Faiq Balabəylinin 55 yaşına…

Qədim adı Həştərxanbazar olan indiki Cəlilabad rayonu əsasən iki bölgədən gələn insanlardan ibarətdir- ata-baba yurdum Yardımlı və Şamaxıdan. Cəlilabadda mənə doğma adamlar çoxdur. Mehriban qohumluğumuz var. Bəlkə də onunla da qohumuq, amma yolumuz heç zaman kəsişməyib. Onun öz yolu var, mənim də öz yolum. Bizi birləşdirən iki nəsnə var- poeziya və yazdığımız cızma-qaralar…

Haqqında söhbət açdığım Faiq Balabəyli 1964-cü ildə Cəlilabad rayonun Sabirabad kəndində dünyaya gəlib. 1981–ci ildə orta təhsilini başa vurub. 1981-1984-cü illərdə 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub. Sonra iki il hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində davam etdirib. 1984-cü ildə Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində çalışıb. 1994–cü ildə iki illik jurnalist sənətkarliğı kursunu bitirib. 1996-2006–cı illərdə “Ədəbiyyat qəzeti”ndə işləyib. Hazırda “Millətin səsi” qəzetinin baş redaktoru və İxtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində çalışır. 10-a yaxın kitabın müəllifidir…

…Adətən, gəmi kapitanları qəlyan çəkən olurlar. Amma Faiq Balabəyli qəm-qüssə, necə deyərlər, millətin dərdini çəkir. Şeirlər elə-belə yaranmır axı. Hər şeir, bir ağrı-acının, bir qüssənin məhsuludur…

Deyir ki,- “İlk dəfə 8-ci sinifdə oxuyarkən ədəbiyyat müəllimim Haqverdi müəllimə bir şeir göstərdim. Oxudu, “sən şair olacaqsan”, – dedi. Görürdüm ki, o mənə qarşı daha həssasdır, istiqamət verir. Sonra şeirlərimi Böyükxan Bağırlı rayon qəzetində dərc etməyə başladı”…

Və bir gün də görüb ki, sözün əsl mənasında şairdir, amma həm də gəmi kapitanı. Öz aramızdır, şairlər də elə kapitandırlar, söz adlı gəminin kapitanları…

Nə isə, sizi çox uzağa aparmayım, axı məqsədim var. Fevralın 23-ü Faiq Balabəylinin 55 yaşı tamam olur. Onu Atlantik okeanının sahillərindən, Titanik gəmisinin batdığı yerdən təbrik edir, ona möhkəm can sağlığı arzulayırıq…(Modern.az)

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Share: