“Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır “

Heydər Əliyev: “Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır “

Ordu hər bir müstəqil dövlətin suverenliyinin təminatçısıdır. Silahlı Qüvvələrimizin formalaşması müstəqil Azərbaycan dövlətinin memarı , ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz ümummilli liderimizin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Azərbaycan ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qaldı. Həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaq idi. Ulu Öndər zamanın nəbzini yaxşı tuturdu. O artıq hiss edirdi ki, Azərbaycanlı gənclərin ali hərbi məktəblərə hazırlamaq məqsədilə respublikada hərbi təyinatlı orta internat məktəbini yaratmağın vaxtı yetişib. Uzaqgörən siyasətçi Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci ildə C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. Bu hadisə məhz Ulu Öndərin təşəbbüsü, zəhməti və uzaqgörənliyi sayəsində böyük əziyyətlər bahasına atılan tarixi addım idi. Bəli, Ulu Öndər gələcəkdə ürəkdən bağlandığı, qəlbən sevdiyi Azərbaycanın müstəqil olacağına daxilən inanmış və bunun üçün də ölkədə milli hərbi kadrların yetişdirilməsi üçün var qüvvəsi ilə çalışmışdır. Dahi liderimiz deyirdi:”Hərbi lisey Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır.” Bu gün ordumuzun sıralarında xidmət edən zabitlərin əksəriyyəti Ulu Öndərin övladı kimi baxdığı liseyin məzunlarıdır. Vətən müharibəsində böyük hünər və rəşadət göstərən Silahlı Qüvvələrimizin sıralarında bu liseydə yetişən Azərbaycan hərbçilərinin sayı hədsizdir. Azərbaycanda bu gün ölkənin Silahlı Qüvvələri üçün kadr hazırlayan hərbi tədris müəssisələri fəaliyyət göstərir- Hərbi Akademiya, Heydər Əliyev adına Ali Hərbi Məktəb, Müdafiə Nazirliyinin Tədris-Təhsil Mərkəzi, Ali Hərbi Dənizçilik Məktəbi, Ali Hərbi Təyyarəçilik Məktəbi, Orta Hərbi Tibb Məktəbi, C.Naxçıvanski adına Hərbi Lisey və Naxçıvanda H.Əliyev adına Ali Hərbi Məktəb.
Lakin bu nailiyyətlər asanlıqla əldə edilməmişdir. Hakimiyyətə gəldiyi ilk aylardan 1994-cü ilin mayına qədər Heydər Əliyev gecə-gündüz müdafiə və ordu quruculuğu məsələləri ilə məşğul olmaq məcburiyyətində qaldı, o, hakimiyyətə gələndən sonra cəbhədə hadisələr gözlənilməz istiqamətdə inkişaf etməyə başladı.Azərbaycan ordusunda döyüş ruhu aşağı, hərbi hissələr arasında əlaqələr zəif idi. Xalqa müraciətində Heydər Əliyev qeyd etdi ki, “bizim məğlubiyyətlərimiz bir tərəfdən Azərbaycan ordusunun döyüşən hissələrinin bir çox yerlərdə gücsüzlüyü nəticəsində baş vermiş, digər tərəfdən, bu ərazidə yaşayan vətəndaşların, bizim soydaşlarımızın öz torpaqlarını qorumaq, saxlamaq əvəzinə dərhal qaçmaq, yurdlarını qoyub didərgin düşmək əhval-ruhiyyəsi ilə əlaqədar olmuşdur.Bunları etiraf etmək bizdən ötrü ağırdır, çətindir. Ancaq nə qədər acı olsa da, bu , həqiqətdir”. Uzaqgörən siyasətçi ölkənin müdafiə qabiliyyətinin artırılması üçün Azərbaycanda mənəvi-psixoloji durumu,əhval-ruhiyyəni dəyişməyin zəruri olduğunu vurğuladı. Ulu Öndər üçün əsas məsələ ordunun, əsgər və zabitlərin ruh yüksəkliyinin gücləndirilməsi idi. Bəli, ümummilli liderin iti zəkası öz işini gördü, cəbhədə dönüş yaranmışdı, Azərbaycan ordusu ləyaqətlə müdafiə olunur, bizim hissələr rəşadətlə vuruşur,düşməni geri oturdur, nəticədə ermənilər canlı qüvvədə böyük itkilər verirdilər.Həmin günlərdə Ulu Öndərin səsi xalqı düşmən hücumuna qarşı mübarizəyə qaldıran həyəcan siqnalı kimi səslənirdi:” Qəhrəman Azərbaycan əsgərləri, müqəddəs Azərbaycan torpağının müdafiəsinə, müstəqil Azərbaycan Respublikasının müdafiəsinə irəli!”. 1994-cü il martın 20-də Heydər Əliyev Novruz Bayramı münasibətilə xalqa müraciətində demişdir:” Biz vətən müharibəsi aparırıq! Vətən müharibəsinə isə hamı qoşulmalıdır. Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir”.
