklər də olur. Bu illər ərzində xeyli çətinliklərə sinə gərmişik. Modern. az sayıtı fəaliyyətinin ikinci ilində bağlanmaq təhlükəsi üz-üzə qalmışdı. Burada konkret ad çəkəcəm. O vaxt Rəşad Məcid olmasaydı, yəqin ki, bu gün bu sayt olmayacaqdı. O, saytın çətin günündə davam dedi və bu işdə bizə stimul verdi. O, mənə bildirdi ki, bir az güclü və səbirli olmaq lazımdır. Həmin vaxt əməkdaşlara belə əmək haqqı vermək gücümüz yox idi. Belə vəziyyətlər hazırda da tez-tez təkrar olunur. Biz ən çox gənclərlə işləməyə üstünlük veririk. Uzun illər mətbuatda çalışan dostlarımızla bir arada çalışmağı çox arzu edirəm. Sadəcə, onlara yaxşı məvacib verilməsi məsələsində xeyli problemlərimiz olduğuna görə bunu edə bilmirik. Bir sözlə, çətinliklər və yaxşı günlərimiz də olur. Keşməkeşli yollarla gəlib 14 ilə çata bilmişik. Amma hər halda hesab edirəm ki, internet portallarının çox olduğu bir zamanda fəaliyyət göstərmək asan bir məsələ deyil. O mənada ki, sıradan sayt olmaq təbii, bizim arzu və istəyimiz olmayıb.”- söyləyir.

AzEdu. az saytı da onun rəhbərliyi altında fəaliyyət göstərir, bu il beş yaşını qeyd ediblər. Və ötən bu beş ildə sayt adlanan bu nəhəng “döyüş maşını” daim informasiya cəbhəsində hücumda olub. Zəkalara yol tapıb, beyinləri fəth edərək, nüfuz qazanıb. Bu nüfuzun nəticəsidir ki, ətrafına yığılan oxucu ordusu ona inanır, onu izləyirlərlər. Bəli, bütün bunlar Elşad Eyvazlının nailiyyətləridir.

İyunun 16-da haqqında söhbət etdiyim əməkdar jurnalistin 50 yaşı tamam olur. Ona möhkəm cansağlığı, tükənməz enerji və yaradıcılıq uğurları arzulayıram.
Yubileyin mübarək, DAĞLAR OĞLU!..

Hörmətlə, Elman Eldaroğlu

Share: