Əsirlər üçün “ölüm yolu”, iki diktatorun qurbanları Sovet hərbi əsirlərinin ağlasığmaz dəhşətli aqibəti

Əsirlər üçün “ölüm yolu”, iki diktatorun qurbanları Sovet hərbi əsirlərinin ağlasığmaz dəhşətli aqibəti

Serjant Pyotr Astaxov gizləndiyi çalanın kənarından üstünə tuşlanan alman avtomatlarının lülələrini gördü. Astaxov müdafiə oluna bilməzdi: silahı yox idi. 1942-ci ilin yazındakı özünün bu son döyüşündə o, minaatan üçün belində mina dolu yeşik daşıyırdı. 

“Hände hoch!”

O xatırlayır ki, gözünün qarşısında bir mayor özünü vurdu — son gülləsinə qədər atışandan sonra. “Mayor, sanki hücuma keçmək istəyirmiş kimi, çaladan qalxdı, tapançası ilə əlini qaldırdı və atəş açdı. Görünür, sonuncu gülləsi qalmışdı və avtomatçılara təslim olmaq istəmədiyi üçün gözümüzün qabağında özünü vurdu. Alman avtomatçıları çalaya yaxınlaşırdılar. Elə bil həyatın son anları qalmışdı. Gözlərimin önündən ildırım sürətilə keçmişin xatirələri və doğmaların üzləri keçdi, ümidsiz sonun yaxınlaşması hiss olunurdu — buna şübhə yox idi. Almanlar başımızın üstündə dayanıb qışqırırdılar: Hände hoch! Hände hoch! (Əlləri yuxarı!). Qrupumuz avtomatçıların qarşısına çıxanda güllələnəcəyimizə heç bir şübhə yox idi.

Artıq hamı çaladan çıxmışdı. Tanımadığımız sözlər eşidildi: Los! Los! (“İrəli! İrəli!”) və bütün qrupumuz bu əmrə tabe olaraq, körpüyə tərəf yol aldı… Budur, körpünü də keçdik. Amma bizi dayandırmadılar, yolumuza davam etdik və dağılmış anbar görünən yerə gəlib orada dayandıq… Axşama doğru bizi kolona düzdülər və cəbhəyə tərəf hərəkət edən alman hissələri, karvanı və texnikasına əks istiqamətdə aparmağa başladılar. Yalnız indi, kolonda anladıq ki, güllələmə olmayacaq və həyat davam edir”.

Pyotr Astaxov bütün gücünü toplayıb, bir neçə gün kolonla addımladı – geri qalanları güllələyirdilər. Çoxları kimi Astaxovu da yol kənarına çıxan kəndlilərin verdiyi çörək xilas etdi. Əsgər əsir düşərgəsində möcüzə nəticəsində sağ qalmağı bacardı –yoldaşları yüzlərlə ölürdü. Keçmiş Bakı məktəblisinin bəxti gətirdi: o, yaxşı rəsmlər çəkirdi, mühafizəçilər ona portretlər sifariş edir, əvəzində yemək verirdilər. Sonra isə onu Almaniyaya apardılar, Şərq Nazirliyinin düşərgəsinə düşdü, oradan da işlərə göndərildi: əvvəlcə kəndli təsərrüfatına, daha sonra tikinti şirkətinə. Astaxov və onun dörd dostu Cənubi Almaniyadakı obyektlərdən birindən İsveçrəyə qaçmağa nail oldular.

Həm tipik, həm də qeyri-tipik tale idi. Pyotr Astaxov əsirliyə, Xarkov mühasirəsində qalan əsgərlərin əksəriyyəti kimi, öz günahı ucbatından düşməmişdi. Mühasirədən çıxmaq imkanı olan birliklərə Stalinin yenə də vaxtında geri çəkilmə əmri vermədiyi üçün düşmüşdü. Hücumun gözlənilməzliyi, komandanlığın bacarıqsızlığı üzündən əsir düşürdülər. Üstəlik, ilk dövrlərdə kollektivləşmə və repressiyaların qurbanı olub, Stalin rejimini müdafiə etmək istəməyən, döyüş meydanını tərk etməyə hazır olan kifayət qədər adam var idi. Müharibənin əvvəlindəki məğlubiyyətlər üzündən 1941-ci ilin yay-payızında xeyli adam əsir düşmüşdü.

Pyotr Astaxov uduşlu bilet çəkdi: alman əsirliyində ölənlərin sayı sağ qalanları üstələyir. Müasir demoqraf Pavel Polyanın hesablamalarına görə, alman əsirliyindən 5,7 milyon sovet hərbçisi keçib. Onlardan 3,3 milyonu, yəni 57 faizi həlak olub, onların da təxminən 2 milyonu 1942-ci ilin fevralına qədər.

Sovet hərbi əsirlərinin faciəsi bir neçə amillə əvvəlcədən müəyyən olunmuşdu. Sovet İttifaqı “Yerüstü müharibənin qanun və adətləri haqqında” 1907-ci il Haaqa Konvensiyasını rəsmi olaraq tanımamış və əsirlərlə davranışla bağlı Cenevrə Konvensiyasını imzalamamışdı. Bu isə nasist Almaniyasının rəsmilərinə, guya Cenevrə Konvensiyasının sovet əsirlərinə şamil olunmadığını iddia etməyə imkan verirdi — çünki SSRİ həmin konvensiyanın iştirakçısı deyildi. Əslində isə Haaqa konvensiyasını çar Rusiyası imzalamışdı və beynəlxalq hüququn ümumi prinsipləri istənilən halda tətbiq edilməli idi. Bu prinsiplərə əsasən, əsir düşənlər daha döyüşlərdə iştirak edə bilməz, silahsız insanları öldürmək və ya onlardan qisas almaq yolverilməz sayılır.

1941-ci il iyulun 17-də Vyaçeslav Molotov İsveçin səfirliyi və Qırmızı xaç komitəsi vasitəsilə Almaniya və onun müttəfiqlərinə rəsmi nota göndərib, SSRİ-nin 1907-ci il Haaqa konvensiyasının tələblərinə riayət etməyə hazır olduğunu bildirdi. Sovet hökuməti xəbərdarlıq etdi ki, konvensiyanın tələblərinə yalnız o halda əməl edəcək ki, Almaniya da eyni qaydada onları yerinə yetirsin. Almaniyadan cavab gəlmədi. 1942-ci il aprelin 27-də SSRİ Haaqa Konvensiyasına de-fakto qoşulduğunu elan etdi. Əslində nə Almaniya, nə də SSRİ bir-birlərinə münasibətdə bu razılaşmanın müddəalarını yerinə yetirmirdi. Beynəlxalq Qırmızı Xaç nə sovet, nə də alman əsir düşərgələrində bircə dəfə belə yoxlama apara bilmədi.

“Qaçmağa cəhd edən hərbi əsiri dərhal güllələmək” 

İkinci mühüm amil Almaniya hökumətinin və şəxsən Hitlerin mövqeyi idi ki, hələ hərbi əməliyyatlar başlamamış ifadə olunmuşdu. Berlin hesab edirdi ki, Şərq cəbhəsində aparılan müharibə — sivil ölkələrin prinsiplərinin tətbiq edilmədiyi, bolşevizmə qarşı xüsusi bir müharibədir. Burada əsirlərin həyatını qorumaqla özünə əziyyət vermək əbəsdir.

Hitler bəyan edirdi: “Söhbət məhv etmə mübarizəsindən gedir. Biz məsələyə belə yanaşmasaq, düşməni darmadağın etsək belə, 30 ildən sonra yenə kommunist təhlükəsi ortaya çıxacaq. Komissarlar və Dövlət Siyasi İdarəsinə (QPU) mənsub şəxslər cinayətkardır və onlarla cinayətkar kimi rəftar edilməlidir. Siyasi komissarlar Qırmızı orduda bolşevizmin dayağı, nasizmə düşmən olan ideologiyanın daşıyıcılarıdır və əsgər kimi qəbul edilə bilməzlər. Bu səbəbdən də əsir götürüldükdən sonra dərhal güllələnməlidirlər”.

1941-ci il iyunun 6-da Ali Komandanlıq (OKW) tərəfindən “Komissar əmri” verildi: “Komissarlar əsgər kimi qəbul edilmir, onlara heç bir beynəlxalq hüquqi müdafiə tətbiq edilmir. Seçmədən sonra məhv edilməlidirlər”. Vermaxt əsgərləri istənilən zorakılıq hərəkətinə görə məsuliyyətdən tam azad edilirdi, o cümlədən hərbi əsirlərə qarşı. OKW-nin hərbi əsirlər üzrə xidmət rəhbəri general Herman Reynekenin 1941-ci il sentyabrın 8-də verdiyi əmrdə deyilirdi: “Bolşevizm nasist Almaniyasının ölümcül düşmənidir. Alman əsgərinin qarşısında indi yalnız hərbi deyil, siyasi cəhətdən də bolşevizm ruhunda yetişdirilmiş bir düşmən dayanır. Nasional-sosializmə qarşı mübarizə onun bədəninə və qanına hopub. Mübarizəni hər vasitə ilə aparır: diversiya, təxribatçı təbliğat, yanğınlar, qətllər. Buna görə də bolşevik əsgər artıq Cenevrə Konvensiyasına uyğun həqiqi əsgər kimi rəftar edilmək hüququnu itirmişdir”. Bu fikirlər bir çox alman ordu və qrup komandirləri tərəfindən əmr formasında yayılırdı. 1941-ci ilin sentyabrında OKW tərəfindən “qaçan əsiri dərhal güllələmək” əmri verildi.

Alman ordusunda hərbi əsirlər üçün düşərgə sistemi yaradılmışdı. Cəbhəyə yaxın bölgələrdə – orduya məxsus toplama məntəqələri və ilkin qəbul düşərgələri (auflaq), daha sonra isə köçürmə düşərgələri (dulaq) yerləşirdi. Nəhayət, stasionar düşərgələr var idi: sıravi heyət üçün – ştalaq, zabitlər üçün isə – oflaq. Stasionar düşərgələrdə çoxsaylı əsir saxlanılırdı. Məsələn, Smolenskdə yerləşən “Ştalaq-126”da 20 minədək əsir toplanmışdı. Almaniyadakı ştalaqlar 17 hərbi dairə sisteminə daxil idilər və onların hər birinin tabeliyində onlarla və ya yüzlərlə nəfərin olduğu əmək düşərgələri və əmək komandaları vardı.

Cəbhə düşərgələri və dulaqlar əvvəlcə adətən açıq havada, tikanlı məftillərlə əhatələnmiş və mühafizə qüllələri ilə qorunan ərazilərdə, sonra kənd təsərrüfatı binalarında, anbarlarda yerləşdirilirdi. Daha sonra pis hava şəraiti, yüksək ölüm halları və epidemiyalar qorxusu səbəbindən nasistlər sovet əsirlərini baraklara, at tövlələrinə və keçmiş kazarmalara yerləşdirməyə məcbur oldular.

Düşərgəyə gedən yolda əsirlərə adətən heç bir yemək verilmir, insanlar yolda rast gəldikləri kələm yarpaqları, köklər, yolkənarı biçilməmiş sahələrdəki çovdar sünbülləri ilə qidalanırdılar. Su ehtiyaclarını isə gölməçələrdən çıxarırdılar. Quyu yaxınlığında dayanmaq, kəndlilərdən su və ya yemək istəmək qadağan edilmişdi. Yerli sakinlər özlərini təhlükəyə ataraq, əsirlərə ərzaq ötürürdülər. Məsələn, 1941-ci ildə Vyazma düşərgəsindən Smolenskə doğru yola çıxan 15 min nəfərdən yalnız 2 min nəfər çatmış, qalanlar isə aclıq və zorakılıqdan həlak olmuşdu. Demək olar ki, sağ qalan bütün hərbi əsirlərin xatirələrində düşərgəyə aparılan yol məşəqqət və aclıq yolu kimi təsvir olunur. Əsirlərin sayı da burada rol oynayırdı – vermaxt onları yedirməyə hazır deyildi. Üstəlik, aclıqdan ölənləri xilas etməyə hazır olan yerli əhaliyə də imkan verilmirdi.

Alman komandanlığı Hitlerin göstərişi ilə sovet hərbçiləri arasında yəhudilərin aşkar edilməsi və tamamilə məhv edilməsi siyasətini həyata keçirməyə başladı. Qırmızı ordunun tərkibində yəhudilərin payı ümumilikdə 2,1%, zabit heyətində isə 4,6% idi. Bu isə o deməkdir ki, söhbət on minlərlə insandan gedirdi. Yəhudi əsirlərin güllələnməsi 1941-ci il iyunun 22-də – müharibənin ilk günü başladı. Onların axtarışı birbaşa cəbhədə başlayır və arxa cəbhədəki düşərgələrdə avtomatlaşdırılmış dəqiqliklə davam etdirilirdi. Bu, Holokostun bir hissəsinə çevrildi. Xidmət yoldaşlarının yəhudiləri almanlara göstərməsi də bu qırğını asanlaşdırırdı. Çox zaman yəhudi əsirləri yerindəcə öldürürdülər, digər hallarda isə onları ümumi əsirlərdən ayırıb, ölüm düşərgələrinə göndərirdilər. Demək olar ki, bütün sovet yəhudi hərbi əsirləri həlak oldu. Demoqraf Pavel Polyan əsir düşmüş yəhudilər arasında ölüm faizini 94% olaraq göstərir.

Pyotr Astaxov əsir düşərgəsində yəhudi və kommunistlərin güllələnmək üçün seçildiyini görmüşdü. “Feldfebel yenidən əsirlərə müraciət etdi: “Bütün kommunistlər, zabitlər və yəhudilər sıradan ayrılsın!” Onun səsi susmuş əsir sırasının qarşısında aydın eşidilirdi. Kommunisten, Offizieren und Juden – feldfebel bu sözləri bir neçə dəfə təkrar etdi və sıranın hərəkətsiz qaldığını görüb, artıq tərcüməçiyə üz tutdu və ona dedi: Es wird schlimmer… Müssen Sie sich selbst anmelden lassen. [Onlar üçün daha da pis olacaq… Onlar özləri etiraf etməlidirlər!] Bəzi tərəddüdlərdən sonra bir neçə nəfər sıradan çıxdı və əmr gözləyərək, dayandılar. Bir dəqiqə sonra anbara doğru yönəldilər. Orada durdular, əşyalarını yerə qoydular, üst geyimlərini çıxardılar və alt paltarlarında anbara girdilər. Onlar dörd-beş nəfər idi – dəqiq yadımda deyil”.

Təsnifatlaşdır və məhv et

Təhlükəsizlik polisi və SD rəhbəri Reynhard Heydrixin 1941-ci il 17 və 21 iyul tarixli 8 və 9 saylı əməliyyat əmrlərində əsirlərin seleksiya olunması tapşırılırdı. 8 saylı əmrə əsasən, “nasional-sosializm üçün təhlükəli” olan və ya ola biləcək bütün sovet hərbi əsirləri məhv edilməli idi. Vəzifəsin bundan ibarət olan xüsusi dəstələr yaradıldı. Hərbi əsirlər arasından bütün iri dövlət və partiya xadimləri, bütün xalq komissarları və onların müavinləri, bütün keçmiş Qırmızı ordu siyasi komissarları, dövlət müəssisələrinin bütün yüksək və orta səviyyəli rəhbərləri, iqtisadi həyatın bütün aparıcı fəalları, sovet-rus ziyalıları, bütün yəhudilər, habelə təxribatçı və fanatik kommunist kimi tanınan bütün şəxslər seçilməli idilər.

Gələcək qurbanların axtarışı vermaxtla sıx əməkdaşlıq şəraitində aparılmalı idi. Onların taleyi elə həmin əmrdə müəyyən olunmuşdu: “Edamlar düşərgə daxilində və ya onun bilavasitə yaxınlığında həyata keçirilməməlidir. Düşərgə general-qubernatorluğun sərhədə yaxın ərazisində yerləşirsə, hərbi əsirlərin xüsusi emalı mümkün qədər keçmiş sovet-rus ərazisində aparılsın”. Bununla belə, düşərgə daxilində “intizam məqsədli”  edamlar icazəli sayılırdı. “Xüsusi emal” evfemizmi cəllad bürokratların istifadə etdiyi başqa bir terminə – “yəhudi məsələsinin qəti həlli”nə tam uyğun gəlirdi.

1941-ci ilin oktyabrında əsir siyasi işçilərin konslagerlərə kütləvi köçürülməsi və orada öldürülməsi başladı – azı 30 min nəfər güllələndi. Sənədlər göstərir ki, siyasi işçilərin birbaşa cəbhədə güllələnməsi vermaxtın bütün 13 ordusunda, 44 ordu korpusunda və 90 faizdən çox diviziyasında baş verirdi. Komissarların 4000 nəfərinin edamı sənədlərlə təsdiqlənib. Lakin bu minimum göstəricidir. Bu sahə üzrə tədqiqatçı Feliks Remer komissarlar haqqında əmrə əsasən 10 min komissarın güllələndiyini ehtimal edir.

“Komissarlar haqqında əmr” yalnız 1942-ci ilin iyununda ləğv edildi. Vermaxt komandanlığı sovet siyasi işçilərinin cəbhə xəttində qətlindən imtina etməyə qərar verdi. Onların birbaşa öldürülməsi əvəzinə, arxa cəbhəyə, ölümün onsuz da qaçılmaz olduğu əsir düşərgələrinə göndərilməsi qərara alındı.

1941-ci il iyulun 25-də OKW-nin general-kvartirmeysteri, general-leytenant Eduard Vaqner Volqaboyu almanlarının, estonların, latışların, litvalıların, ukraynalıların, daha sonra isə belarusların əsirlikdən azad olunması barədə əmr verdi. Bu əmr 1941-ci il noyabrın 3-də durdurulana qədər qüvvədə idi. Demoqraf Pavel Polyanın məlumatına görə, 1942-ci il fevralın 1-nə qədər 280 min nəfər əsirlikdən azad olunmuşdu.

Sovet əsirlərinin əsas kütləsi 1941-ci ilin payızına qədər SSRİ ərazisində yerləşən düşərgələrdə saxlanılırdı. Bu zaman aclıq, soyuq və epidemiyalar hər gün yüzlərlə həyata son qoyurdu. 1941-ci ilin payızında əsirlərin bir hissəsinin Almaniya, işğal olunmuş Polşa və digər ölkə ərazilərində yerləşən sənaye müəssisələrində və kənd təsərrüfatında işləmək üçün düşərgələrə göndərilməsinə qərar verildi. Onlar həm piyada marşla, həm də qatarla daşınırdılar. Bu daşımalar zamanı da işçi kolonlar aclıq və zorakılıq nəticəsində böyük itkilər verdi. Düşərgəyə çatdıqdan sonra rəhbərlik əsirləri milli tərkib nəzərə alınmaqla briqadalara bölmək tapşırığı alırdı.

Alman hakimiyyəti hərbi əsir briqadalarını limanlarda və dəmiryolu stansiyalarında yükləmə-boşaltma işlərinə, bərpa işlərinə, daş kömür və dağ-mədən sənayesində, metallurgiya müəssisələrində ağır işlərə cəlb edirdi. Təkcə Polşa ərazisində ağır əmək, xəstəlik və aclıq nəticəsində 800 mindən çox sovet hərbi əsiri həlak olub və orada dəfn edilib.

“İnsan tullantıları”

Pyotr Astaxov düşərgədəki gündəlik həyatını xatırlayırdı: “Ağır iş, elementar məişət şəraitinin olmaması, xəstəliklər, aclıq, çirk, ölümlülük əsirləri insan tullantısına çevirirdi. Həyat ümidi hər gün əriyirdi. Kimdə güc qalmışdısa, işləyə bilir və yemək umurdu. İş həyat üçün xilasedici saman çöpü idi, ümidləri dirçəldirdi. Amma nə vaxtsa qüvvələr tükənməliydi! Onda isə yeganə yol ümumi məzara gedirdi… Kömür yüklənən vaqonları, benzin çəlləklərini, qum və sement platformalarını, kərpic boşaltmaq lazım gəlirdi. Bəzən platformalarda hərbi yük olan ağır qutular olurdu. Düşərgəyə yorğun, çirkli qayıdırdılar, bir qab balanda alıb tirə çıxırdılar, axşam yoxlamasına qədər, sonra da səhərə qədər. Səhər hər şey yenidən başlayırdı. Ən vacib hadisə çörək almaq idi, dərhal yox olurdu, bir qırıntısı qalmadan. Ağılda axşamkı bir qab balanda qalırdı. Və hər gün belə: balandadan rasiona qədər — əsirin bütün həyat mənası”.

Sovet əsirlərinin qidalanması hər yerdə kasad idi: onların pay norması digər dövlətlərin əsirlərindən çox aşağı idi. Ət və yağ üçün norma qeyri-sovet əsirlərin normasının 50 faizini təşkil edirdi. Stasionar düşərgəyə gələn əsir iş qabiliyyətini bərpa etmək üçün ilk 6 həftə ərzində həftədə 100 qram süni bal, 50 qram treska balığı və 3,5 kiloqramadək kartof almalı idi, amma bu qaydalara əməl olunmur, insanlar fiziki tükənmədən ölürdülər. Bir az daha yaxşı vəziyyətdə olanlar isə fermalarda və malikanələrdə işləməyə göndərilənlər idi: kənd təsərrüfatı işçilərinin qidalanması adətən minimal yetərli olurdu.

1941-ci ildə nasistlər aşağı rütbəli hərbi əsirləri, çox vaxt məcburi, vermaxt tərəfində işçi qüvvəsi kimi hərbi işlərə — yük və sursatların daşınması və müxtəlif xidmət işlərə — cəlb edirdilər (“hivi” deyilənlər). Düşərgələrdə aclıqdan xilas yolu kimi əsirlərə yardımçı polisə, etnik hissələrə, tikinti batalyonları və nəqliyyat dəstələrinə qoşulmaq təklif olunurdu. Kollektivləşmə və Böyük terrorun dəhşətləri haqda xatirələr kollaborant bölmələrin yaradılmasına kömək edirdi. Tədqiqatçılar müxtəlif rəqəmlər göstərirlər: 1-1,5 milyon sovet vətəndaşı vermaxt bölmələrində xidmət edib, ortalama 1,2 milyon adam SSRİ düşmənlərinin tərəfində döyüşüb. Bu bölmələrdə əsirlərin payı təxminən 60% idi. Onlar qarovulda durur, partizanlara qarşı cəza aksiyalarında və dinc əhaliyə repressiyalarda iştirak edirdilər ki, bu da vətəndaş müharibəsi elementləri daşıyırdı.

Digər tərəfdən, əsir düşərgələrində sabotaj aktları keçirən, düşərgədən qaçış və üsyanlar hazırlayan gizli müqavimət təşkilatları yaradılırdı. Düşərgədən uğursuz qaçış ölüm və ya konslagerə köçürülmə ilə nəticələnirdi ki, bu da elə ölüm demək idi, amma qaçışlar baş verirdi. Gizli strukturların təzyiqi sayəsində əsirlərin kollaborant bölmələrə cəlb olunması çox vaxt uğurla pozulurdu.

Belə strukturlardan ən məşhuru “Hərbi əsirlərin qardaşlıq ittifaqı” idi. Sovet əsir zabitlərinin Münhen-Perlah düşərgəsində 1943-cü ilin martında yaradılan gizli təşkilat əsir düşərgələrində və 20-dən çox “ostarbayter” düşərgəsində özəklər şəbəkəsi yaratmışdı. Onun əsas məqsədi düşərgələrdə üsyan təşkil etmək idi. 1943-cü ilin sonlarında gestapo təşkilatı aşkar etdi, bütün rəhbərləri və çoxsaylı sıravi üzvləri tutulub, edam olundu. Daha kiçik miqyaslı təşkilatlar isə düşərgələrdə müntəzəm olaraq yaranırdı, onların məqsədi üsyan deyil, qarşılıqlı yardım yolu ilə əsirlərin sağ qalmasını təmin etmək idi.

Əsl faciə isə əsir düşərgəsi məhbuslarının qərbə doğru köçürülməsi — 1944-cü ildə Qırmızı ordunun hücumu ilə başlayan “ölüm marşları” oldu. 1943-cü ilin yanvarında yaralanıb əsir düşən radio-operator Dmitri Lomonosov 1945-ci ilin yanvarında Polşanın Torun şəhərindən Almaniyanın Hamburq şəhərinə piyada marşını xatırlayırdı: “Mən kolonun təxminən ortasında gedirdim. Bəzən kolonun başında qəfil avtomat atəşləri səslənirdi, kolon dayanır, bir qədər fasilədən sonra yenidən hərəkətə keçirdi. Yol kənarında öldürülmüş əsirlərin cəsədləri uzanmışdı… Biz bir anbardan digərinə doğru gedirdik, yalnız ayaqaltı yemə ümid edirdik… Kolon tədricən kiçildi: bəziləri yerdə qalıb güllələndi, bəziləri qaçmağa müvəffəq oldu. Gücümüz olsaydı, bunu etmək asan olardı. Yorğun almanlar etibarlı nəzarət təmin edə bilmirdilər… Kiçik alman şəhərciklərindən keçirdik, böyük şəhərlər kənarda qalırdı. Yol göstəricilərində onların adları yazılmışdı və məsafə göstərilirdi. Uzun müddət bu adları yadda saxlamışdım, indi yalnız bəzilərini xatırlayıram: Kohlberg, Teterov, Şvinemünde, Şnaydemüle, Qrayfsvald, Ştralzund, Rostok… Şəhər sakinləri dayanıb bizi izləyirdi, üzlərində təəccüb və ikrah görünürdü. Konvoyçular onları sərt səslə qovurdu. Təəccüblü deyil, yırtıq, tükənmiş, bit basmış insanların görünüşü heyrət və iyrənclik doğurmaya bilməzdi.

Bir şəhərciyə gələndə bizi spirt zavodunun qarşısındakı böyük bir anbara apardılar. Zavodun bunkerində kartof qaynadılmışdı və meydanın ortasında qoyulan arabaya doldurulmuşdu. Arabanın üstündə ayaqlarını taxtalara dayamış, əlində yaba olan dururdu. Bizi arabanın yanından keçirdilər, alman yaba ilə nə qədər kartof götürə bilsə, o qədərini arabadan ninellərin açılan ətəklərinə tökürdü. Bəzilərinə on, bəzilərinə iki kartof düşürdü, amma almanlar buna fikir vermədən bizi irəli qovurdular. Mənim bəxtim gətirdi, altı, ya yeddi iri kartof aldım, elə yaxşı qaynadılmışdı ki, çatların arasında dadlı nişastalı içlik görünürdü. Soyub yedim, amma az gəldi. Gecələmək üçün həmin anbarda, beton döşəmədə uzandıq. Axşam saman gətirdilər və anbarın açıq qapısından içəri atdılar.

Yanvarın sonu və ya fevralın əvvəli idi, gecələr çox soyuq idi, amma gündüz günəş bir az isidirdi, əriyən qar su gölməçələri yaradırdı, ayaqlar islanırdı və gecələr daha çox donurdu. Almaniyanın sıx məskunlaşmış ərazilərinə daxil olduq, şəhər və qəsəbələr dalbadal gəlirdi, yolboyu daim insanlar gedir, əl arabalarında yük daşıyırdılar… Bu şəraitdə almanlar artıq öz əhalisinin gözü qarşısında geri qalanları güllələyə bilmirdilər, ona görə də kolon arxasında bir neçə arabada əldən düşmüşləri aparırdılar. Kolondakı insanların sayı dəfələrlə azalmışdı. Torundan 2-3 min adam çıxmışdısa, indi arabadakılar da daxil olmaqla 500-dən çox deyildilər. Yol boyu nə qədər öldürülüb, neçə nəfər qaça bilib — bilinmir. Sonradan sağ qalanlar bu marşı “ölüm yolu” adlandırdılar”.

(Davamı olacaq)

Hazırladı: Yadigar Sadıqlı

Share: