Ermənistanda hakimiyyət savaşı: Yeni postun sahibi…

Ermənistanda builki seçkilər ətrafında gedən proseslərə erməni lobbisinin çox güclü təsiri gözlənilir.

Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert Ermənistan siyasətinin daha çox xaricdən formalaşdığını bildirib:

“Ermənistanın daxili siyasətində erməni lobbisi kifayət qədər güclü təsirə malikdir. Çünki indiki hakimiyyətin siyasəti göstərir ki, Ermənistandakı vəziyyəti idarə etmək üçün daxili siyasi resurslar yetərli deyil. Bunun da səbəbi ondan ibarətdir ki, Ermənistanın əsas donoru məhz erməni lobbisidir. Əslində, işğalçı dövlət üçün əsas donor Rusiya, ABŞ və bir sıra Qərb ölkələrində yerləşən erməni lobbisidir. Ona görə də onlar Ermənistanın daxili siyasi səhnəsinə təsir edirlər. Karen Karapetyan Rusiyanın erməni lobbisinə sıx bağlıdır. Rusiyadakı erməni lobbisi son aylarda daha da fəallaşaraq, Ermənistan siyasətində ənənəvi təsirini saxlamağa çalışır”.

Politoloq bildirib ki, Rusiyadakı erməni lobbisi əsas namizədi Karen Karapetyanı yüksək vəzifələrin birində görmək istəyir:

“Son aylar Ermənistanda yeni post – baş nazirin I müavini vəzifəsini təsis ediblər. Bundan öncə belə bir vəzifə yox idi. Güman olunur ki, elə bu vəzifəni Karapetyan tutacaq. Baş nazir isə Səkisyan, yaxud ona yaxın bir adam olacaq. Karapetyanın ətrafında formalaşan komandanın və onun arxasında dayanan erməni lobbisinin buna gedib-getməyəcəyi isə sual altındadır. Hər şey bu səlahiyyətdən asılıdır. Əgər birinci müavin vəzifəsi ölkənin əsas iqtisadi resurlarını idarə etmək üçün kifayət edərsə, onda razılıq olacaq. Əks təqdirdə mübahisəli vəziyyət yarana bilər”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Karen Karapetyan İsveçrədə olarkən erməni lobbisini ölkəsinə investisiya yatırmağa səsləmişdi.

Bunun üstündən çox keçmədən isə Avropa Erməni İttifaqı Forumunun rəhbəri Aşot Qriqoryan erməni investorların Ermənistana investisiya yatırmaq istəmədiyini bildirdi: “Diasporda belə bir fikir var ki, Sərkisyan və Karapetyan hakimiyyətdə olduğu müddət ərzində Ermənistanı heç ziyarət etmək belə olmaz. Əksinə, birləşib, ölkəni xilas etmək lazımdır. Ermənistana isvestisiya yatıran bir normal erməni diasporu yoxdur”.

Müstəqil.Az

Share: