Halal adam…

Əgər gəlib desələr ki, Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru kimdənsə rüşvət alıb, hətta and içsələr belə, inanmaram. Çünki o, elə bir ailədə böyüyüb ki, həmin ailənin süfrəsində heç zaman haram tikə olmayıb. Atası Çoban kişi öz qabarlı əllərinin zəhməti ilə balalarını boya-başa, ərsəyə çatdırıb… 
Bu gün sizə filologiya üzrə fəlsəfə doktoru, dosent Əliş Ağamirzəyevdən söhbət açmaq istəyirəm. O, 15 mart 1973-cü ildə Yardımlı rayonunun Köryədi kəndində dünyaya gəlib. 1991-ci ildə Bakı Dövlət Universitetinə daxil olub. 1994-1998-ci illərdə hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetini kitabşünas-nəşriyyat redaktoru ixtisası üzrə (bakalavr), 2004-cü ildə isə Bakı Dövlət Universitetinin magistraturasını fərqlənmə diplomu ili bitirib. 2004-2007-ci illərdə Bakı Dövlət Universitetinin nəşriyyat işi və redaktəetmə kafedrasında müəllim, 2007-2019-cu illərdə Bakı Slavyan Universitetində Jurnalistika kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Eyni zamanda 1998-2014-cü illərdə “Mütərcim” Tərcümə, Nəşriyyat-Poliqrafiya Mərkəzində redaktor, icraçı direktor, 2014-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun informasiya təminatı sektorunun məsləhətçisi vəzifəsində işləyib. Hazırda dediyim kimi, Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosentidir…
Onu “Mütərcim” nəşriyyatından tanıyıram. O qədər saf adamdır ki, hətta buna şübhə etmək belə insafsızlıq olar. Mehribanlığına, qayğıkeşliyinə də söz ola bilməz. Səbrli və təmkinlidir. Rəftarında o qədər mədənidir ki, kübarlıq iliyinə kimi işləyə bilib, varlığına hopub…
2010-cu ildə dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2018-ci ildən filologiya üzrə elmlər doktoru proqramı üzrə BSU-nun dissertantıdır.
Ali məktəblər üçün 1 dərs vəsaitinin, 3 fənn proqramının, 50-dək elmi məqalənin müəllifi, 2 kitabın tərtibçisidir. Bir sıra beynəlxalq elmi konfranslarda iştirak etmiş, əsərləri Rusiya, Qazaxıstan və Ukraynada çap olunmuşdur.
“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” və “Kitabşünaslıq və redaktor sənəti” elmi məcmuələrinin redaksiya heyətinin üzvüdür…
Qəribədir, Yardımlı rayonundan indiyədək hər hansı bir ali elm ocağında prorektor vəzifəsinədək çox az adam yüksələ bilib. Səhv etmirəmsə, professor Mircəfər Həsənli Müəllimlər İnstitutunun, professor Telman Vəlixanlı isə Slavyan Universitetinin prorektoru olublar, vəssalam- şüttamam. Əliş Ağamirzəyev bu sırada üçüncü və hələ ki, sonuncudur…
Martın 15-i Əliş müəllimin doğum günüdür, 51 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayıram…
Çox yaşa, HALAL ADAM!
Elman Eldaroğlu
Share: