Gözlədim yuxuma qonaq gələsən

Səadət QƏRİB
SƏNDƏN BAŞQASINI SEVƏ BILMƏRƏM
Könlümə könlünlə gəldin, əzizim,
Geri dönməyinə imkan vermərəm.
Təzəcə çatmışam öz vüsalıma,
Bir daha hicrana aman vermərəm-
Səndən başqasını sevə bilmərəm.
Buz olmuş qəlbimdə bahar çağımsan,
Tozlu yollarımda uca dağımsan,
Üşüyən ruhumda öz ocağımsan,
Çovguna, borana güman vermərəm-
Səndən başqasını sevə bilmərəm.
Oxudun qəlbimdə eşq nəğməsini,
Dinlədin könlümün titrək səsini,
Sevmə məndən başqa bir özgəsini,
Sənə dərd verərəm , dərman vermərəm-
Səndən başqasını sevə bilmərəm
 
 
 
GÖZLƏDİM YUXUMA QONAQ GƏLƏSƏN
Çəkilib bir yana, qısılıb küncə,
Hicranın odunda yandım gizlicə,
Bircə arzu ilə yatdım bu gecə,
Gözlədim yuxuma qonaq gələsən.
Gözlədim ümidlə, min bir diləklə,
Düşündüm gələrsən əsən küləklə,
Axı, səni sevdim təmiz ürəklə,
Gözlədim yuxuma qonaq gələsen.
Ürəyim həsrətə dözməyir daha,
Bu eşqin acısı gəldi çox baha,
Gümanım qalıbdır təkcə-Allaha,
Gözlədim yuxuma qonaq gələsən.
Kaş ki qismətimdə qala biləydin,
Məni bu həsrətdən ala biləydin,
Barı, yuxularda gələ biləydin,
Gözlədim yuxuma qonaq gələsən.
Çarəsiz, əlacsız qaldıq ikimiz,
Kimsələr bilmədi nədir dərdimiz,
Qalsın qəlbimizdə böyük sevgimiz,
Gözlədim yuxuma qonaq gələsən.
Nakam eşqimizin kədər, qəmisən,
Nisgilli könlümün tək məlhəmisən,
Təkcə yuxularda sən həmdəmimsən,
Gözlədim yuxuma Qonaq gələsən.
Nə olar, yuxuma qonaq gələsən…
 
 
Share: