Konsert – Cəbrail Həşimovun alleqorik hekayəsi

Meşədə konsert verilirdi. Hökmdar şir hündür bir yerdə oturub təkəbbürlə ətrafı süzürdü. Yan-yörəsində vəzir-vəkili: pələnglər, bəbirlər və ayılar, əlləri sinələrində əmrə müntəzir idilər. Başının üstündə qartallar və qızılquşlar qanadlarını açıb dayanmışdılar. Onlar hökmdarın üstünə kölgə salır, hərdən qanadlarını ahəstə-ahəstə yellədərək ona sərinlik verirdilər.

Aşağıda rəiyyət dayanmışdı. Marallar, ceyranlar, dovşanlar, dələlər, zürafələr, tısbağalar, çəyirtkələr qorxa-qorxa bir-birlərinə qısılıb dayanmışdılar. Onlardan irəlidə xırda məmurlar: tülkülər, çaqqallar, canavarlar, porsuqlar, kaftarlar, goreşənlər gəzişir, rəiyyəti sakitliyə çağırır, sözə qulaq asmayan və ya qorxusundan çaşıb səs salan heyvan və quşları yerindəcə cəzalandırırdılar. Cəza isə parçalanıb yeyilməkdən ibarət idi.

İrəlidə, rəiyyətdən bir qədər hündürdə, hökmdardan isə qədər aşağıda səhnə qurulmuşdu. Səhnənin kənarlarında şirin ata-babalarının şəkilləri asılmışdı. Tən ortada isə şirin özünün kənarları zərlə bəzədilmiş iri heykəli qoyulmuşdu. İki tülkü – biri erkək, digəri isə dişi – konsertin aparıcıları idilər. Konsertə başlamazdan əvvəl onlar uzun-uzadı hökmdarı təriflədilər:
– Əziz qardaşlar və bacılar! Bu gün möhtərəm hökmdarımızın, bütün dünyada tayı bərabəri olmayan bir varlığın, bütün heyvanların və quşların dilini bilən çox hörmətli, əzizimiz, canımız ciyərimiz, bizim son güman yerimiz olan şir cənablarının ad günüdür,- deyə dişi tülkü göz-qaşını süzdürə-süzdürə, ombasını oynada-oynada sözə başladı.
O danışanda erkək tülkü gözlərini onun ağzına dikmişdi. Baxdıqca ağzının kənarlarından su axırdı. Dişi tülkünün danışığı onu elə heyran etmişdi ki, onun sözünü qutarmasından xəbəri belə olmamışdı. Buna görə də birdən diksinib yuxudan ayılmış kimi bərkdən qışqırıb sözə başladı:
– Möhtərəm hökmdarımız, bizi yaşadan sizin ağlınız, biliyinizdir, biz sizinlə nəfəs alırıq, sizinlə yaşayırıq. Siz olmasaydınız, biz də olmazdıq. Siz olmasanız, nə yağış yağar, nə də günəş çıxar. Siz olmasanız, güllər, çiçəklər boy atmaz, ağaclar yarpaqlanmaz, meyvələr yetişməz.


Erkək tülkü birnəfəsə danışdığı üçün birdən dayandı. Nəfəsini dərib yenidən sözə başlamaq istəyirdi ki, dişi tülkü ona aman vermədi. Göz-qaşını qaşını süzdürüb gülümsədi, başını silkələyib alnına tərəf əyilmiş qulaqlarını geriyə atdı. Sinəsini oynatdı, yançaqlarını əsdirdi. Erkək tülkünün ağlını başından alıb sözə başladı:

– Əzizimiz, canımız-ciyərimiz möhtərəm hökmdarımızın könlü xoş, damağı çağ olsun deyə onun ad gününə həsr olunmuş konsertimizə başlayırıq. Təbriklərini möhtərəm hökmdarımıza çatdırmaq üçün əvvəlcə səhnəyə xor dəstəsini dəvət edirik. Çıxış edir it xılı!
Pərdə çəkildi və səhnədə on altı sırada düzülmüş üç yüz iyirmi irili-xırdalı it göründü. İtlərin tükləri səliqə ilə daranmışdı. Hamısının da yaxasında hökmdarın şəkli var idi. Onlar çox böyük həvəslə oxumağa başladılar. Mahnının axırına yaxınlaşanda ortada dayanmış balaca, alabəzək bir küçük iki addım irəli atıb zil səslə elə bir zəngulə vurdu ki, hətta hökmdarın da gözləri yaşardı.

Mahnı qurtardı və pərdə endirildi. Hamı əl çaldı. Bəziləri hətta “ura” deyə qışqırdı da.
Tülkülər yenə gəldilər. Erkək tülkü ağzını açıb növbəti mahnını elan etmək istəyirdi ki, dişi tülkü yenə də ona aman verməyib sözə başladı:
– Çox hörmətli möhtərəm hökmdarımızın məhəbbəti bütün ürəkləri fəth etmişdir, – bir az dayanıb işvə ilə davam etdi, – elə mənim də. İndi də öz məhəbbətini mahnı ilə bildirmək üçün səhnəyə ala qarğanı dəvət edirəm.
Erkək tülküyə bu dəfə də dişi tülküyə tərəf həstlə və iştahla baxmaqdan savayı bir şey qalmadı.
Ala qarğa da öz mahnısını oxumağa başladı. Bu mahnı çox həyəcanlı bir mahnı idi. Çünki bu mahnıda hökmdarın uşaqlığından ta bu günə qədər keçdiyi yol işıqlandırılırdı.
Tamaşaçıların qarşısında dayanan tülkülər, çaqqallar və goreşənlər tez-tez heyvanların və quşların arasında gəzişir, əl çalmayanları həzin mahnılara gözləri yaşarmayanları tutub parçalayır və bir göz qırpımında yeyirdilər.
Konsert davam edirdi. Müğənnilər bir-birini əvəz edirdi. Ala qarğanı bayquş, onu çaqqal , onu da uzunboğaz qaz əvəz etdi. Hər kəs də öz gözəl səsi ilə hökmdarın özü, arvadı, atası, anası, qardaşı, bacısı, qaynatası, qaynanası və bütün nəsil-nəcabəti haqqında mahnılar oxuyurdular. Tamaşaçıların sayı get-gedə azalırdı, çünki əl çalmayanları canavarlar və tülkülər parçalayıb yeyirdilər.
Konsertin sonuna yaxın ” bülbül, bülbül ” deyə tamaşaçıların bir hissəsi əl çalmağa başladı. Balaca bir bülbül qorxa-qorxa səhnəyə çıxdı. Hamı susub onun oxumasını gözləyirdi. Bülbül bir an dayandı. Ətrafa nəzər saldı. Sonra yavaş-yavaş öz mahnısını oxumağa başladı. Oxuduqca ürəklənir, cəh-cəhi meşənin üstündə dalğalanaraq hər tərəfə yayılırdı. O, günəşin çıxması, öz şəfəqlərini ətrafa yaymasa, otların, güllərin, çiçəklərin, böcəklərin yuxudan ayılmasından oxuyurdu. Bülbülün mahnısında meşənin ortasındakı talada bitən qızılgül kolundan, bu kolun ən uca budağında açılmış iri, al qırmızı çiçəkdən danışılırdı. Bülbül cəh-cəh vuraraq deyirdi ki, mən səhər tezdən günəşin al şəfəqləri ilə yuxudan oyanıram. Gəlib öz sevgilimin-qızılgülün ətrafına dolanıram, onun gözəlliyindən məst oluram. Qızılgülün ləçəklərindəki səhər şehindən doyunca içib özümü dünyanın ən xoşbəxti sayıram. Bu gözəlliyi yaradana dəfələrlə şükür edirəm. Hamı sanki donub qalmışdı. Tamaşaçıların ağzı heyrətdən geniş açılmışdı. Bütün quşlar, ceyranlar, cüyürlər, marallar, dovşanlar, arılar, çəyirtkələr, – hamı , hamı bu cəh-cəhdən, bu mahnıdan məst olmuş kimi özlərini itirmişdilər. Hətta məmurlar da, elə bil, keyimişdilər. Bülbülün cəh-cəhi onları da sanki ovsunlamışdı. Bu şaqraq səs bütün təbiəti öz hərəkətindən, öz işindən dayandırmışdı.

Birdən, elə bil, göy guruldadı, yer-göy lərzəyə gəldi. Bülbülün cəh-cəhi yarıda qırıldı. Tamaşaçıların çoxunun qorxudan ürəkləri getdi. Məmurlar diksinib yuxudan ayılmış kimi yerlərindən sıçradılar. Bu hökmdarın nəriltisi idi:
– Bu nə oxuyur? Bu kimi tərifləyir, nəyi tərifləyir? Bu əbləh bülbül bilmir ki, məndən başqa heç kimi tərifləmək olmaz? Götürün bu axmağı!
Bir göz qırpımında məmurlar dəstəsi bülbülü əhatəyə aldı. Canavarların, çaqqalların, tülkülərin, kaftarların qəzəbdən alışıb yanan gözləri, dəhşətli dəcədə açılmış ağızları, zəhmli və qorxunc dişləri yazıq bülbülü hər tərəfdən əhatə etmişdi. Bunları görən bülbül heç bir söz deyə bilmədi. Yalnız iki dəfə ağzını açıb-yumdu və cansız halda məmurların ayaqları altında yıxıldı. Ancaq lap yaxında dayanmış qəzəbli tülkü onu yerə düşməyə qoymadı, elə göydəcə qapıb uddu.

Share: