Dünya ilə caz dilində danışmaq – Aydın Talıbzadə yazır…

Kulis.az Aydın Talıbzadənin “Dünya ilə caz dilində danışmaq” adlı yazısını təqdim edir.

Bizə hər zaman elə gəlir ki, yolu özümüz gedirik. Amma yox: bu, qətiyyən belə deyil. Sadəcə, bir aldanışdır bu; yanlış qavrayışdır, səhv təsəvvürdür. Əslində, bizi aparırlar, uşaq kimi əlimizdən tutub daim harasa aparırlar, bəzən tumarlaya-tumarlaya, bəzən sürüyə-sürüyə, bəzən öyə-öyə, bəzən döyə-döyə, bəzən də lap söyə-söyə aparırlar, kainatın, dünyanın, cəmiyyətin labirint və tunellərindən gah ağladıb, gah güldürüb aparırlar…

Sonucda şaşırıb heyrət içində heykəl kimi quruyursan: quruyub məəttəl-məəttəl özündən soruşursan ki, axı necə olub mən bura gəlib çıxmışam; mən ki tamam ayrı bir yerə getmək istəyirdim?!

Onda adi, gündəlik həyat sənin gözündə möcüzəyə dönür…

Onda anlayırsan ki, keçdiyin yol bir tək sənin yolundur: sənin üçün sifariş edilib, sənin üçün planlaşdırılıb; heç bir bəhanə, şikayət qəbul olunmur…

Onda tanrıya şükranlıqda bulunub, taleyə boyun əyib razılaşırsan ki, bundan yaxşısı yoxdu, bundan yaxşısı ola da bilməzdi: optimal variant elə budur sənin üçün…

Çox-çox əvvəllər mən heç ağlıma da gətirməzdim ki, ömrümün yazı yollarından biri Vaqif Mustafazadəyə doğru uzanıb gedə bilər.

Heç yatıb yuxumda da görə bilməzdim ki, bir gün gələcək və mən bu fantastik istedad sahibi barəsində caz qəlibində “bəstələnmiş” bir monoqrafiyanı ruscadan dilimizə çevirəcəyəm və hətta həmin əsər üçün bir “Tərcüməçi sözü” fikirləşmək niyyətində bulunacağam.

Çünki ikiqat ola-ola, ilan kimi qıvrıla-qıvrıla, bəzən boy verib dartına-dartına, bəzən kiçilib yastılana-yastılana pianonun şirmayı dillərini gah ustufca, gah da dəlicəsinə dınqıldadan Vaqif Mustafazadəni teleekranda göstərəndə atam əsəbiləşərdi, səsini yüksəldərdi ki, televizoru söndürün! Onun xoşu gəlmirdi Vaqifin allı-güllü rəngbərəng köynəyindən, genbalaq dama-dama şalvarından, saçaqlanan qapqara lopa bığlarından, saçının vız qıvrımlarından, pianodan çıxardığı qatmaqarışıq sədalardan və bir də “Sevil”in oxumalarından…

Mən atamın önəm verdiyi dəyərlərin mötəbərliyinə inanardım, atamın rəyini dəstəkləyərdim, onun repressiv münasibətini örnək götürüb yanaşardım dahi pianoçunun caz “hoqqabazlığına” və hər dəfə küçədə Mustafazadə ilə rastlaşanda şübhə dolu nəzərlərlə boylanardım bu insana tərəf. Boylana-boylana düşünərdim ki, kim nə deyir, desin, amma bu adam, həqiqətən, heç kimə bənzəmir…

Ol səbəbdən Vaqif Mustafazadə mənim aləmimdə bir ekzotika idi, bir sirr idi, naməlum, qeyri-adi bakılı idi, izaha gəlməyən anlamsız hadisə idi…

Mən belə bir cür, belə bir təhər qohum-yad musiqi ifa edən şəxsin niyyətini, amalını, mövcudluq tərzini, başqaları arasında görünmə üslubunu özümə aydınlatmaq istəyirdim; fəqət bacarmırdım…

Ekstravaqant Vaqifi təsadüfən digər ekstravaqant Vaqif “kəşf elədi” mənim üçün – İbrahimoğlu Vaqif…

Onlardan biri muğamla cazın, digəri etnoteatrla Avropa avanqardının ideal sintezini tapmağa, sinerji yaradacaq təmas nöqtələrini aşkarlamağa çalışırdı.

Ötən əsrin 70-ci illərinin sonunda, yəni hələ tələbə ikən milli teatr genomunun sorağında bulunan İbrahimoğlu Vaqifin yanına tez-tez gedirdim fəlsəfə, sənət, elm barəsində heç yerdə eşidə bilməyəcəyim söhbətlərə qatılmaq, mübahisələrdə iştirak etmək, hətta sərbəst fikir yürütmək şərəfinə çatmaqdan ötrü…

Bir gün yenə gəldim Tədris teatrına: qapını yavaşca araladım ki, keçəm onun kabinetinə; gördüm Vaqif masasının qütblərindən ikiəlli yapışıb, gözlərini yumub, qafasını çəkib çiyinləri arasına, yerindəcə çiliklənə-çiliklənə yırğalanır. Handan-hana qapı ağzında gözlədiyimin fərqinə varınca, sol əliylə işarə elədi ki, əyləşim.

Əyləşdim.

Vaqifi gözlədim: onun qəribəliyinə baxa-baxa bu qəribə çalğını da, köhnə əziz bayatıları zümzümə edən xanəndənin doğma səsini də dinlədim.

Musiqi bitdi.

Vaqif İbrahimoğlu melodiyanın cəzbindən qurtuldu, gerçəkliyə qayıtdı. Filtrsiz “Avrora” siqaretindən birini götürüb barmaqları arasında ehmalca eşə-eşə xışıldatdı, xışıldatdı və bir xeyli susdu. Sonra kibrit qutusunu aldı əlinə, siqaretini fikirli-fikirli damağına qoyub odladı, acgözlüklə dolu-dolu sümürdü, ordlarını şişirdib durdu və aşırı bir həzzlə tüstünü bayıra üfürə-üfürə dedi: “Aydın, Vaqif Mustafazadə muğamı dünyəviləşdirdi, onu dünya dillərinə tərcümə elədi: muğamı XX əsrə tərcümə elədi. Evdə qulaq asıb görərsən; görərsən ki, Vaqif Mustafazadə ilə Hacıbaba Hüseynov nə cür ustadlıq eləyiblər “Bayatı-Şiraz”da; yaranışı musiqi diliylə, sözlə necə modelləşdiriblər, Şərq təfəkküründən Qərb təfəkkürünə necə lağım atıblar”.

Həmin gün Vaqif İbrahimoğluya söyləmədim xanəndə Hacıbaba Hüseynovun mənim dayım olduğunu: utandım ki, ailə içində belə bir musiqi möcüzəsindən gec xəbər tutduğuma görə məni məzəmmət eləyər…

Rejissor İbrahimoğlu pianoçu Mustafazadənin fenomenal çalğısının əsas şifrələrini bir-iki cümlə ilə məndən ötrü fors-major rejimində yığdı və mən də dövrün avanqard musiqisinə bu şifrələrlə yaxınlaşıb sim-simə “açıl” dedim.

O oldu, bu oldu, Vaqif Mustafazadənin caz-muğam qalaktikasının zəvvarına çevrildim. Bir də hiss elədim ki:

“Mart”ı dinləyərkən gilənar çiçəklərinin içində bardaş qurub əyləşmiş baharı salamlayıram və haradasa lap yaxında gümüşü damcılar sırsıralardan sıyrılıb dəyir asfalta;

“Bakı gecələri”ndə romantik bir ovqata köklənib bulvar fəzasını addım səslərilə naxışlaya-naxışlaya “Düşüncə” dənizində qərq oluram;

“Qafqaz” məni “tutub” dağların zirvəsinə çəkir və pərqu buludlar üstündən ulduzlarla görüşdürür;

“Tənhalıq” bürüyür məni İçəri Şəhərdə lal, qoca, çopur Qala divarlarının seyrinə dalınca;

Xəzərin sahilində ləpələrə ləpir salıb “Fantaziya” ilə göylərə qalxıram və bir səma dərvişi kimi enirəm “Şirvanşahlar sarayı”na; yuxusuz gözlərimlə “Səhər”i aça-aça “Muğam”la qüsl eləyib Seyid Yəhya Bakuvinin xanəgahı qarşısında zikr sözlərini pıçıldayıram…

Bu dəfə artıq özüm “kəşf eləyirəm” ki, Vaqif Mustafazadə Azərbaycan milli musiqisinin haradasa Səttar Bəhlulzadəsidir: onun caz-muğam improvizlərində Səttar tablolarında olduğu kimi rənglər “halay vurub” yaşantıları rəqsə gətirir; bir səs müxtəlif boyalarla süslənib al-əlvan geyimlərdə zühur edir, yağış nohurlarında atılıb-düşüb akvarelləşir.

Bu dəfə artıq özüm “kəşf eləyirəm” ki, Vaqif Mustafazadə milli musiqidə qavrayış modellərini, mental paradiqmaları dəyişdiyindən, muğamı inanılmaz yeni modulyasiyalarda təqdim etdidyindən geniş xalq kütləsi caz dahisini duyub anlaya bilməmişdi.

Bu dəfə artıq özüm, Kortasarsız-filansız, “kəşf eləyirəm” ki, “caz təkcə musiqi deyil”, sənin fikirlərinin, emosiyalarının sərgüzəştidir, həyatının təsəvvür macərasıdır, əfsanəvi kinolentidir: cazda yaşayırlar və ölürlər; o, özünüifadə modusudur, bədən imtina edənə qədər ruhu səsə çevirmək, ruhu səslə göstərmək əqidəsidir.

Caz cənnətə diriykən varmaq təcrübəsidir.

Caz insanlara azadlığı musiqi ifa oluna-oluna bağışlamaq ənənəsidir.

Təbii ki, Vaqifin erkən ölümü yandırır məni: ancaq onu itirmirəm; caz mifokonseptinə həmişəlik bağlanıram. Bu insanın musiqisindən aldığım təəssüratlar, duyğularımda qaçışan yaşantılar yaddaşıma həkk olunur.

Və sonra yenə bir gün, yenə Vaqifi dinləyə-dinləyə, yenə Vaqifi düşünə-düşünə gözlənilmədən qəribə bir hayku düşüncəmdən düşüb qonur sətirlərə:

Bəzənib Afrika zəncisi kimi

muğam üstündə caz oxuyur

bu Bakı bağlarının şinəbubu.

Vaqif Mustafazadənin simvolik obrazını ruhum məhz bu cür görür: “Bakı bağlarının şinəbubu” plastikasında. Hətta indinin özündə də heyrətlənirəm: əcəb oxşayır, əcəb konkretdir, əcəb ekstravaqantdır!!! Bu ifadə mifi, fantaziyanı, gerçəkliyi, zarafatı bir-birinə qarışdırıb caz frazası kimi səslənir bu şeir içində…

Haykunu yazarkən təsəvvür eləmirdim ki, mən pianonun dillərini Vaqifin çaldığı melodiyaların “montaj qayçısı” adlandıracağam və söyləyəcəyəm ki, yapon şairləri təbiətin montajı vasitəsilə ovqatın təbiətini görükdürürdülər. Vaqif isə ayrı-ayrı melodiyaların, musiqi frazalarının “montajı” ilə füsunkar bir ovqat “filmi çəkirdi”: səslərlə mənzərəni, duyğusal yaşantını ilğım-ilğım gətirirdi təsəvvürə; çalırdı, çalırdı və qəfildən “burulub” bu görüntünün ideyasına, simvoluna, fəlsəfəsinə doğru yol gedirdi; gedib də istədiyinə çatan andaca geri dönürdü; dönüb də görüntünün daha parlaq variantını tapırdı və onun caz nağılını danışırdı.

Haykunu yazarkən təsəvvür eləmirdim ki, mənim Vaqif Mustafazadə ilə daha bir qiyabi görüşüm olacaq və bu görüş növbəti dəfə musiqişünas Rauf Fərhadovun caz ustadına həsr etdiyi tədqiqatı vasitəsilə gerçəkləşəcək. Təsəvvür eləmirdim ki, Raufun əsərindən yetərincə təsirlənib də onun yüksək musiqişünas mədəniyyəti sərgiləyən bu risaləsini “az-saz-caz tədqiqat” adı ilə kodlaşdıracağam.

“Vaqif Mustafazadə: əfsanəsi, həyatı, tarixi, yaradıcılığı” adlı monoqrafiya mükəmməl bir araşdırmadır: Rauf Fərhadovun bəstəkar, pianoçu Vaqif Mustafazadəyə bədii-publisistik və elmi-nəzəri mülahizələrlə “ucaltdığı” bir yazı abidəsidir. Burada hər şey caza “bürünüb”, cazın dumanı içindədir: Bakı da, İçəri Şəhər də, Şirvanşahlar sarayı da, Qala divarları da, Pərviz Rüstəmbəyov da, Tofiq Quliyev də, Vaqif Mustafazadə də, Rafiq Babayev də, Vaqif Səmədoğlu da, hətta möhtəşəm Qara Qarayev də. Yəni dediyim bu ki, kitab cazla “nəfəs alır”: müəllif cazı yelkənli bir gəmi kimi “üzdürür” Azərbaycanın musiqi dənizində.

Tədqiqatda Azərbaycan musiqisi tarixdir, muğam – fantastik yaddaş, piano – müasir həyatın tükənməz improvizlərini obrazlaşdıran bədii dil sistemi, Vaqif Mustafazadə – dünya caz panteonunun əfsanəvi personajı, ənənə üfüqlərini ənənə yarada-yarada genişləndirən devrimçi.

Müəllif virtuoz Vaqifin şəhər fəvvarələri qədər şux, şad, havalı və kövrək çalğısını şərtləndirmiş amilləri bir mozaika şəklində öz monoqrafiyasına yığır: onun yaradıcılıq portetini müxtəlif həyat və sənət faktorlarının sintezində rəsm edir; Vaqifi dahi Vaqifə çevirən səbəbləri təsbeh daşları kimi sıraya düzür. Məlum eləyir ki, Mustafazadə şəxsiyyətinin musiqi fantaziyalarının, improviz şedevrlərinin təməlində onun anası pianoçu Zivər xanımın fenomenal “Bayatı-Şiraz” ifası, Qala divarlarını yalayıb döngələrdə zümzümə edən Xəzri küləyi, İçəri Şəhərin küçələrində gəzib dalanlarda meyxana söyləyən qədeşlik, mükəmməl konservatoriya təhsili, Bakını sevmək sənəti, relyefi və güzəranı muğamın özü kimi qavramaq bacarığı, mühit üçün səciyyəvi koqnitiv vəziyyətlər, caz standartları, bossa nova janrında folklor və caz pıçıldaşması, Tofiq Quliyevin, Bill Evansın, Con Koltreynin musiqi təfəkkürü və suları neft qoxuyan Xəzər boyda qeyri-adi bir istedad dayanır.

Sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının aparıcı eksperti Rauf Fərhadov bir alim səriştəsilə Vaqif Mustafazadənin həyat və yaradıcılığının hadisələrini musiqi kompozisiyalarının poetika çətiri altında, dünya caz tarixi müstəvisində sistemləşdirib təhlilə çəkir, yozur, mükəmməl bir təsnifata imza atır. Odur ki, Rauf Fərhadovun bir caz-simfoniya kimi strukturlaşdırdığı “Vaqif Mustafazadə: əfsanəsi, həyatı, tarixi, yaradıcılığı” adlı elmi monoqrafiyasını:

… mütləq özünüz oxuyun və dediklərimə şahidlik eləyin…

… mütləq özünüz oxuyun və Bakı ilə pianoçu Vaqifin necə bir ayrılmaz, bölünməz vəhdətə gəldiyinə, bir-birində necə “əridiyinə”, necə ümumbəşəri dəyərə çevridiyinə şahidlik eləyin…

… mütləq özünüz oxuyun və caz musiqisinin Azərbaycan folkloruna qoşularaq zaman içrə cızdığı yollar ehtişamına şahidlik eləyin…

… mütləq özünüz oxuyun və mənim bir tərcüməçi deyil də, stalker missiyasına iddialı olduğuma şahidlik eləyin…

… mütləq özünüz oxuyun və bir daha şahidlik eləyin ki, Azərbaycan musiqisi təkrarsız, bənzərsiz və fenomenaldır!!!

Share: