Dünyanın ən füsunkar adası və dənizin dibindən gələn zəng səsi – FOTOLAR

Sloveniyanın şimalında, Alp dağlarının ətəyində yerləşən Bled gölü və gölün ortasındakı Bled adası görənləri məftun edir.

Paytaxt Lubliyananın yaxınlığında yerləşən bu göl və ada Sloveniyaya aşiq olmağınız üçün əla səbəb ola bilər. Bura gələn insanları təbiəti ilə sehrləyən Bled adası təmiz havası, yamyaşıl dağ mənzərəsi ilə sizə özünüzü röyalar aləmində hiss etdirəcək.

Qədim insan izlərinin rast gəlindiyi bu adanın buzlaşma dövründə yarandığı təxmin edilir. 745-ci ildə paqanizmdən xristianlığa keçid alan adada inşa edilmiş 99 pilləli kilsə haqqında maraqlı inanclar və rəvayətlər də mövcuddur.

Məsələn, yeni evlilik zamanı bəy gəlini 99 pillə ilə səssizcə daşıya bilsə, bunun onlara xoşbəxtlik gətirəcəyi düşünülür. Həmçinin adanı ziyarət edənlər tez-tez uğur gətirməsi üçün kilsə zənglərini çalırlar.

Tarixi XI əsrə dayanan qədim Bled qalasının əfsanələrindən biri isə belədir:

XVI əsrdə qala Hartman Kreykx adlı şəxs tərəfindən idarə olunurmuş. Onun səssiz-səmirsiz yoxa çıxmasından sonra həyat yoldaşı bütün gümüş və qızıllarını toplayaraq ərinin xatirəsinə kilsə üçün zəng hazırlatmışdı. Ancaq zəngi adaya daşıyarkən fırtına qayıqçıları və zəngi suyun dibinə qərq etmişdi.

Bu hadisədən xəbər tutan Papa kilsə üçün zəng hədiyyə etmişdi. Deyilənə görə, hələ də küləkli günlərdə suyun dibinə qərq olmuş kilsə zənginin səsi eşidilir.

Share: