Deyir ki:- “Bildiyim qədər dövlətin və cəmiyyətin inkişafı mədəniyyətə inteqrasiyadan asılıdır. Odur ki, bütün dinlər kimi incəsənət də insanları kütləvi şəkildə ətrafına toplaya bilir.
Əfsuslar olsun ki, bu gün mədəniyyətdə təklif və tələb arasında böyük boşluq yaranıb. Əksər hallarda mədəniyyət müəssisələri dövlətin üzərində yükə çevrilib. Bunun da qarşısını almaq üçün yüksək intellektə malik gerçək sənət adamları tərəfindən metodik mərkəzlərdə və digər aidiyyəti strukturlarda təlimatlar hazırlanmalıdır. Mədəniyyət sahəsi çox çətin və həssas bir sahədir. Bəzən cəmiyyətdə mədəniyyət müəssisələrinə qeyri-ciddi münasibətin şahidi oluruq. Hamı bilməlidir ki, gerçək sənətin əsas rolu gələcəyin formalaşmasıdır…”
O, 1969-ci ilin may ayının 6-da Ağdam rayonunun Güllücə kəndində, Mürşüd kişinin ailəsində dünyaya gəlib. 1986-cı ildə orta təhsilini başa vurandan sonra, indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsində ali təhsilə yiyələnib. 1992–2002-ci illərdə Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikumunda rejissor və aktyor sənətini tədris edib. 2000-ci ildə təsis etdiyi “MM” MMC-də 100-ə yaxın konsert və televiziya proqramlarının, reklam kampaniyalarının rəhbəri, 12 video-filmin prodüseri, bir çox televiziya layihələrinin müəllifi olub. 2002-ci ildən 2006-cı ilə qədər Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışıb. 2011-ci ilin dekabr ayından 2019-cu ilədək Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik edib. 2012–2022-ci illər aralığında Azərbaycan Prodüserlər Gildiyasının sədri, 2021–2023-cü illərdə Space Tv-nın baş direktoru olub. 2025-ci ilin yanvar ayında yenidən Azərbaycan Prodüserlər Gildiyasının sədri seçilib…
“2013-cü ildə kino haqqında yeni qanun layihəsini Milli Məclisə təqdim etdik. Gördüyümüz işlərin öz bəhrəsini verməsi üçün bu qanuna ehtiyac var idi. Bu qanun dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq etməyimiz və Azərbaycanda kinoya böyük investisiyanın gətirilməsi üçün əsas olacaqdı. Əgər qanun qəbul edilsəydi, birinci ildə Azərbaycana 18 xarici şirkətin gələcəyi gözlənilirdi. Qanun haqqında bir çox fikirlərimiz var idi. Xarici ekspertlər Fikrin Bektaşinin yazdığı bu qanunu yüksək qiymətləndirirdilər. O ki qaldı mənim fəaliyyətimə, qəti qərarımdır, müstəqil prodüser kimi fəaliyyət göstərməyə üstünlük verirəm.”- söyləyir.
…Yəhudilərin belə bir deyimi var: “Kimin ağlı işləyirsə, onun əl və ayaqları heç vaxt əziyyət çəkməyəcək.” Bu deyimi, ona da şamil etmək olar. Ağlı yaxşı işlədiyindən öhdəliyinə düşən işləri həmişə asanlıqla yerinə yetirə bilir. Bəli, istənilən işi uğurla başa çatdırmağı bacarır. Hətta bir işə gücü çatmasa belə yenə də bezmir, sona qədər gedib çıxır. Həqiqət uğrunda mübarizə aparmaqdan yorulmur və çox vaxt da haqlı çıxır. Təbiətcə utancaq olduğundan çox vaxt təkliyə üstünlük verir. Maraqlı insandır, daima yenilik axtarışındadır. Dərin düşüncəlidir. Bəzilərinə təkəbbürlü görünsə də, amma belə deyil. Onun ağlına etibar etmək, zəkasına güvənmək olar- düzgün seçim etməkdə çox mahirdir…
Deyir ki:- “Mən kinostudiyaya rəhbərlik etməyə başlayanda yeddi tamamlanmamış film var idi. Onlar qısa müddətdə başa çatdırılaraq təhvil verildi. Daha sonra biz respublikamızda olan bütün aparıcı kino şirkətləri birləşdirərək “Azərbaycanfilm” Kinostudiyasının ətrafında Prodüserlər Gildiyası təsis etdik. Bununla da bütün gücümüzü bir yerə topladıq. Nəticədə həm öz rejissorlarımızın təcrübəsi, həm də filmlərimizin keyfiyyəti artdı. Həmin dövrdə biz ustad dərslərinin keçirilməsinə, dünya standartlarına uyğun ssenarilərin qəbuluna başladıq. Avropadan mütəxəssislər dəvət etdik, müsabiqə əsasında müasir dövrün tələblərinə uyğun ssenarilər qəbul olundu və gənclərimiz bu işdə yaxından iştirak etdilər. Eyni zamanda xaricdə yaşayan azərbaycanlı rejissorları dəvət etdik və istehsal prosesini tamam dəyişdik…”
…O, öz həqiqəti ilə hər kəsi razı salmağı bacarır və fərdi xarizması, eyni zamanda daxili işığı ilə uğura doğru irəliləyir. Necə deyərlər, təpədən dırnağa qədər yaradıcı adamdır, buna görə də özünü çox yaxşı ifadə etmək səriştəsi var. Amma yaxşı olar ki, sınanmış, etibarlı insanlarla yaxınlıq etsin. Təsadüfi adamlara etibar etməsi, sonradan ona çətinliklər yaradar…
Hə, az qala unutmuşdum bu dəfə sizə ssenarist, kinoprodüser, əməkdar incəsənət xadimi Müşfiq Hətəmovdan söhbət edirəm. Mayın 6-sı onun 57 yaşı tamam olur. Mələklərin numerologiya sistemində 57 rəqəmi müsbət dəyişiklik, şəxsi inkişaf və ilahi rəhbərliyi simvolizə edir. Bu rəqəm 5-in azadlıq və dəyişiklik enerjisini, 7-nin isə daxili müdriklik və intuisiya keyfiyyətlərini birləşdirərək, həyatda doğru yolda olduğunu bildirir və inamla irəliləməyi tövsiyyə edir. O cümlədən daxili səsə və kainatın mesajlarına güvənməyin vacibliyini göstərir. Bir sözlə, 57 yaş insanı dəyişiklikləri qəbul etməyə və daxili müdrikliyə əsaslanaraq irəliləməyə səsləyir. Bir də 57 rəqəmi Azərbaycanda Şəmikir rayonunun dövlət qeydiyyat nişanıdır. Deməli, kinoprodüser Müşfiq Hətəmov bu gündən ömrünün “Şəmkir döngəsi”nə qədəm qoyur. Addımları uğurlu olsun!
Hörmətlə, Elman Eldaroğlu






