Ümummilli liderimizin ən başlıca həyat prinsipi xalqına, həmvətənlərinə həmişə düzünü söyləmək, onların qarşısında səmimi və obyektiv olmaqdı. Bu səbəbdən də onun hərbçilər qarşısındakı bütün nitq və çıxışlarında orduda həyata keçirilən islahatları dəstəkləmək və bəyənməklə yanaşı tənqidi notlar da səslənirdi: “ Biz əldə etdiklərimizlə kifayətlənə bilmərik. Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün ordumuz daha da güclü olmalıdır. Bu vəzifələrin yerinə yetirilməsinə daim hazır olmalıdır. Özü də təkcə buna görə yox . Hər bir müstəqil dövlətin,-heç bir ölkə ilə müharibə aparmasa belə,-gərək güclü ordusu olsun. Bəli, güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır.Mən ümidvaram ki, biz ordumuzu gücləndirərək, döyüş qabiliyyətini yüksəldərək, müasir silahlardan istifadə olunmasının keyfiyyətini artıraraq dövlətimizi yüksəldəcəyik və ən əsası, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdıracağıq və Azərbaycanın ərazi bütövlüyünü mütləq təmin edəcəyik!”. Heydər Əliyev öz xalqını yaxşı tanıyır,ürəkdən sevirdi, xalqın mənafeyi naminə ,xoş güzəranı naminə ondan başqa heç kimin bacara bilməyəcəyi işlər görürdü. Hərtərəfli bilik sahibi olması, ən ekstremal , çıxılmaz vəziyyətlərdən, qeyri-adi səbr, dözüm , mətanət , yeri gələndə qətiyyət və barışmazlıq sayəsində hünərlə çıxması onu qısa müddətdə xalqın sevimlisinə çevirdi.
27 sentyabr 2020-ci il! Müzəffər ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin “hücum” əmrinə 30 il düşmən tapdağına çevrilmiş Qarabağ zəncirlərini amansızcasına qırmaqla cavab verdi. 30 ildən sonra düşmən artıq “ böyük Ermənistan “ xülyaları ilə yaşadığı vaxt Müzəffər ordumuz qartal qanadlarını gərib onun başının üstünü aldı. Şanlı ordumuz , komandirlərimiz Ali Baş Komandan başda olmaqla otuz ilin həsrətini , dərdini, düşmənə bəslənən kinini, qəzəbini Dəmir yumruğa çevirib ,“təpələrdən yel kimi, dərələrdən sel kimi” düşməni dizə çökdürdülər! Qəsb olunmuş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır ! Bu bayraqlarla birgə qeyrətdən boğulmuş , torpağa zillənmiş başlar da dikəldi.Onlara bunu qaytaran Ali Baş Komandana, komandirlərimizə, qazilərimizə, yaralılarımıza minnətdarlıqlarını bildirdilər. Şəhidlərimiz üçün sel kimi yaş tökdülər , ruhlarına rəhmər oxudular, hər yerdə möhtəşəm abidələr ucaldı.Cəmi 44 gündə 30 ilin həsrəti, kədəri keçmişə döndü. Biz düşmənə diz çökdürdük , özü də döyüş meydanında ! Bu müqəddəs hissləri bizə yaşadan, xalqımızı çətin sınaqlardan üzüağ çıxaran Ulu Öndər Heydər Əliyevin ATA nəsihətini layiqincə və şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Uzaqgörən siyasəti, yüksək intellekti, zəngin mənəviyyatı ilə qəlblərdə və tarixdə silinməz iz qoyan Qalib Sərkərdə -İlham Heydər oğlu Əliyev! Qarabağ Zəfəri Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin ardıcıl məntiqi siyasətinin nəticəsidir.

Məhbubə Şahbazova,
Masallı rayonu,
YAP fəalı

Share: