“Dünya biləcək ki, Molla Pənah kimi eşq şairinin yatdığı torpaq indi erməni işğalındadır…” – Ərdoğanın baş müşaviri ilə MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, dünən Nizami Kino Mərkəzində “3-cü Türk filmləri həftəsi”nə start verilib. Tədbirdə Türkiyə Prezidentinin baş müşaviri, keçmiş mədəniyyət və turizm naziri Yalçın Topçu da iştirak edib.

Yalçın Topçu A24.az-ın bir neçə sualını cavablandırıb.

“Bu xaincə, alçaqca işağala mütləq son veriləcək…”

– Yalçın bəy, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə son görüşünün Qarabağ münaqişəsinin həllində müsbət təsiri olacağına ümid edə bilərikmi?

– Tədbirin açılışındakı çıxışımda Şuşanın, Laçının, Ağdamın adını çəkdim və bu da səbəbsiz deyildi. Bir gün üçrəngli Azərbaycan bayrağı adlarını saydığım yerlərdə mütləq dalğalanacaq. Bütün dünyanın gözü önündə xaincə, alçaqca baş verən işağala son veriləcək. Qarabağ torpaqlarının tamamı qeyri-şərtsiz əsl sahibi olan Azərbaycana geri qaytarılacaq. Və o gün uzaqda deyil.

Ulu öndər Heydər Əliyev “Bir millət, iki dövlət” deyirdi. Mən isə deyirəm ki, bu millətləri bir ev kimi düşünək və o evin içində 5-6 qardaşın olduğunu fərz edək, ancaq qardaşlardan ikisi əkizdir. Həmin əkizlər çox fərqli sevgiylə bağlı olurlar bir-birlərinə. Azərbaycanla da Türkiyə Tanrı dağından enən bir millətin eyni ruhlu əkiz qardaşlarıdır.

Bütün dünya bilsin ki, Bakının əlinə tikan batsa, Ankara ürəyində hiss edir, Ankaranın da əlinə tikan batsa, Bakı ürəyində hiss edir. Azərbaycanın sevinci sevincimiz, kədəri də kədərimizdir. Qarabağ Bakının məsələsi olduğu qədər həm də Ankaranın məsələsidir. İnşaallah, o düşüncəyə çatacağıq ki, Qarabağ Ankaranın məsələsi olduğu qədər 1 milyard 700 minin də məsələsi olacaq.

“Bakıya vurulan hər zərbə Ankaraya da vurulur…”

– Sizcə böyük güclər Qarabağ münaqişəsinin həllində nəyə görə maraqlı deyillər?

– Əgər Bakı Qarabağdakı bu alçaq işğalla tərbiyə edilməzsə, enerjisini oraya sərf etməzsə, Ankara PKK, FETÖ, PYD kimi terror örgütləri ilə məşğul edilməzsə, Bakı və Ankara da olduğu nöqtədən daha üst səviyyəyə çıxsa, o zaman bu dünyadakı savaşların tamamı bitər. Ona görə də imperialist  qüvvələr Bakını Qarabağla, Ankaranı bölücü terrorla məşğul edir. Biz bunu anlamalıyıq ki, Bakıya vurulan hər zərbə Ankaraya da vurulur. Ankaranın güvənliyi Bakıdan, Bakının güvənliyi də Ankaradan başlayır.

İki uzun adamımız var, biri Bakıda, biri Ankarada. Həmin o iki uzun adam da hər getdikləri ölkələrdə bunu dilə gətirir və gətirəcək də. Hörmətli İlham Əliyev Ərdoğanın olmadığı yerlərdə “Türkiyə burda yoxdur, amma mən varam” deyib Türkiyəni müdafiə edir. Sayın Ərdoğan da Azərbaycan üçün eyni şeyi deyir: “Ermənistana səslənirəm, Qarabağdakı haqsız işğala son vermədikcə, sizinlə olan münasibətlərimiz əsla düzəlməz”. Bu iki uzun adamın sayəsində əkiz qardaşların münasibətləri çox yaxşı gedir. Bütün sahələrdə əla nöqtədəyik və belə də davam etməliyik.

“Molla Pənah kimi eşq şairinin yatdığı torpaq indi erməni işğalındadır…”

– Bu yaxınlarda açılışını etdiyimiz Bakı-Tiflis-Qars layihəsi iki qardaş dövlət arasındakı mədəni əlaqələrə nə kimi müsbət təsir göstərəcək?  

– Həmd olsun ki, gəldiyimiz bu nöqtədə hər iki prezidentin uyumu bütün sahələrdəki əlaqələrimizin sıxlaşmasına səbəb olur. Bir-birimizə duyğusal göndərmələrdən də irəliyə keçmiş vəziyyətdəyik. Bakı-Ceyhan boru xəttinin, Bakı-Tiflis-Qars layihələrinin açılışı oldu. Daha bir yeni layihəyə start verildi, Çindən qalxan yük Londona 15 günə gedəcək. Bu da o deməkdir ki, insanlar bir-birini tanıyacaq, mədəniyyətlərini, adətlərini tanıdacaqlar. İnsan tanımadıqlarının düşmənidir, insanlar da tanıdıqca görəcəklər ki, Azərbaycan necə möhtəşəm sənətlə, şeirlə, insani xüsusiyyətlərlə iç-içədir. Görəcəklər ki, Azərbaycan Türklərinin sənəti, mədəniyyəti, rəssamı, şairi, dövlət adamı, qəhrəmanı, musiqiçisi var. Hər kəs biləcək ki, Azərbaycanın Molla Pənah Vaqif kimi eşq şairi var və həmin sevgi şairinin yatdığı torpaq indi erməni işğalındadır. Bütün dünya bunu biləcək. Nəticədə də haqqımızda söylədikləri xoşagəlməz sözlər boşa çıxacaq. Biz insanlığa sevgi, iş aparacağıq.

Bunlar çox önəmli məsələlərdir və artaraq davam edir, etməlidir. Bizim mədəni əlaqələrimizin daha da sıxlaşması lazımdır.

“Ankarayla Bakının münasibətləri bütün dünyaya ədalət gətirəcək…”

– Azərbaycan-Türkiyə birliyi çox ölkəni qorxudur. Bu birlikdən, həqiqətən də qorxmaları lazımdırmı?

– 1925-də Bakıda ortaq əlifbaya keçmiş olsaydıq, indi çox fərqli şeylər olmuş olacaqdı. Amma o gün önünü kəsmişlər. O üzdən tarixə baxıb, tarixi səhvlərdən nəticə çıxarıb doğru olanı etsək, tarix təkrarlanmaz. İndi doğru olanı etməliyik və doğrunu etdiyimizə də əminik.

İqtisadiyyatda bərabərik, siyasətdə bərabərik, mədəniyyətdə bərabərik, bu birlikdəlikdən də böyük güc doğur. Həqiqət budur ki, Bakı ilə Ankaranın bir olmasından Moskva da, Berlin də, Paris də, Madrid də, Nyu-York da qazanar. Ankarayla Bakının münasibətlərinin yüksək olması dünyadakı bütün yaxşı insanlara güvənlik, rifah, ədalət gətirəcək. Bunu onlar da bir gün mütləq anlayacaqlar.

“Şah İsmayılla Yavuzu bir an əvvəl barışdırmalıyıq…”

– Türkiyə ilə Azərbaycanın əl-ələ verib Şah İsmayıl Xətai haqqında möhtəşəm film və ya serial çəkməsi mümkün olarmı?

– Şah İsmayıl haqqında film çəkilməsi mənim xəyalımdır. Mən anidən siyasətin içinə düşmüş insan deyiləm, 15-16 yaşından Türküstan dünyası ilə bağlı xəyalları, dərdi olan biriyəm. Mənim Türkiyədə ilk dəfə nəzarətlə tanışmağım “Kərkük türkdür, türk qalacaq” yazısını yazarkən olub. Onun üçün də mən istəyirəm ki, bizim mədəniyyətimizin hər bir dəyərini bir-biriylə barışdıraq. Məsələn, Teymurla Yıldırımı, Şah İsmayılla Yavuzu bir an əvvəl barışdıraq.

Bunun yolunu, yöndəmlərini tapmalıyıq. Bütün bunların olması üçün də elm ürətmək lazımdır. Bizim mədəniyyətimiz deyir ki, qiyamət qopsa belə, əlindəki fidanı yerə ək. Bizim çevrə düşüncəmiz olmalıdır. Bizdə qadın haqları bütün dünyadakı qadın haqlarından da ən üst səviyyəyə çıxmalıdır. Çünki bizim mədəniyyətimiz deyir ki, cənnət qadının ayaqları altındadır, başqası bunu demir. Uşaq haqları da bizimdir, çünki peyğəmbərimiz bir uşağın quşu öldüyü üçün ona başsağlığı verməyə gedir. Heyvan haqları da bizimdir. Ölən quşa görə sahibinə başsağlığı verən də bizim peyğəmbərimizdir. Bütün bu haqların üzərində durmalıyıq, bizə unutdurulmuş bunları yenidən gündəmimizə almalıyıq. Buna görə də bir-birimizə daha çox bağlanmalıyıq, daha çox ziyarət, səyahət, ticarət etməliyik, bir-birimizdən qız alıb-verməliyik.

Rumiyyə MİRASLAN

Share: