Əsəd Cahangir itib batası oğullardan deyil…

Əsəd Cahangir itib batası oğullardan deyil…

Əsəd Changir- 60

Demişəm, deyirəm, deyəcəyəm də- Əsəd Cahangir itib batası oğullardan deyil. Onu tanıyan insanların sonuncu nəfəri dünyadan köçənədək yaşayacaq. Sonrasını isə Allah bilir. Amma savadlıdır, ağıllıdır, natiqdir, istedadlıdır, qaynar və adama yovuşandır. Bir dəfə “Microsoft”un “Word” mətn redaktorunda onun eynən özünün surəti görünən portretini çəkmişəm. Daha bir portret yaratmağa rənglərim tükənib. Bu dəfə ağın üzərində qara rənglə karikaturasını yaradacam. Adını da qoyuram- dostluq şarjı. Başladıq!..
Həddindən artıq emosional və həssas təbiəti var. Necə deyərlər, vasvasıdır. Tez inciyən, pisliyi unutmayan adamdır. Keçmişə çox bağlıdır. Çətinliklərdən qaçmaq üçün bəzən qeybə çəkilir. Xırda bir tənqid və ya səhv başa düşülən hən hansı bir söz onu dərindən yaralaya bilər. Onun daxili dünyası fırtınalı hava kimidir, bir neçə saat ərzində çox şən ikən anidən qapalı və bədbin hala düşməyi də var. Keçmişdə yaşadığı hadisələri, xüsusilə də incidiyi məqamları unuda bilməmək və onları daim təhlil etmək onun bəd xüsusiyyətlərindəndir. Problemlə üzləşdikdə və ya narahat olduğu zaman hisslərini birbaşa ifadə etmək əvəzinə, ünsiyyətdən qaçaraq öz aləminə qapanır. Sevdiklərinə həddindən artıq bağlıdır və bu bağlılıq bəzən onu qısqanc vəziyyətə salır. Bəzən də aşırı nəzarətçi edir. Müdafiə mexanizmi olaraq, istədiyini əldə etmək üçün bəzən günahkarlıq hissi yaratmaq kimi üsula da əl ata bilir…
…Həftənin 6-cı günü dünyaya gələnlər astroloji və ənənəvi inanclara görə, Saturn planeti tərəfindən idarə olunurlar. Bu səbəbdən də həmin gün doğulanlar nizam-intizamlı, məsuliyyətli və zəhmətkeş olsalar da, bəzi mənfi xüsusiyyətlərə də sahibdirlər. Onlar hisslərini ifadə etməkdə çətinlik çəkirlər. Başqalarına açılmaq və güvənmək onlar üçün çox vaxt tələb edir. Həm özlərinə, həm də ətraflarındakı insanlara qarşı ifrat dərəcədə tələbkar və tənqidi ola bilirlər. Həyata bəzən bir az bədbin baxır, narahatlıq və qorxu kimi hisslərə qapılırlar. İstədikləri bir şeyi əldə etmək üçün divara baş vuracaq qədər inadkar və israrlıdırlar. Ətrafdakılara şübhə ilə yanaşaraq məsələləri çox dərindən təhlil edir, narahatlıq yaradırlar. O da 1966-cı ilin iyun ayının 25-i, həftənin 6-cı günü anadan olub. Həftənin 6-cı günü doğulanlara nə xasdırsa onda da var…
Nə isə, bu da Əsəd Cahangirə 60 illik yubileyi münasibətilə məndən dostluq şarjı- yəni karikaturanın bir növü. Necədir, dərdiş? Hədiyyəm xoşuna gəldimi?..
Hörmətlə, Elman Eldaroğlu
Share: