Gömrük Akademiyasında onlayn imtahan

Gömrük Akademiyasında semestr daxili imtahanlar onlayn qaydada keçirilir

Bu haqda Müstəqil.Az-a Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2019/2020-ci tədris ilinin yaz semestrinin semestr daxili imtahanları Akademiyanın Elmi Şurası tərəfindən qəbul edilmiş yeni qaydalara əsasən təşkil olunub. İmtahanlar Akademiyanın elektron imtahan sistemindən istifadə edilməklə, Microsoft Teams proqramı vasitəsilə onlayn qaydada şifahi şəkildə keçirilir.

Həmçinin, onlayn imtahanın keçirilmə şəraiti ilə bağlı tələblər də müəyyən edilib. İmtahanda iştirak etmək üçün tələbə Akademiya tərəfindən əvvəlcədən ona bildirilən vaxtda Microsoft Teams proqramında onun üçün yaradılmış imtahan qrupuna (otağına) daxil olaraq imtahan verir. Suallar əvvəlcədən Akademiyanın elektron imtahan sisteminə yüklənilib və tələbələrə birbaşa sistem tərəfindən ünvanlanır. Tələbə Akademiya əməkdaşlarının onlayn nəzarəti altında sualları şifahi qaydada cavablandırır və daha sonra cavab fənnin müəllimi tərəfindən qiymətləndirilir. İmtahanların video qeydiyyatı aparılaraq arxivdə saxlanılır.

Akademiya tərəfindən imtahanların onlayn şəkildə keçirilməsi ilə bağlı qəbul edilmiş qaydalar haqqında müəllimlərin və tələbələrin məlumatlandırılması və onların imtahanlarda iştirakını təmin etmək üçün onlayn iclaslar keçirilib. Eyni zamanda, imtahan nəzarətçiləri ilə görüş keçirilib və onlar da müvafiq qaydalar barədə məlumatlandırılıblar. Bununla yanaşı, tələbələrin onlayn şifahi imtahanlarda daha yaxşı iştirak etmələrinə kömək məqsədi ilə Akademiya tərəfindən sınaq onlayn imtahan təşkil edilib. Sınaq onlayn imtahan simulyasiyası vasitəsilə əyani şəkildə keçirilən prosesdə tələbələrin böyük əksəriyyəti iştirak edib.

Müstəqil.Az

 

 

 

Share: