Gəlincik çiçəyinin qan qırmızı rəngi və xarı bülbül

Güner Dinçaslanın “İyirmi iki” romanı üstündə filmsayağı gəzişmələr.

EPIQRAF
“Bütün cahanın bilməsi lazımdır ki, Türk xalqı,Türkiyə Böyük Millət Məclisi bütün mədəni millətlər kimi varlığının, hürriyyət və istiqlalının tanınması tələbində isralıdır və bütün mübarizəsi də məhz bundan ibarətdir.”
Mustafa Kamal Atatürk
19 sentyabr, 1921 – ci il.
ROMANDAN PARÇA
“Gözündən bir tək damla yaş, qəlbindən prça – parça qan birləşib torpağa düşdü.Üzüstə yıxılarkən son kəlmələrini söyləməyə macal tapdı:
-Hər bahar sənə gəlincik çiçəyinin qan qırmızı rəngiylə salam göndərəcəyəm.
Biz, bu torpaq uğrunda ölənlər sizə qanlarımızla səslənəcəyik. Unutmayın, Bakı, o çiçəklər göz yaşımız və qanımızdan ilham alıb.Onları bu anlamda qəbul et və sev.”
ƏSLİNDƏ FİLMİN ƏVVƏLİ
Nədən Krımlı Miraslannın sevdalandığı Ayqıza – Bakıya son nəfəsdə söylədiklərindən başladım, əcəba?
Güner xanımın əsərini acgözlüklə oxudum, el sözü olmasın, gözümə təpdim.Peşə vərdişimin diqtəsi ilə oxuduqca da vizual sıralamadan, obrazlar üçün kəştinqən (oyunçu seçimi) qalmadım.O baxımdan bir film düşüncəsinə qapılıb şəhid ərənlərin gəlincik çiçəyinin qan qırmızı rəngi ilə nakam sevgilərinə salam göndərməsini başlanğıc gördüm.

SƏADƏT YOLUNU GÖSTƏRƏNLƏR
“ Kitaba Qutadqu- Bilik adını verdim,oxuyanı qutlu etsin,əlindən tutsun.”
1017-1077- ci illərdə yaşamış Balasaqunlu Yusifin “Qutatqu Bilik” əsəri səadətə aparan elm yolu anlamını verir.
Millətin gələcəyini düşünmək, onun istiqlalı uğrunda mübarizə meydanına atılmaq, zehniyyəti məşğul edərək taktiki – manevrlər bəlləmək də elmdir.Səksiz,elm səadətə yol başlayır. Böyük Atatürk özünün hərb elmi ilə yeni bir “Kitadqu – Bilik” yazdı,Türkiyənin nicat yolunu aydınlatdı, xilas xəritəsini cızdı.22 günün qəhrəmanları yurd sevgisinin formulasını qan mürəkkəbi ilə şəhid başdaşlarına həkk edib getdilər. Ulu Türkün Bayrağı – ki, rəngini şəhid qanlarından almışdı- istiqlal yolunun son nöqtəsində, Ankarada əzəmətlə dalğalanacaqdı.Sakarya savaşında topun – tüfəngin, silah- sursatın, qoşunun bolluğundan daha çox sərkərdə zəkası və yurd sevdalı ürəklərin atəşi kara gəldi.
SƏCİYYƏVİ CƏHƏTLƏR
“Qurtuluş savaşımız əfsanəvi bir dastandır.Dastanlar isə ədəbiyyatla əbədiləşir və gələcək nəsillərə daşınır”,- bu fikirlər Ankara Klubu Dərnəyinin rəhbəri doktor Metin Özaslana məxsusdur. Qəhrəmanlıq tarixini bədii təxəyyül süzgəcindən keçirən yazıçı Güner Dinçaslanın ədəbi mətni, roman strukturu, dil – üslub xüsusiyyətləri, təhkiyə bütövlükdə Türk mifoloji təfəkküründən, bədii – estetik fikrindən, mistik qaynaqlarından qidalanır.
Dədə – Qorqud dastanının poetika göstəriciləri, dil zənginliyi, ideyanın çoxqatlılığı, xalq ruhundan bəhrələnmə müəllifin yaradıcılığına yansıyıb.
“Yayını çəksin, oxunu atsın, qorxmasın, qoluna, ağlına güc verdi Yaradan.Ordusunu qursun, düşmənin canına salsın qorxu. Ox atılmazlardan, uğruna can verilənlərdən eyləsin. Diləyi diləyimizdir, onun üçün can verib,can aldıq.
Bilinsin ki, qarındaşımızdır. Dünya dursun, onun şansı yürüsün.Biz duamızı etdik sanını versin Han Tenqri Yaradan”
Yazıçının bədii dili, hadisələri emosional yükü ilə çatdırmaq bacarığı, baxış acısı oxucunu öz ahənrübasına çəkir. Güner xanımın yazı manerası qəzetçi dilindən uzaqdır, qosqoca Türk ruhunun dilidir, yazıçı qələminin qayım – qədim ağsaqqalların, xanım- xatun nənələrin boxçasından şəkdiyi şəhdi- şirədir.
Bu dil – fundamental həyat bilgisinin, oturuşmuş bədii təfəkkürün göstəricisidir.
RƏNGLƏR
Güner Dinçaslanın bədii təsvir çeşidləri heyrətamizdir. Hər situasiyanın, psixoloji məqamın, fiziki- psixoloji gərginliyin, kədər ovqatının, təbədüllatların, dilemmaların, istiqlal təşnəsinin öz rəngi var əsərdə.
Düşmən istilasında inləyən, qıcanmış dişlərin arasında sıxılmış İstanbulun əsbi – halı müəllif tərəfindən elə ağrılı təsvir olunur ki, kitabı oxuduqca qeyri – iradi o auraya düşürsən, çiskin yağışın altında, boz- bulanıq, dumanlı havada öz içində azıb – karıxmış adam kimi ah- vay edirsən.
NÜMUNƏ: ROMANDAN PARÇA
“İstanbul,sisli bulvarlarıyla acı taleyini yaşayırdı. Evinə ögey ana gətirilmiş yetim, məsum bir uşaq məhzunluğundaydı.Küçələri bəlli olsa da, səki daşlarının bağrını döyən yadellilərin incitdiyi yerləri müalicə edərək, sarılıb qucaqlamaqdan çox uzaqlardaydı və bəlkə də heç gəlməyəcəkdi. Qaranlığz bürünmüş mavi göyüzündə ay belə görünmürdü: Önünü qara buludlar örtdüyü üçün bu qoca şəhər tamamən qəribsəyir, yadlaşırdı, ağlamalı hal alırdı.İngilislərin işğalı ilə məhzunlaşan şəhər, hıçqırıqlarını hirsə, hikkəyə çevirərək içində gizlədirdi.İrinləyib qanqrena olmuş xəstəliyi kəsib atacağı o günü qəzəblə gözləyirdi.

QƏHRƏMANLIQ CİZGİLƏRİ
20- ci əsri filosof – yazıçı Alber Kamyu qorxu çağı, rus estetləri isə ayrılıqlar əsri adlandırırdı.
Siyasi qasırğaların, inqilabi fırtınaların, çeşidli düşmən oyunlarının tüğyan etdiyi o illər Anadolu insanına dağ çəkmişdi. İnsanlar çıxış yolu hayındaydılar. Sabaha doğru uzanan yol qaranlıq döngələrdə azıb sonunu tapmaqda çətinlik çəkirdi.Və bu məqamda istiqlal təşnəsini bir araya toplayıb Vətənə sahib çıxan Mustafa Kamal Paşa ürəklərə su səpdi.
Romandakı qəhrəmanlardan hər birinin – Mustafa Kamal Paşanın, Miraslanın, Ayqızın, Şahinin, Markonun xarakterik cizgiləri dürüst təsvir olunub. Amma həm də yazıçı bu qəhrəmanların kontekstində bir baş obraz – Vətən obrazı yaratmağa müvəffəq olub.
Mustafa Kamalın ən çox güvəndiyi adam Miraslan Krım xanının nəvəsi, əsilzadədir.1878- ci il Krım müqaviləsindən sonra İstanbula pənah gətirmiş Krım türklərindəndir. Xəzər adlı atı ilə yarışa qatılarkən atının qulağına pıçıldayır: “Haydı, qaç, bizim üçün, hamımız üçün, İstanbul üçün qaç”.
At – qədim – türk mifologiyasında muraddır. Türkün dostudur at.Mustafa Kamal Paşanın Miraslanı məhz at yarışmasında tanıması da rəmzidir; “Bizə qürur yşatdın, sağ ol.Mən Mustafa Kamalam.”
Güner Dinçaslan obrazların xarakterik cizgilərini müəllif təhkiyəsində deyil, daha çox hadisələrdə, situasiyalarda, ya da dialoqlarda verir.
Miraslan döyüşə qatılmaq üçün evindən çıxarkən bir məktub yazıb valideyinləri üçün qoyur; “Övladınızdan əndişə etməyin. Əndişə ediləsi bir mövzu varsa o da bu məmləkətin halıdır. “Müəllif iki cümlə ilə yetərincə ictmai- siyasi, hərbi- ideoloji yükü təqdimata çıxara bilir, habelə bir Türk gəncinin Vətəni canından əziz tutmasını göstərən fraqmenti yaradır.
Türkiyənin, ulu Türk millətinin qədrini bəlləyəcək son döyüşə hazırlıq ərəfəsində Mustafa Kamal Paşanın fikirləri ümummilli sloqan kimi səslənir: “ Üç qitə hökmranlığının torpaq itkisi, geri çəkilmələri bu məsum insanların yaşadığı Anadolunun bağrının başına qədər dayanmışdı. Türk milləti qanının son damlasını burda axıdırdı.Xəstəhal vəziyyətə inad kimi sanki Anadoluda nəbzlər vurur, qəlblər döyünürdü. Bunu dünyaya göstərməliydilər.”
Miraslan dostları ilə qəhvə içərkən orada ingilis marşı çalınır, hər kəs ayağa qalxır.Bu hal yurd sevdalı gənclərin qüruruna toxunur.Türk dəliqanlıları ayağa durub ortalığı qarışdırırlar.İngilislər üçün milli marşın yerini milli fəryad tutur.
Mustafa Kamalın deyimi hər kəsə döyüş ruhu verir: “Ankara – bir günəşin bir daha batmamaq şərti ilə doğacağı yerdir.” O günəşin hər daim zərrin şəfəqlərini saçmasından ötrü, Vətəni əsirlikdən qurtarmaq üçün ərənlər azadlıq ağacını suvarmağa yürüdülər.
Məmləkətin dörd bir yanından – Kayseridən, Kostomondan, Nijdedən, Afyondan, Qırıqqaladan, Ərzurumdan, Bingöldən, Antalyadan, Konyadan, Trabzondan “ya istilal, ya ölüm” təşnəsi ilə könüllülər kəfənlərini boğazlarına keçirib Mustafa Kamalın çağırışına səs verdilər.
ROMANDAN PARÇA
“Kayseridən gəlirik. Bu il məzun olmalıydıq.Hamımız qərar verdik: Məktəbə yox, cəbhəyə gedək.Nə olur, olsun, geri dönən deyilk.Hər cəbhədə qanımızın son damlasına qədər döyüşəcəyik.Qanımız millərimizə, dövlətimizə halal olsun.”
Müəllif də bu vəziyyəti qürurla söyləyir: Analar, atalar övladlarını ona yollamışdılar. Millətin qurtuluşundan ötrü övladlarını belə qurban verirdilər. Gənclərdən bəzilərinin barmaqlarındakı həna buna şahiddi.Analar, bacılar, sözlülər, nişanlılar əsgərliyə göndərdikləri aslan parçalarını hənalayıb göndərirdilər.”
Vətən dərdi, qurtuluş missiyası Mustafa Kamalın bütün həyatına, hətta ailəsinə də yansıyıb: “Fikriyə, bilirsən, dörd tərəfdən düşmən ordularının əhatəsindəyik.Tutaq ki, bunlara qalib gəldik, bəs içimizdəki köhnə, kor düşüncələrə, küt zehniyyətə necə güc gələcəyik? Amma nə olur olsun, dünya oölkələri arasında yeni bir Türkiyə kimi yerimizi almalıyıq.”
QARAPINAR – BÖYÜK OCAQ
Yazıçı bütün qəhrəmanlarının yolunu Qarapınardan salır.Xilas missiyasına könül verənlər burada görüşürlər.Azadlıq məsələləri bu ocaqdan qor götürür.Qara sözü qədim türklərin dilində “ böyük” anlamını verir.
Bakı adı ilə tanınan Qarapınarlı Ayqızı dərd qərib adama çevirib.Hər kəsdən qaçır. Başını götürüb dağa- daşa gedir.Ağacla, daşla dərdləşir.Əziz – giramiləri qətlə yetirilib. Müəllif bu obrazın strukturuna bir az da mistika qatıb. Öncəgörmə, şəfaçılıq qabiliyyətinə malikdir Ayqız. Mustafa Kamalın Qarapınara gələcəyini, xilaskar missiyasına başlayacağını da öncədən yuxuda görür.
Qara qalpaklı, mavi gözlü adamın gəlişini səbirsizliklə gözləyir.Qəribəliyi, şəfaçılıq bilgisi və öncəgörməliyi ilə mücadiləyə tövhə verir.
SƏRKƏRDƏ
Mustafa Kamal Atatürkün obrazı bütün rəngləri, insani duyğuları, eyni zamanda qeyri- adi liderlik qabiliyyəti ilə mükəmməl təsvir edilib.
“Bu cəbhələr Ankaraya ən yaxın təpələrdir.Ankaranın bir addımlığındadır.Düşmən bu cəbhələrə bütünlüklə hakim olduqdan sonradan savaşın istiqaməti dəyişəcə, hardasa əlini- qolunu sallaya- sallaya heç bir əziyyət çəkmədən Ankaraya girəcəkdi. Amma onlar bir şeyi nəzərə almırdılar. Qarapınar kəndinin təpəsində onları gözləyən vardı.Əlində durbin, qartal baxışı ilə hər bir hərəkəti izləyirdi.O kənd, o qərargah və o təpə Türk ordusu üçün son dirəniş, son ümid yeriydi.”

ROMANDAN PARÇA
“-Komutanım!
Geri dönüb yanında diz çökdü.
Buyur, övladım.
-Mən öləcəyəm, döyüşçü dostlarım, vətənin igid oğulları öldülər.Qanımız yerdə qalmasın.Bizim qisasımızı alın ki, gedəndə gözümüz açıq qalmasın. Kənddə iki qızım var.Acdırlar.Türk dövlətinə əmanət edirəm onları.Biz ölürük, onlar yaşasınlar.”
BULUDLAR AĞLAMASA
Mövlanə Cəlaləddin nə gözəl söyləmişdir:”Buludlar ağlamasa, yaşıllıqlar necə gülər?!”
Miraslan Ayqızı gördüyü an içinə qəfil bir atəşin düşdüyünü anlayıb. Amma Ayqızın – Bakının yalnız bir sevdası var: yuxusunda gördüyü xilaskarın, Vətən obrazının sevdası.
Güner Dinçaslan qələminin gücü ilə Miraslan vücudunu sarmış atəşdən bağrımız yarılır, təntiyirik.Onun göyüm- göyüm göynərtisindən bizim də dişlərimiz dodağımızı kəsir.
Onların qısa, amma çox qısa bir dialoqu bir sevgi trilleri qədər təsir bağışlayır.
“Bu döyüşdə bir giliz bədənimi deşib keçərsə, ölərəmsə, harda olsam, məni tap.Nəşimi götürüb öz kəndinin qəbristanlığında dəfn et.Buna söz verirsən?”
-Mən elə buna görə kimsəni sevmədim, sevdiyimi torpağa vermək çox ağırdır.
Bakı bunu deyib atını mahmızladı və ildırım sürəti ilə uzaqlaşdı.Miraslan onun ardınca qışqırdı:
-Söz ver ki, məni kəndinizin məzarlığında dəfn edəcəksən.”
KADR- TROP
Miraslan şəhid olur.Atı yanında təpiklərini yerə döyür, kişnəyir, yeri- göyü titrədir.
…Və Ayqız Miraslanın vəsiyyətinə əməl edir, cənazəni Qarapınara gətirir. Meyidin yuyulması istənəndə Ayqızın söylədiyi fikir həm kadr – tropdur, həm də cəmi şəhidlərə verilən ən dəyərli ümumiləşmiş qiymətdir.
“Şəhidlər yuyulmaz, – dedi Bakı- Onu Sakarya çayının suları yudu.Onu Anadolu qadınlarının gözyaşları yudu.Paltarlarını verin mənə.Sol döşünün üstündəki qanlı yara onun medalıdır.Qanlı paltarlarını əynimdə daşımaq qoy mənim medalım olsun.”
Və şəhid Miraslanın əsgər formasını əyninə geyinir Ayqız.

EPİLOQ ƏVƏZİ
Romanı səhər yaxın oxuyub qurtardım.Sübh namazını qıldım, yatmaq istədim.Yuxusuzluq ömrümə qənim kəsilmişdi.Əsər məni öz ahənrübasına çəkmişdi. Bir az gəzib – dolaşdım.Pəncərəni açıb həyəti seyr etdim.Dan yerinin işartısında Sarıqamış, Zəngəzur, Çanaqqala, Qars, Van, Şamaxı, Xocalı, Füzuli, Xocavənd, Şuşa, Bitlıs, Krım, Qubadlı, Cəbrayıl, Laçın, Ərzurum, Ərzincan, Kəlbəcər, Sakarya şəhidlərinin nur üzlərini gördüm.
….Pəncərəmə günəşin zərrin şəfəqləri yayılmışdı. Yüz ildə baş verənlərin sürətli vizual görüntüləri göz qapaqlarımdan ağır daş kimi sallanmışdı.Gerçəkliklə yuxunun sərhədlərinin qarışdığı bir yerdə, ağ pəmbə buludların üzərində qərar tutmuşdum. Miraslan adlı bir Türk dəliqanlısı Qarabağ cins atının üstündə, Tərkində Dədə – Qorqud dastanından qopub gəlmiş bir könül şərqisinə bənzəyən Türk gözəli Ayqız Atatürkün məqbərəsinə doğru çapırdılar.Qarapınardan 22 qan rəngi qırmızı Gəlincik çiçəyi, Şuşadan 44 Xarı bülbül toplamışdılar.
Günəşin doğduğu yerdən qaibanə bir səs eşitdim:
“- Savaşa gedərkən bütün yurd savaş məkanıdır – dedik.Daxildə və xaricdə düşmənlərlə savaşdıq.Bilin ki, Türk bir işi başlatdısa, mütləq başarılı olacaq!”
P.S. Qardaş Türkiyədən Abdullah Ayatanın, Çinar Arıkanın ulu Türk ruhunu, qan yaddaşını özündə ehtiva edən əsərlərini oxumuşdum.
Sağ olsun Fethi Akın, onun vəsilə olmasıyla Güner Dinçaslanı da tanıdım, “İyirmi iki” romanını su kimi içdim. Və bir daha qənaətimi tamamladım! Düşmənin , bədxahın gözünü təkcə silahla yox, həm də yüksək bədii dəyərə malik, tarixi həqiqətə söykənən əsərlərlə də oymaq mümkündür.Demək, milli mücadilə yolumuzu, dərdlərimizi daha çox anlatmalıyıq, qəhrəmanlarımızı tanıtmalıyıq, “İyirmi iki” kimi ronamlar ərsəyə gətirməliyik.Gərəkən bədii, tarixi, elmi ədəbiyyatlar Azərbaycanda, Türkiyədə uyğunlanaraq çap edilməlidir. Filmlər çəkilməlidir.
Qılınc və qələm birlikdə olmalıdır.
Tanrı Türkü qorusun!
Hafiz ATAXANLI

Share: