ABŞ-ın 4-cü prezidenti ilə eyni gündə dünyaya gələn yazıçı-dramaturq

Kasıb bir ailədə doğulub boya-başa çatıb. Ailənin ehtiyacı o qədər böyük olub ki, on yaşında işləməyə məcbur qalıb, evə maddi kömək etməyə çalışıb. Bu acı təcrübə onu bacarıqlı bir insan kimi yetişdirə bilib. Və bu bacarıqla o, həyatda çox şeyə heç bir arxa-dayağı olmadan nail olub…

Martın 16-cı günü dünyaya bir sıra görkəmli şəxsiyyətlər bəxş edib. Ümumiyyətlə, bu tarixdə dünyaya gələn insanların arasında oxşar xüsusiyyətlər çoxdur. Bu gün sizə martın 16-da anadan olan iki insan haqqında söhbət açmaq istəyirəm;
Onlardan birincisi Ceyms Medisondur. 1751-ci il martın 16-da ABŞ-ın Virciniya ştatının Port-Konuey yaşayış məntəqəsində varlı plantator ailəsində dünyaya gəlib. Boyu 1 metr, 62 santimetr olan Ceyms Medison parlaq düşüncəli, dəmir iradəli, kübar bir şəxsiyyət idi. 1809-cu ildən 1817-ci ilədək Amerika Birləşmiş Ştatlarına rəhbərlik edib, ABŞ-ın 4-cü prezidenti olub…
Ağalar İdrisoğlu isə Ceymsdən yüz doğsan doqquz il sonra- 1950-ci ilin mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olub. Azərbaycan yazıçısı, dramaturqu və rejissorudur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür…
Bu insanları təkcə doğum günləri birləşdirmir. Həm də iti zəka, duyğusallıq, dərin təfəkkür, əzmkarlıq hər ikisinə də məxsus olan xüsusiyyətlərdəndir. Ən böyük oxşarlıqları isə daim hərəkətdə olmaq, cəmiyyətə fayda vermək xüsusiyyətləridir…
Nə isə, Ceyms Medison uzaq keçmişdə qaldı. Bu gün bizimlə eyni dövrdə yaşayan, yazıb yaradan Ağalar İdrisoğluya Allah Ceyms Medisondan da çox müsbət xüsususiyyətlər bəxş edib, sadalamaqla bitməz. Heç sadalamaq istəmirəm də. Çünki dostları bu xüsusiyyətlərini çoxdan kəşf ediblər…
Bəli, martın 16-sı gözəl günlərdən biridir, Novruz bayramına saylı günlər qalır. Bu ərəfədə dünyaya gələn insanlar da gözəl olurlar…
Hörmətli Ağalar müəllim, ad gününüzdən xəbər tutub qələmə aldığım bu kiçik təbrik yazısı, qoy sizin 74 yaşınıza SÖZ ərmağanım olsun!
Yeni yaşınız mübarək!
Hörmətlə, Elman Eldaroğlu
Share: