Gecə qurbağalar qurr eləyərdi…

Mirbağırdan yeni şeir

Çay qırağındaydı evimiz, körpəm,
Gecə qurbağalar qurr eləyərdi..

Köçüb öz içimdə yuva salardım,
Yorğanın, döşəyin yava salardım..
Kim sənə baxardı, dava salardım,
Neyniyim, özümə yer eləyərdim..

Çörək ətri gələrdi saçlarından,
Baxıb, baxıb udqunardım acımdan.
Üşüyərdim əllərimin ucundan,
Evə külək girər, yel eləyərdi…

Bütün pəncərələr köhnəydi, neynim,
Pərdələr, həyatdı, səhnəydi, nəydi!?
Atam da bildiyin fəhləydi, neynim,
Düzəlsə, nə qədər pul eləyərdi…

Bir az da əhvalı pisdi görəndə,
Babamdan inciyib küsdü görəndə..
Qırışmış üzünü hirsli görəndə,
Çalışıb çayını bol eləyərdim..

Uzaqdan görərdim, əsərdim səni,
Üzün nəfəsimi kəsərdi sənin..
Dəftərə şəklini çəkərdim sənin,
Guya misalları həll eləyərdim..

Uçardı göylərdə yaz buludları,
Uçardı, uçardı dağlara sarı..
Bizim çiçəklərdən tozlanan arı,
Qonardı qonşuda bal eləyərdi..

Kölgəydi, şübhəydi, yuxuydu, sanma,
Gedənlər dönməz ki, olsun, usanma..
Ömrümdə anamı görmədim, ama
Bir qadın yuxumdan əl eləyərdi…

Diksinib yuxudan ayılardım hey,
Alnım puçur – puçur tər eləyərdi..

Share: