Halal yaşamağın hökmü – Faiq BALABƏYLİ ANAR haqqında yazır

… Haqlı bir deyim var, nə qədər yaşayacağımız bizdən asılı deyil, amma necə yaşayacağımız bizdən asılıdır. Bu baxımdan həm yaşam tərzi, həm də də yaradıcılığı ilə  çoxlarına örnək ola biləcək bir ömür yaşayan xalq yazıçısı Anar, Tanrıdan ona verilən ömür payını necə yaşamağın konturlarını  düzgün cızmışdı. Halal yaşamağın hökmüdür bu gün onu bizlərə sevdirən.

Bu günlərdə Anarın  85 yaşı tamam oldu. Çox yaşasın, xoş yaşasın! 85 illik ömür az deyil, deyə düşünənlərə Anar kimi millətin pasportu ola biləcək insanlar üçün bu yaş  heç çox da deyil, demək yerinə düşər. Şəxsən mən Anar müəllimə daha çox yaşamaq arzusu ilə Tanrıdan uzun və sağlam ömür diləyirəm.

Bu illər ərzində xoş yaşamağına gəldikdə isə, əlbəttə bu Tanrının ona verdiyi töhfədir. Lakin, birmənalı olaraq Anar müəllim arxada qoyduğu 85 ili tam xoş yaşayıb, demək də olmur. Bu illər ərzində onun da sarsıntıları, itkiləri, ona olan hücumlara dözmək, cavab vermək, dost dediklərinin namərd hərəkətlərini görmək, bir süfrə arxasında oturub-durduqları, sağlıq deyib uzun-uzadı dostluqdan bəhs etdiklərinin  zaman keçdikcə naxələflikərini müşahidə etmək heç də xoş olacaq bir hal deyil, hansı ki, Anar müəllim bunlarla az qarşılaşmayıb.

Əlbəttə ki, tanınmış ailənin övladı olmağın müsbət tərəfi ilə yanaşı mənfi tərəfləri də az olmayıb; həsəd, qısqanclıq, şəkillərini dərsliklərdə, qəzet və jurnallarda gördüyü insanlarla bir damın altında yaşamaq, ünsiyyətdə olmaq, ədəbiyyatı təkcə mütaliə ilə deyil, yaradanlarla birlikdə yaşayaraq öyrənmək və bu proseslərin içində olmaq və sair…

Onun həyatında mühüm rol oynayan tarixi şəxsiyyətlər az olmayıb. Ata və ana, onların müasirləri olan ədəbiyyatımızın nəhəngləri, klassikləri sayılacaq insanlarla birbaşa təmas və ilaxır… Yəni, Azərbaycan ədəbiyyatında özlərinin izi və imzası ilə seçilən və sevilən insanlarla erkən yaşlarından tanış olmaq… O insanlar ki, onlarsız əlbəttə Azərbaycan və Sovet ədəbiyyatı tarixinin hansısa səhifələri boş qalardı.

Oğlunun və qızının da ictimai tutumu, imzaları, bir valideyin olaraq, ona xoş hisslər yaşamasına səbəb olmalıdır və bu belədir, demək yaxşı ata olmaq, övlad tərbiyə etmək də xüsusi zəhmət tələb edən bir yaşam tərzidir.

Amma bu qədər xoş olmağa səbəb ola biləcəklərin sırasında narahat bir ömür də var ki, o da Anarın həyatının bir tərəfidir. Ötəri də olsa yuxarıda toxundum. Vaxtı ilə qarşılaşdığı haqsızlıqları çox olub və bu hazırda da təkrarlanmaqdadır. Müşahidələrim, eşitdiklərim, oxuduqlarım mənə pıçıldayır ki, Anar həm yazıçı, həm ictimai xadim, həm də övlad kimi ağrı yaşayıb; atılan çamurlara cavab verib, özünü, eləcə də ədbiyyatımızın klassiklərini müdafiə edib. Amma Xalq şairləri olan valideyinlərinə qarşı hücumlara, onların ruhunu rahatsız edənlərə cavab vermək, düşünürəm ki, onun bir oğul olaraq daha çox sarsıla biləcək, insanlardan incik qala biləcək durumlara düşməyinə səbəb olub.

Belə düşüncəsizlik, yaxud düşünərək Allahın verdiyi istedada dodaq büzən, ürək bulandıranlar heç də az olmayıb. Düzdzür, bu az olmayanlar onları sevənlərin qarşısında o qədər azdırlar ki, bir çivin vızıltısı qədər ancaq və ancaq qulaq pərdəsini gizildədə bilər.

Anar şəxsiyyətinə, Anar nüfuzuna arxadan və aşağıdan baxanlar çoxdur. Hər kəs özünü ifadə edir, hər kəs ifadəsində necə və hansı xislətin sahibidir, bunu aşkarlayır.

Gözləri onun-bunun cibində, əlində olan, boynu qısıq yaşayaraq miskin xarakterləri ilə kəramətlərini nümayiş etdirənlər, bəzən öz gözlərində tiri, qəlblərindəki həsəd və paxıllığı, damarlarındakı bulanıq mayeni gəzdirənlər millətin bəzi zəif düşüncəli adamlarını qıcıqlandıraraq yersiz söhbətlərə rəvac verdirə bilənlər sosial şəbəkələrdə pandemiya kimi, korono virus kimi yayılmadadırlar.

Mən Anarı yazıçı kimi tanımışam və kəndlərdə insanların  boş vaxtlarında həm də mütaliə etdikləri bir dövrdə onun necə sevildiyinin, kitablarının oxunduğunun şahidi olmuşam.

Mənim doğulub boy- başa çatdığım kənddə, Cəlilabad rayonunun Sabirabad kəndində də bu belə idi. Evimizin odun sobası ilə qızdırıldığı otağında atamın danışdığı rəvayətlər, nağıllar, oxuduğu şeirlərlə yanaşı, əlbəttə Anarın da hansısa hekayəsi və pyesləri də yer alırdı. Biz qardaşlar ədəbiyyata sevgini, marağı həmin sobanın istisində atamın danışıqlarından alırdıq. Yaşıdım olan digər qonşu uşaqları da həmin mütaliə saatlarının dinləyicisi olurdu.

İndi 85 yaşı tamam olan xalq yazıçımızın, ssenaristin, dramatruqun, tərcüməçinin, ictimai xadimin, ədəbiyyatşünasın haqqında yazmaq mənə doğurdan da çətin gəlir. Xalq sevgisini, oxucu sevgisini, milyonların rəğbətini qazanmış bir insana oxucu məktubu, oxucu sevgisi ilə yazılan bu kiçik yazıda, qorxuram ki, sevgimin böyüklüyünü olduğu kimi ifadə edə bilməyim. Olsun.

Sonda müstəqilliyimizin ilk illərində qarşılaşdığım bir hadisəni yazmaq istəyirəm.

Komandir heyətində təmsil olunduğum “Sviyaqa” gəmisi  Qazaxıstanın Bautin şəhərinin yük qəbulu körpüsündə idi. Kapitan Nikolay Kryukov bir neçə sənədi təqdim edib, möhürlətmək üçün məni liman rəhbərliyinə göndərmişdi. Otaqda  3 nəfər idilər. Bir qazax, iki rus millətindən olan liman işçiləri ilə söhbətimiz zamanı açıq efirdə Azərbaycana məxsus “Rəsul Rza” gəmisi körpüyə yan almaq üçün müraciət etdi. Gəminin su ehtiyatı tükənirdi.  Qazaxıstanl həmkarlar hansı körpünün nə vaxt boşalacağını müəyyən etdikdə, “Nigar Rəfibəyli” tankeri “Rəsul Rza” gəmisini çağırdı, Bakıya getdiklərini və onlara ehtiyatlarında olan sudan istifadə edəcəkləri  qədər verə biləcəklərini, dedi.

Qazaxıstanlı həmkarlar dilxor oldu. Əlbəttə “Rəsul Rza” körpüyə yan alsa idi, həm dayanma, həm də götürəcəkləri suyun müqabilində Azərbaycan tərəfi ödəniş etməli idi.

Bu zaman qeyri-ixtiyarı soruşdum, bilirsiniz bu gəmilərin adları verilən insanlar kimdir?  Kimdir, deyə soruşdular. Dedim ki, onların hər ikisi Azərbaycanın fəxri, bizim xalq şairlərimizdir. Nigar Rəfibəyli Rəsul Rzanın həyat yoldaşı olub, həyatını ona həsr edib, bu baxımdan ona olan təzyiqləri, haqsızlıqları ürəyinə salıb, səhhətində problemlər yaşanıb, eləcə də yaradıcılığına ayıracağı zamanın müəyyən hissəsi də bu qayğı üçün yönəlib. Onun çayını, suyunu verib, yeməyini hazırlayıb və sair. İndi həyatda hər iksi yoxdur, dünyalarını dəyişiblər. Amma adları həmişə qoşa çəkilib. Adlarına verilən gəmilərin bir birinə ehtiyacı var. Görürsünüzmü, “Nigar Rəfibəyli” “Rəsul Rza”nı susuz qoymur, qayğısına qalır. Həmkarlarım duyğulandılar, hətta qazax millətindən olan kövrəldi də. Otaqdan çıxmaq üzrə idim, soruşdum, Anarı tanıyırsınızmı, Azərbaycan Yazıçılar İttifaqının sədridir, SSRİ Ali Sovetinin deputatıdır. Tanıdılar. Baxın, Anar da onların övladırdır, dedim.

… O hadisədən 30 ilə yaxın vaxt keçir, bu olayı heç vaxt unutmadım, ara-sıra dostlarıma danışdım. İndi isə yazmalı oldum.

Anar müəllimin, əziz insanın, dahi şəxsiyyətin 85 yaşının tamamında yuxarıda dediyim kimi, ona uzun ömür və sağlam həyat arzulayıram. Çox istərdim ki, yaşının bu vədəsində, ruhunun isə gənc qaldığı bir zamanda ardınca danışanlara, sosial şəbəkələrdə özlərinin içini ifraz edənlərə fikir verməsin, niyə? Ona görə ki, o insanlar onun varlığına qısqananlardır, həsəd aparanlardır. Keçmişləri onun keçmişi kimi olmayanlardır. Nə uşaqlıq dövrləri, nə yeniyetməlik və cavanlıqları, nə orta yaş dövrləri o insanların həyatında olmayanlardır. Yaradıcılıqları da həmçinin, bu günləri də, lap çox illər sonra həyatda, oxucu yaddaşında, ölkənin taleyində adları yaşamayacaqlarını bilənlərdir, onlar.

Sevgilərlə,

Faiq BALABƏYLİ

Share: