Ermənilər indi də nəyə görə bolşeviklərə nifrət edir? – Səbəb

Tarixə nəzər yetirsək görərik ki, Rusiya dövləti türk Qızıl Orda imperiyasının qalıqları üzərində qurulub və həmişə başda İngiltərə, Vatikan olmaqla, Qərb tərəfindən Osmanlı imperiyasına qarşı yönəldilib. Tarix boyu Osmanlı-Avropa müharibələrinin vuran əli Rusiya olub.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Əhəd Məmmədli qeyd edib. O bildirib ki, hər zaman protestan və katolik Qərb pravoslav Rusiyadan Osmanlıya qarşı maşa kimi məharətlə istifadə edib:

“Ruslar bunu anlayanda isə artıq gec oldu. Onlar hətta öz imperiyalarını da itirməkdə idilər, lakin, Lenin və Trotski rus imperiyasını başqa adla qoruyub saxlaya bildi. Stalin isə dünyanın hegemonuna çevrildi. Osmanlı Rusiya ilə dostluq etməsi isə həm iki imperiyanın, həm də regionun xeyrinə olub. Əksi baş verəndə bundan xeyir götürən ancaq Qərb olub”.

Politoloq vurğulayıb ki, ermənilər indi də bolşeviklərə ən çox ona görə nifrət edirlər ki, məhz Sovet Rusiyası və Türkiyə Cümhuriyyətinin bağladığı müqavilə əsasında Qarabağla Naxçıvan Azərbaycanın ərazisi kimi tanındı:
“Hamımıza məlumdur ki, o dönəm Rusiya ilə Türkiyənin dostluğu, müttəfiqliyi nəticəsində bu baş verdi.
İndi də ermənilərin ən çox qorxduğu, istəmədiyi Rusiya-Türkiyə dostluğu, ittifaqıdır. Rusiyadakı erməni lobbisi bütün vasitələrə əl atır ki, bu baş verməsin. Bütün bunlardan irəli gələrək əminliklə söyləmək olar ki, Türkiyə-Rusiya dostluğu Azərbaycana sərf edir.

Türkiyə-Rusiya dostluğunun Qarabağ məsələsini donduracağına eyham vuranlara demək istəyirəm ki, illərdir Türkiyə-Qərb dostluğu Azərbaycana nə xeyir verdi ? Bəlkə Qarabağ məsələsində bir xeyir gördük. Bu məsələlərin heç birində Azərbaycan irəliləmədi, əksinə gerilədi”.

Politoloqun sözlərinə görə, Suriyada rus qırıcılarına məlum hucumdan sonra bəziləri həm Azərbaycan, həm Rusiya, həm də Ermənistanda məqamdan istifadə edib irəli atılaraq başladılar sübut etməyə ki, Türkiyə-Rusiya müttəfiqliyi mümkün deyil:

“Bu gün rus jurnalistləri ilə görüşdə Putin bu haqda Ərdoğanla danışdığını və bu hücumda Türkiyənin günahı olmadığını bildirdi. Səfirə suiqəsd, rus hərbi bazasına hücum və gələcəkdə buna oxşar hadisələr hələ çox baş verə bilər, lakin, bu cür provakasiyalarla Türkiyə ilə Rusiyanın arasını vurmaq elə də asan olmayacaq. Çünki bu iki dövlətin başında ölkələrini sevən və nə etmək istədiklərini yaxşı bilən iki müstəqil lider durub”.

Firuzə

Share: