Gəncə qapılarını gürcü çarı necə oğurlayıb? – Video

Mədəniyyət naziri Anar Kərimov Gəncə qapılarının Gürcüstandan alınaraq, ölkəmizə gətirilməsi ilə bağlı danışıqlar getdiyini açıqlayıb.

Kult.az xəbər verir ki, nazir Gürcüstan tərəfinin bu məsələdə idan etdiyini və qapıları vermək istəmədiyinə də işarə edib.

Bəs, Gəncə qapıları Gürcüstana necə gedib-çıxıb?

1063-cü ildə Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə Gəncəyə dəmirçi İbrahim Osmanoğlu tərəfindən qala qapıları hazırlanır. Qalanın ətrafı su ilə doldurulmuş dərin xəndəklərlə əhatə olunurdu. Gəncə “İçərişəhər”, “Narınqala”, “Bayır şəhər”, “Şəhristan” və sənətkarlar məhəlləsi – “Rabad”dan ibarət idi. Belə bölgü Şərqdə orta əsr şəhərləri üçün səciyyəvi hal idi.

Gəncə qalası, yaxud iç qala üçün düzəldilmiş dəmir darvazanın üzəri döymə üsulu ilə naxış və ornamentlərlə bəzədilmişdi. Kufi xətti ilə işlənilmiş kitabədə darvazanın Şavurun əmri ilə hazırlanması, ustanın adı, düzəldilmə tarixi qeyd olunub.

1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə böyük ziyan dəyir. Bu zaman faciədən sui-istifadə edən gürcü çarı I Demetre şəhərə qarət məqsədilə hücum edir. Gürcü çarı bilirdi ki, şəhərdə baş verən faciəyə görə ona hüç bir müqavimət göstərilməyəcək.

Gürcü çarı qarət zamanı Gəncə qapılarını da Gürcüstana aparırı və Gelati monastırına yerləşdirir.

Qala qapılarının bir tayı hazırda Gürcüstanın Kutaisi rayonunun Gelati monastırında IV Davidin qəbri qarşısındakı divara bərkidilib orada saxlanılır. Darvazanın salamat qalan tayının üzərində kufi xətlə, ərəb dilində bunlar yazılıb:

“Rəhmli və mərhəmətli Allahın adı ilə! Həşəmətli mövlamız və əmirimiz Seyid Savur ibn Əl-Fəzl – Allah onun hökmranlığını uzun etsin – bizə bu qapını Qazi Əbül Fərəc Məhəmməd ibn Abdullanın inayəti ilə qurmağı əmr etdi – Allah ona da müvəffəqiyyət versin. Dəmirçi İbrahim ibn Osman Ənqaveyhin işi. Dörd yüz əlli beşinci il, hicri”.

Darvazanın digər tayı isə XVIII əsrdə monastır təmir olunarkən dam örtüyünə istifadə olunub.

Gelati monastrına gələnlərə guya Gürcü çarının Gəncəni döyüşlə tutduğu və darvazanın zəfər rəmzi kimi Gürcüstana gətirildiyi deyilir. Əslində isə gürcü çarı I Demetre 1139-cu il Gəncə zəlzələsi zamanı şəhərin müdafiəsiz olmasından istifadə edərək qarət məqsədi ilə hücum edib.

Gəncə qapılarının Azərbaycana qaytarılması ilə bağlı vaxtaşırı olaraq Azərbaycan ziyalıları təşəbbüslər göstəriblər. Hələ sovet dövründə də belə istəklə müraciət edənlər olub. Ancaq Gürcüsta o qapıların çürüyüb sıradan çıxmasına razı olsa da, geri qaytarmayıb.

Sonuncu dəfə 2016-cı ildə Speys TV-nin keçmiş aparıcısı, tanınmış rejissor İdris Heydərlinin həmin qapıyla çəkdirdiyi şəkli paylaşandan sonra kampaniya başlamışdı. Bir neçə soydaşımız Gəncə qapılarının acınacaqlı vəziyyətə düşdüyünü bildirərək, onu hətta şəxsi vəsaitləri ilə almağa hazır olduqlarını bildirmişdilər.

Gəncə qapıları qorunmur, erroziyası davam edir.

Tarixçi alim Zair Əliyev isə daha maraqlı iddia ilə çıxış etmişdi. O bildirirdi ki, o qapılar Gəncə qapısı olsa da, Gəncənin qala qapısı – giriş qapısı deyil. Alimin fikrincə, Gəncənin giriş qapılarını Gürcüstan hardasa saxlayır və Azərbaycandan gizlədir (Ətraflı BURADA)

Qeyd: Fotolar 2016-cı ildə çəkilib.

 

Share: