Biz bunları nəyin hesabına edə bilərdik?! – Prezident

2004-cü ilə qədər Azərbaycanda bütün dövrlər ərzində 9 elektrik stansiyası tikilmişdir. Ancaq onların generasiya gücü böyük idi, onların potensialı 3900 meqavatdır. Biz 14 il ərzində generasiya gücümüzün 2500 meqavat artırılmasına nail olduq. Bu il bu rəqəm 2900 meqavata çatacaq.

Müstəqil.Az  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda söyləyib.

Prezident İlham Əliyev bildirib ki, əgər biz 2004-cü ildə elektrik enerjisini idxal edirdiksə və buna görə valyuta ödəyirdiksə, hazırda biz nəinki özümüzü tam şəkildə təmin edirik, eyni zamanda, elektrik enerjisini ixrac etməyə başlamışıq. Bu məqsədlə əlbəttə ki, həm ölkə ərazisində, həm də üç qonşu ölkə – Rusiya, İran və Gürcüstan ilə elektrik xətlərimizi birləşdirmişik. Eyni zamanda, Gürcüstan vasitəsilə Türkiyəyə də elektrik enerjisinin ixracı üçün yaxşı imkanlar mövcuddur.

“Energetika hər bir iqtisadiyyatın bel sütunudur, təməlidir. Ona görə biz, ilk növbədə, bu məsələlərlə məşğul olmağa başlamışıq. Bu gün ölkəmizin uğurlu, sürətli inkişafı bu elektrik stansiyalarının mövcud olması ilə sıx bağlıdır. Biz indi sənaye istehsalımızı, iqtisadi gücümüzü artırırıq. Yeni müəssisələr, yeni yaşayış kompleksləri yaradılır, əhali artır. Biz bunların hamısını nəyin hesabına enerji ilə qidalandıra bilərdik?! Ona görə, ilk növbədə, bu məsələ həll olundu. Növbəti illərdə əminəm ki, biz elektrik enerjimizdən daha səmərəli şəkildə istifadə etməliyik və bərpa olunan enerji növlərinin inkişafı ilə bağlı addımlar atılacaq”, – İ. Əliyev söyləyib.

Müstəqil.Az

Share: